AZƏRBAYCAN BÖLGƏDƏ DAVAMLI SÜLHÜN TƏMİN OLUNMASININ TƏRƏFDARIDIR

Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin daha da inkişaf etdirilməsi yeni dövrdə qarşıda duran əsas məsələlərdən biridir və bu daima hər iki dövlətin başçılarının diqqət mərkəzindədir. Prezident İlham Əliyev daim Türkiyənin Azərbaycana hərtərəfli dəstəyini yüksək qiymətləndirir və ikitərəfli münasibətlərin xarakteri xalqlarımız və ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmlənməsini tələb edir. Türkiyə ilə münasibətlərin hər zaman yüksək səviyyədə saxlanması Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasına daxildir. Bu çərçivədə ölkələrimiz regional və qlobal müstəvidə həyata keçirilən layihələrdə birgə iştirak edir, bu çərçivədə gedən siyasi proseslərdən kənarda qalmır. Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına verdiyi diqqət ilk növbədə regionda sülh və təhlükəsizliyin daha da möhkəmləndirilməsinı yönəlib. Həm Azərbaycan, həm də Türkiyə Ermənistanı regional müstəvidə sülhün tam bərqərar olması, yeni əməkdaşlıq dövrünün başlanması və siyasi, iqtisadi sahədə əlaqələrin bərpası ilə bağlı təşəbbüslərə qoşulmağa dəvət edir. Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır. Bu prosesin uğurlu alınması üçün Ermənistan bir sıra öhdəliklərini yerinə yetirməli və sülh quruculuğu prosesinə töhfə verməlidir. Ermənistan ilk növbədə öz Konstitusiyasını yenidən tərtib etməli, Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməlidir. Birincisi, bunun baş verməsi Ermənistanın özünə lazımdır. Çünki müxtəlif iddiaların əks olunduğu konstitusiya hazırki dövrdə Ermənistanın qarşısında duran əsas maneədir və Ermənistanın gələcək inkişafına mane olur. Digər tərəfdən yeni konstitusiyanın qəbul olunması Ermənistanın regional layihələrdən təcrid olunması prosesini aradan qaldırar, ölkənin siyasi, iqtisadi dirçəlişini təmin edər. Bu çərçivədə keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar da tamamilə ləğv edilməlidir. Hazırki proseslər Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını göstərir. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşündə haqlı olaraq vurğulayır ki, «əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, o zaman Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!». Çox güman ki, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. Onun yeni konstitusiyasının qəbul olunması ilə bağlı qəsdən vaxt uzatması, Fransadan və digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alması, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirməsi bunu bir daha təsdiqləyir.