Təsisçilər

1. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli, 515 nömrəli Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri cənab Fərid Şəfiyevdir. O, 2019-cu il fevralın 19-da BMTM-in sədri təyin edilib.
Mərkəzin əsas məqsədi Azərbaycanda və dünyada baş vermiş vacib beynəlxalq prosesləri təhlil etmək, beynəlxalq məsələlərə dair yüksək keyfiyyətdə araşdırma materialları və hesabatlar hazırlamaq, Azərbaycanla bağlı araşdırmaları genişləndirmək, Cənubi Qafqaz regionunda gedən proseslər və təhlükəsizliklə əlaqədar məsələləri tədqiq etmək, həmçinin müvafiq olaraq Azərbaycan Respublikasının mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılmasında iştirak etməkdir. “AIR Center” (Center of Analysis of International Relations) adı altında dünyaya açılmağı hədəfləyən mərkəz yerli və xarici beyin mərkəzləri arasında Azərbaycan və dünya ilə bağlı bir sıra beynəlxalq problemlərin həllinin müzakirəsi üçün platformadır.
Mərkəz xarici beyin mərkəzləri, təhsil müəssisələri və beynəlxalq təşkilatlarla informasiya və ideya mübadiləsi, biliklərin formalaşdırılması və yayılması və tərəfdaşlığın qurulmasını nəzərdə tutur. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi təcrübəçilərin qəbulunu, təqaüdlərin təşkilini, Azərbaycanda araşdırmaların aparılması üçün şəraitin yaradılmasını həyata keçirir. Mərkəz dəyirmi masalar, seminarlar, konfranslar təşkil edir, araşdırmalar aparır, analitik materiallar və qeydlər hazırlayır.

https://aircenter.az/az 

 

2.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli, 879 nömrəli Fərmanı ilə ölkədə aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə ilə yaradılmış publik hüquqi şəxsdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş naziridir. İİTKM-in icraçı direktoru cənab Vüsal Qasımlıdır. O, 2016-cı ilin may ayının 2-də İİTKM-in icraçı direktoru təyin edilib.
İİTKM-in fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

https://ereforms.gov.az/az

 

3.Sosial Tədqiqatlar Mərkəzi

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli, 525 nömrəli Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri cənab Zahid Orucdur. O, 2019-cu il fevralın 11-də STM-in sədri təyin edilib.
Mərkəzin əsas məqsədi Azərbaycan Respublikasında sosial tədqiqatların aparılması, o cümlədən ictimai rəyin öyrənilməsi, təhlil və proqnozlaşdırma işi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, elmi araşdırmalar aparmaq, müvafiq təhlil və araşdırmalar əsasında dövlətçilik üçün və ictimai faydalı təkliflər vermək, cəmiyyət-dövlət təmaslarını gücləndirmək və ümummilli sosial dialoqu inkişaf etdirməkdir.
STM həm dövlət institutlarını, həm də vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə ictimai-siyasi əhəmiyyət kəsb edən müxtəlif mövzularda debatlar, dəyirmi masalar, ictimai dinləmələr, konfranslar keçirir və sosial siyasət təkliflərinin təqdim olunması üçün platforma sayılır.
Mərkəz xarici elmi-akademik dairələrlə, o cümlədən beyin mərkəzləri, təhsil müəssisələri və beynəlxalq təşkilatlarla informasiya və ideya mübadiləsi aparır, biliklərin paylaşılması və yayılması istiqamətində faydalı əməkdaşlıq təsis edir. Sosial Tədqiqatlar Mərkəzi təcrübəçilərin qəbulunu həyata keçirməklə sosial tədqiqatlar sahəsində kollektiv bilik və təcrübənin artırılmasına töhfə verir.

https://stm.az/az

 

4.İnkişaf və diplomatiya İnstitutu

inkşaf və diplomatiya institutuADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (“IDD”) 2022-ci ilin 1 mart tarixində təsis edilmişdir.

Dövlət və cəmiyyət maraqlarından irəli gələn, eləcə də qlobal gündəmdə əhəmiyyət kəsb edən mövzuları tədqiq edən İnstitut akademik cəmiyyət və hökumət arasında əlaqələrin gücləndirilməsində körpü rolunu oynayır.

Xarici siyasət, diplomatiya və beynəlxalq münasibətlər, geosiyasət, təhlükəsizlik və enerji, o cümlədən, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və digər xüsusi önəm kəsb edən mövzuları araşdıran “IDD”nin fəaliyyəti onu regionun intellektual mərkəzinə çevirir.

İnstitut şəffaf, səmimi dialoq və müzakirə platforması rolunu oynayaraq müxtəlif  beynəlxalq konfranslar, seminarlar və görüşlər vasitəsilə tədqiqatçıları, ekspertləri və ictimai xadimləri bir araya gətirir.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində İnkişaf və Diplomatiya İnstitutu dinamik komandası və peşəkarlığı sayəsində zəngin portfolio əldə etmişdir. Bu fəaliyyət istiqamətləri əsasən özündə aşağıdakıları ehtiva edir:

– İxtisasartırma proqramları vasitəsilə peşəkar bacarıqların inkişaf etdirilməsi üçün təlimlər;

– Yerli və xarici müstəvidə əməkdaşlıqdan irəli gələn irimiqyaslı konfranslar;

– “Bakı Dialoqları” jurnalı vasitəsilə “Böyük İpək Yolu” regionuna dair araşdırmalar və bu sahə üzrə yerli və xarici akademik cəmiyyətin üzvləri arasında vasitəçilik.

ADA Universiteti ilə eyni tarixə – 17 illik zəngin təcrübəyə malik İxtisasartırma proqramları insan kapitalının inkişafında əhəmiyyətli rol oynayır.

2007-ci ildən etibarən dövlət və özəl sektordakı təşkilatların əməkdaşlarının peşəkar inkişafı sahəsində fəaliyyət göstərmiş İxtisasartırma proqramları 2022-ci ildən bəri İnkişaf və Diplomatiya İnstitutu nəzdində fəaliyyətini davam edir. İxtisasartırma proqramları 17 illik  təcrübəsi vasitəsilə hökumət və biznes sektorlarında fəaliyyət göstərən yerli və xarici peşəkarların əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərir

idd.az

 

5.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtə- lifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Multikulturalizm Mərkəzinin əsas məqsədidir.

Mərkəzin əsas məqsədlərindən biri aidiyyəti elmi qurumlarla əlaqəli şəkildə Azərbaycan Respublikasının müxtəlif bölgələrində qədim mədəniyyət izlərini axtarmaq (arxeoloji tədqiqatları “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil etmək), mədəni, etnoqrafik irsin toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək, təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən, şəxsiyyətin mənəvi bütöv- lüyünün həmahəng inkişafına mane olan müəyyən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr gerçəkləşdirmək və multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaqdır.

http://multikulturalizm.gov.az/az

 

6.Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) 2022-ci ilin may ayında təsis edilmiş qeyri-hökümət təşkilatıdır. CQTM-in sədri f.ü.f.d. Fərhad Məmmədovdur.
Mərkəz Cənubi Qafqazda və ətrafında cəryan edən prosesləri təhlil edir, analitik arayış və hesabatlar hazırlayır, xüsusi araşdırmalar, eləcə də qısa analitik yazılarla yerli və xarici mətbuatda çıxış edir. CQTM əməkdaşlıq etdiyi bir neçə xarici beyin mərkəzi ilə mütamadi araşdırmalar həyata keçirir, beynəlxalq lahiyələrdə iştirak edir.
Regional ölkələrin daxili və xarici siyasəti, Cənubi Qafqazla qonşu ölkələrin və regionda maraqları olan güc mərkəzlərinin Cənubi Qafqaza yönəlik siyasəti CQTM-in əsas araşdırma predmetidir.

https://cssc.az/

 

7. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi – Eldar Namazov

Eldar Namazov 1993-cü ildən 1999-cu ilə qədər Azərbaycan Respublikası Prezidentinin Katibliyinin müdiri, həmçinin Prezident Heydər Əliyevin müşaviri vəzifələrində çalışıb. 2001-ci ildən “Azərbaycan Naminə” İctimai Forumunun prezidenti vəzifəsində çalışır. Azərbaycanın xarici siyasətinin siyasi təhlilinin aparılması, milli təhlükəsizlik məsələləri, münaqişələrin həlli, ölkədə aparılan siyasi və iqtisadi islahatlar üzrə tədqiqatlar aparır. Eldar Namazov Azərbaycan Milli Məclisinin deputatı olub. Azərbaycan parlament seçkilərindən əvvəl Eldar Namazov 2005-ci ildə “Yeni Siyasət” (Yeni Siyasət – YeS) adlı müxalifət blokunun həmtəsisçisi olub. Eldar Namazov həm də Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təsisçisidir.