Ermənistan Konstitusiya referendumunu 2027-ci ildə keçirəcək. İrəvan adminstrasiyası konsensusla qərara alıb ki, hazırda qüvvədə olan konstitusiyaya dəyişikliklər edilməsin, yenisi qəbul olunsun. İlk baxışda Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyətinin belə bir qərar verməsi artıq ölkənin yeni dövrə hazırlanması kimi qəbul edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, belə bir addımın atılması məhz Azərbaycanın təzyiqi nəticəsində baş tutur və Ermənistan öz konstitusiyasına və digər qanunvericilik aktlarını yeniləməklə Bakının tələblərini yerinə yetirmiş olur.
Ermənistan hakimiyyətin yeni konstitusiyanın qəbulu ilə bağlı formalaşdırdığı zərurət ondan xəbər verir ki, erməni cəmiyyəti bundan sonra gedəcəyi yolu müəyyənləşdirmək istəyir, cəmiyyət ideoloji boşluqdadır. 44 günlük müharibəyə qədər aşıb-daşan milli hisslər, dünya erməniliyinin meydan oxuyan çağırışlarının hamısı arxa plana keçib. Hətta son 30 ildə ermənilərin ölkəni tərketmə prosesi güclənib. Miqrasiya prosesi daha sürətli xarakter alıb. Bu mənzərə fonunda artıq o da hiss olunmağa başlayıb ki, ermənilər üçün Ermənistanın tarixi vətən olmaq prinsipi təhlükə altına düşüb.
Azərbaycanın 44 günlük müharibədə qələbə qazanması və rəsmi Bakının bu fonda regionda yeni reallıq yaratması Ermənistanı fakt qarşısında qoyub. Ermənistan məhz bundan çıxış edərək özünə yeni konstitusiya qəbuı etmək istəyir. Çünki konstitusiyanın preambula hissəsində “Miatsum”dan bəhs olunur ki, bu mənfur ideologiya Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tuturdu. İndi isə anlamağa başlayıblar ki, uzun illər erməni xalqını saxta ideologiyalarla ayaqda tutmağa çalışan bu tələblər artıq işə yaramır. Ümumiyyətlə, “Böyük Ermənistan”, “Miatsum”, “Nemezis” planları, həmçinin ASALA-nın həyata keçirdiyi terror aktları fonunda erməni gəncliyi radikal, faşist düşüncələrə yoluxub və bu ideyalar vataşırı Azərbaycana qarşı həyata keçirilən qəddar planların tərkib hissəsinə çevrilib. İndiki reallıqda isə bu qorxunc ideyaların revanşistlərin əlində alətə çevrilmək ehtimalı getdikcə güclənir və onlar gələcəkdə hakimiyyətə qarşı yönələ bilər.
Ermənistan gerbinin və bayrağının konstitusiyada verilən təsvirindən belə aydın olur ki, Ermənistan hələ də öz qonşularına ərazi iddiaları irəli sürür. Başqa bir ölkənin ərazisində yerləşən Ağrı dağının Ermənistan gerbində əks olunması Türkiyə ilə əlaqələrin normallaşdırılması prosesində əsas maneəyə çevrilə bilər. Bu məsələdə konstitusiyada 1915-ci il hadisələrinin “soyqırım” kimi təsnif olunması da əsas problemlərdən biridir.
Bir müəddət əvvəl Nikol Paşinyan 2026-cı ilin 30 dekabrına qədər yeni konstitusiyanın hazırlanması ilə bağlı tapşırıq verib. Bu, o deməkdir ki, Ermənistan rəhbərliyi ölkə konstitusiyasını sahmana salmayınca sülh sazişinin imzalanması gecikəcək. Narahat olmağa dəyməz. Çünki bu dövrdə tərəflərin Zəngəzur dəhlizindən tutmuş, sərhədlərin delimitasiya və demorkasiyasına qədər görəcəyi çox işlər var. Əgər tərəflər ona qədər qeyd edilən sahələrdə ciddi irəliləyişə nail olsalar o zaman 2026-cı ildən sonra imzalanacaq sülh sazişi yeni konstitusiyanın qəbulu fonunda daha etibarlı və faydalı olar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, əsas məsələ sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işin tezliklə başa çatdırılmasıdır. Əsas prinsiplərlə bağlı razılığın əldə edilməsi sazişin paraflanmasına, daha sonra mətn üzərində işin başlanmasına ciddi təkan verər.