ŞKTR ətrafındakı vəziyyət barədə…

Aİ-Mərkəzi Asiya sammitindən sonra ŞKTR mövzusu aktual mövzuya çevrilib. Belə ki, sammitin yekununda qəbul edilən birgə bəyannamədə Kipr məsələsi birbaşa qeyd olunmasa da, dövlətlərin suverenliyi və ərazi bütövlüyü mövzusu kontekstində tərəflər öz öhdəliklərini bir daha vurğulayıblar. Bəyannamədə istinad olunan sənədlər arasında BMT Təhlükəsizlik Şurasının Türkiyənin Kiprdəki hərəkətlərini pisləyən 541 (1983) və 550 (1984) saylı qətnamələri də yer alıb. Bu qətnamələrdə ŞKTR qeyri-qanuni bir qurum kimi tanınır, adada yeganə qanuni dövlət olaraq Kipr Respublikası göstərilir.

Cari vəziyyətin ilk əlamətləri ilin əvvəlində Mərkəzi Asiya ölkələri Yunanıstanda və həmçinin Kiprdə öz səfirlərini akkreditasiya etməyə başlayarkən ortaya çıxıb. Qeyd edək ki, Kipr məsələsi Aİ üçün fundamental mövzudur və Brüssel, şübhəsiz ki, bu məqamın birgə bəyannamədə yer alması üçün Mərkəzi Asiya ölkələrində xeyli iş görüb. Kipr Aİ-nin üzvüdür və Aİ-də qərarlar konsensusla qəbul edildiyi üçün Kiprin tələbi Aİ-nin tələbinə çevrilib.

Bəyannamədə Türkiyə əleyhinə məqamlara yol verməmək olardımı?

Əlbəttə ki, olardı! Mərkəzi Asiya ölkələri, xüsusən də TDT üzvləri qətnamələri xatırlatmaqdan çəkinə, bunu ŞKTR-in tədbirdə iştirak etməməsi ilə balanslaşdıra bilərdi.

Amma belə olmadı. Bu məsələnin üzərində işləməli və Aİ-nin etirazlarına baxmayaraq, TDT strukturlarında ŞKTR-in iştirakını artırmalıyıq. Bunu Türkiyə və Azərbaycan birlikdə etməlidir.

Aİ Türkiyə və Azərbaycana deyil, sözügedən bəyannaməni imzalayan TDT üzvü olan Mərkəzi Asiya ölkələrinə şikayət edəcək. Belə olduqda isə TDT üzvü olan Mərkəzi Asiya ölkələri Avropa rəsmilərini sonsuz diplomatik müzakirə dəhlizlərindən keçirə bilərlər. Avropalı məmurlar buna öyrəşiblər, Bakı öz təcrübəsini Mərkəzi Asiyadan olan həmkarları ilə bölüşə bilər.

Türkiyə və Azərbaycan ŞKTR təmsilçilərinin TDT-də iştirakından imtina etməyəcək və nə olursa olsun ŞKTR-yə dəstək verəcək! Məhz Kiprin yunan hissəsi referendumda birləşmədən imtina edib, Türk hissəsi isə razılaşıb. Deməli, bu, yunan Kiprinin şimal hissəsindən könüllü imtina etməsi deməkdir. Aİ isə ən alçaq şəkildə Kiprin cənub hissəsini Aİ-yə qəbul edib. Bu da xristian klubunun müsəlmanlara qarşı növbəti hiyləsi idi!

Baş verənlər TDT-yə necə təsir edə bilər?

Bəli, bu, TDT üçün narahatlıq doğuran bir məsələdir. İstənilən inteqrasiya prosesi belə hadisələrdən sığortalanmayıb. Məhz belə tədbirlər bizə inteqrasiya layihələrini nəzərdən keçirməyə, boşluqları müəyyən etməyə və bu boşluqların aradan qaldırılmaq üçün tədbirlər görməyə, koordinasiya səviyyəsini yüksəltməyə imkan verir. Azərbaycan burada vəziyyətin sabitləşdirilməsində rol oynaya bilər və oynamalıdır, çünki Azərbaycan Türkiyəyə ən yaxın, müttəfiq ölkədir, TDT-nin üzvü olan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik əlaqələri isə strateji tərəfdaşlıq səviyyəsindədir. TDT-nin sədrliyin ötürüldüyü növbəti sammiti də Azərbaycanda planlaşdırılır!

Yeri gəlmişkən, bu hadisə bir çox qonşu bölgələrdən olan ekspertlərin dediyi kimi Türkiyənin TDT-nin “patronu” olmadığını nümayiş etdirir. TDT müstəqil dövlətlərin inteqrasiya layihəsidir, burada “patron”, “sponsor”, “böyük qardaş” yoxdur. Baş verən xoşagəlməz hadisə isə çoxları üçün bu məqamın göstəricisi olacaq.

Əslində, baş verənlərlər fonunda “yerdə”, yəni ŞKTR-in özündə və adadakı vəziyyətdə heç nə dəyişməyəcək. ŞKTR mövcudluğunu davam etdirəcək və Türkiyə tərəfindən qorunacaq. Bundan narahat olan hər kəs bu reallıqla barışmalı olacaq. ŞKTR-in TDT-yə tamhüquqlu üzvlüyü məsələsi gündəmdə qalacaq, lakin beynəlxalq sistemin yenidən qurulacağı vaxta qədər arxa plana keçəcək. Amma əlverişli məqam mütləq yetişəcək.