QƏRBDƏN EDİLƏN DİQTƏ İLƏ ERMƏNİSTAN KÖNÜLLÜ ŞƏKİLDƏ AZƏRBAYCANA, RUSİYAYA VƏ İRANA QARŞI PLATSDARMA ÇEVRİLİR

Kənar qüvvələrin diqtəsi ilə indi daha çox hərəkət etməyə üstünlük verən  Ermənistan regionda sülhün əldə olunmasını ləngitməkdə davam edir. Burada daha bir təhlükəli məqam ondan ibarətdir ki, həmin qüvvələr regionda Ermənistan vasitəsilə yeni qarşıdurmaların yaranmasına, bölgənin qanlı ziddiyyətlərdən xilasının qarşısını almağa can atırlar. Məhz bu kontekstdə Ermənistanın revanşizmə təşviq edilməsi, onun silahlandırılması son dövrlərdə daha intensiv xarakter almaqdadır.

Təəssüf doğuran hal həm də odur ki, sözügedən prosesdə Qərbi təmsil edən müəyyən ölkələr xüsusi fəallıq nümayiş etdirirlər. Halbuki, sabit və əməkdaşlıq mühitinin hökm sürdüyü Cənubi Qafqazın mövcudluğu Qərbin də maraqlarına tam cavab verir. Xüsusən də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Cənubi Qafqazın, xüsusən də Azərbaycan və Gürcüstanın əhəmiyyəti davamlı şəkildə yüksəlir. Eyni zamanda alternativ nəqliyyat dəhlizləri baxımından da region Qərb üçün çoxsaylı üstünlüklər vəd edir.

Regionda sabitliyin hökm sürməsi Qərbin digər istiqamətlər üzrə də təhlükəsizliyi üçün önəmli xarakter daşıyır. Ancaq bunlara rəğmən, bəzi Qərb ölkələrinin regionla bağlı siyasəti destruktivizm üzərində qurulub, əməkdaşlıq münasibətlərinə xələl gətirir. Mövcud vəziyyətdə onların istifadə etməyə çalışdıqları əsas vasitə Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına əngəl yaratmaq, perspektivdə isə erməniləri iki ölkə arasında yeni silahlı münaqişəyə sövq etməkdir. Bu halın Ermənistanın maraqları və mövcudluğu üçün daban-dabana ziddiyyət təşkil etməsinə baxmayaraq, sözügedən ölkə regionda dağıdıcılıq mövqeyindən çıxış edənlərin diqtəsilə hərəkət etməkdədir. Elə bu da rəsmi İrəvanın antisülh fəaliyyətinin motivlərini izah edir.

Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarı kimi çıxış etsə də, Ermənistanın fəaliyyəti buna imkan vermir. Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir. Təbii ki, bütün bunlar sülhə xidmət etmir.

Hadisələrin inkişaf axarı göstərir ki, indi müəyyən Qərb ölkələri, həmçinin onların diqtəsi və təşviqi ilə Hindistan tərəfindən Ermənistanın silahlandırılması getdikcə daha geniş vüsət alır. Lakin Azərbaycan ən yüksək səviyyədə xəbərdarlıq edib ki, Ermənistanın və digər hər hansı qüvvənin ölkəmiz üçün yaratdığı təhdid tələb olunduğu vaxt yerindəcə məhv ediləcək.

Ermənistanın regionda dağıdıcı fəaliyyətindən ciddi narazılıq edən tərəflərdən biri də qonşu Rusiyadır. Buna səbəb oldur ki, konkret Qərb ölkələri, xüsusən də Fransa Ermənistanı Rusiyaya qarşı yeni platsdarma çevirməyə can atırlar. Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov  “RİA Novosti” agentliyinə müsahibəsində vurğulayıb ki, Ermənistanın xarici siyasəti narahatlıq doğurur, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır. Rəsmi Moskva onu da açıq mətnlə bəyan edir ki, Qərb tərəfindən Ermənistanın Rusiya qarşı vasitə kimi istifadəsinə edilən cəhdlərin sayı artır.  Mixail Yevdokimov  bununla bağlı qeyd edir: “Vaşinqton və onun müttəfiqləri istənilən addıma, hətta marionet hökumətlər vasitəsilə Rusiya ətrafında münaqişə ocaqlarını qızışdırmağa hazırdır. Belə müdaxilələrdən biri Avropa İttifaqının Ermənistandakı missiyasıdır. Kanadadan “ekspert”in qoşulması ilə missiya faktiki olaraq şübhəli məqsədləri olan NATO əməliyyatına çevrilib. Bu missiyanın Qərbin hibrid müharibə aləti olmasını onun gizliliyi, nə Ermənistanın, nə də Azərbaycanın nəzarətində olması təsdiqləyir. O, faktiki Azərbaycana, İrana və Rusiyaya qarşı kəşfiyyat məlumatları yığır”. Bütün bunlar Ermənistanın regionda kənar diqtə ilə həyata keçirdiyi fəaliyyətin daha geniş miqyasda dağıdıcılığa hesablandığını göstərir. Ancaq bu halın Ermənistanın özünün varlığı üçün böyük təhlükə olduğu da aydın sezilir.