Gürcüstan–Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Logistik zəncirin əsas halqaları olan bu ölkələrin gələcəyə aydın “yol xəritəsi” var

Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərinin ünvanı kimi Azərbaycanı seçməsini simvlizə edən əsas amil iki dost, qonşu ölkənin münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır – deyə bilərik. Bu səfəri, sadəcə, diplomatik mesaj olmayıb, daha böyük məna kəsb edən siyasi qərar, iki ölkə arasında strateji tərəfdaşlığın davamlılığına verilən önəmin göstəricisi kimi qiymətləndirmək lazımdır. Məhz bu baxımdan Gürcüstan Prezidentinin Bakı səfəri həm regiondaxili inteqrasiyanın, həm də Cənubi Qafqazda sabitliyin qorunması baxımından siyasi əhəmiyyət daşıyır.

Azərbaycanın regional lider rolu yüksəlir

Birmənalı olaraq deyə bilərik ki, Gürcüstanın 6-cı Prezidentinin ilk səfəri Azərbaycanın regional lider rolunu bir daha təsdiqləmiş oldu. Gürcüstanın bu platformada etibarlı tərəfdaş olduğunu zaman özü sübuta yetirib. Prezidentlərin ikitərəfli görüşündə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, ticarət dövriyyəsinin artırılması və Cənubi Qafqazın gələcəyinə dair regional dialoq məsələləri gündəmdə olub. Əldə edilən razılaşmalar onu göstərdi ki, Tbilisi ilə Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün siyasi iradə tam formalaşıb və gələcək üçün də aydın yol xəritəsi mövcuddur.

Beləliklə, Gürcüstan Prezidentinin ilk səfərinin Bakıya yönəlməsi diplomatik protokolun incə, eyni zamanda, güclü mesaj daşıyan elementi sayılmalıdır. Bu səfər təkcə iki ölkə arasında mövcud strateji münasibətlərin təsdiqi deyil, həm də Azərbaycanın Cənubi Qafqazın indiki və gələcək taleyində oynadığı liderlik rolunun qəbul olunmuş aksiomluğunu göstərən siyasi etirafdır.

Prezident Mixeil Kavelaşvilinin Bakıya rəsmi səfərini xarakterizə edən digər önəmli məqam Gürcüstanın Ermənistan–Azərbaycan normallaşma prosesinin fonunda oynaya biləcəyi vasitəçi rolunun gündəmə gətirilməsidir. Gürcüstan rəhbərliyi dəfələrlə bəyan edib ki, regionda sabitlik və əməkdaşlıq onun da maraqlarına tam cavab verir. Azərbaycanın Gürcüstan vasitəsilə Qara dənizə çıxış imkanlarının daha da genişlənməsi gündəmdə duran məsələdir. Bu isə logistik zəncirin daha da möhkəmləndirilməsi, eləcə də alternativ marşrutların gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

İkitərəfli əməkdaşlığın sərhədləri genişlənir

Yaxın keçmişə boylanaraq qeyd etməliyik ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin əsası hələ 1990-cı illərdə, müstəqilliyin ilk illərində qoyulub. Bu münasibətlər tədricən siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlığa çevrilib. Bu gün hər iki ölkənin maraqları təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də regional və qlobal layihələrdə birgə iştirakla daha da dərinləşir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, eləcə də Bakı–Tbilisi–Qars kimi nəqliyyat və enerji layihələri bu baxımdan strateji mahiyyət daşıyır.

Təbii ki, ikitərəfli münasibətlərdə insani təmaslar, mədəni əlaqələr də az rol oynamır. Hər iki ölkədə bir-birinin diasporları mövcuddur və onlar mehriban qonşuluq, dostluq münasibətlərinin cəmiyyətə sirayət etməsində ciddi fəaliyyət göstərirlər. Xüsusilə təhsil, turizm və media sahələrində əməkdaşlıq qarşıdakı illər üçün geniş perspektivlərdən xəbər verir.

Bunu əminliklə deyə bilərik ki, Azərbaycan–Gürcüstan münasibətləri artıq klassik qonşuluq siyasəti çərçivəsindən çıxaraq, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilib. Bu model isə yalnız iki ölkənin deyil, bütün bölgənin rifahına və sabitliyinə töhfələr verir.

Avropanın enerji təhlükəsizliyi Azərbaycan və Gürcüstandan keçir

İkitərəfli görüşdən sonra prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla siyasi əlaqələrin inkişafını, yüksəksəviyyəli təmasların müntəzəm xarakter daşıdığını, dialoqun fəallaşdığını nəzərə çatdırdı. Çıxışında “İki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir” – deyə vurğulayan dövlətimizin başçısı Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya qovşaqlarının böyük əhəmiyyət daşıyan layihələr olduğunu və bunları nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələr kimi səciyyələndirdi. “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil” – fikrini xüsusi olaraq qeyd edən Prezident İlham Əliyev hazırda Gürcüstan daxil olmaqla, Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini və bu ixracın Gürcüstan üzərindən həyata keçirildiyini bildirdi.

Prezidentlərin mətbuata bəyanatlarında Cənubi Qafqazdakı mövcud durum barədə fikir bildirmələri gözlənilən idi. Bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsinin iki ölkənin birgə marağında olan məsələ kimi vurğulayan İlham Əliyev buna həm Gürcüstan, həm də Azərbaycanın öz töhfəsini verdiklərini diqqətə çatdırdı. “Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq” – deyən Azərbaycan lideri sözünü bu cür yekunlaşdırdı: “Gürcüstan–Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”.

Dövlət başçımızın birgə əməkdaşlığın perspektivinə əminliyi Gürcüstanla Azərbaycan arasında yüksək templə davam edən əlaqələrin yalnız uğurla müşayiət olunan reallığa söykənir.

Böyük coğrafiya üçün birgə layihələr

“Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir”. Mətbuat üçün açıqlamasında bu fikirləri önə çəkən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkəni birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd etdi: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.

İlham Əliyev daha sonra çıxışında xalqlarımızın əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamasından, dövlətlərarası münasibətlərin yüksək səviyyədə olmasından söz açdı. Bu xüsusda dövlət başçımız qeyd etdi: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.

Xalqlarımız nəyin daha yaxşı olduğunu özləri bilirlər

İlk xarici səfərini Bakıya etdiyindən məmnunluq duyduğunu bildirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili jurnalistlər qarşısında çıxışında iki xalq arasında bənzərsiz dostluğun inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsinə etibarlı zəmin yaratdığını xüsusi olaraq vurğuladı: “Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir”.

Son vaxtlar bölgədə cərəyan edən hadisələrə toxunan Gürcüstan Prezidenti ölkəsinin sülhün və münaqişələrin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu bildirdi. Ayrıca onu da qeyd etdi ki, Cənubi Qafqaza regionun beynəlxalq miqyasda təsirini gücləndirmək üçün sülh lazımdır: “Regionun tam potensialı Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra üzə çıxa bilər. Yenə də ölkəmin dialoq və diplomatiya tərəfdarı olduğunu təsdiqləyirəm”. Azərbaycan və Ermənistan arasında sülh sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini bildirən Gürcüstan lideri ölkəsinin sülh prosesinə öz töhfəsini verməyə hazır olduğunu bəyan etdi.

Hər iki ölkənin “kollektiv Qərb”in qərəzli münasibəti ilə üzləşdiyini təəssüflə bildirən M. Kavelaşvili xüsusilə son vaxtlar ölkələrimizin dəfələrlə ikili standartların və xarici qüvvələr tərəfindən daxili işlərimizə müdaxilənin obyekti olduğunu da qeyd etdi: “Çoxsaylı səylərə baxmayaraq, biz bu təhdidləri qətiyyətlə aradan qaldırır və regionun təhlükəsizliyini və sabitliyini təmin edirik”. Gürcüstan Prezidenti bu həssas məsələyə özünəməxsus tərzdə münasibətini açıqladı: “Hər hansı üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin daha yaxşı olduğunu bizdən daha yaxşı bilməsi mümkün deyil. Azərbaycan və Gürcüstan arasında ümumi maraqların qorunması sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunam”.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Gürcüstanın yeni Prezidentinin Azərbaycana bu səfəri ilə bağlı verdiyi mesaj çox sadədir. Yəni Bakı bu gün regional siyasətə yön verən, qonşulara, bölgəyə, bütövlükdə, dünyaya sülh, sabitlik və əməkdaşlıq çağırışları edən, sınaqdan çıxmış tərəfdaş kimi etibarlı platforma yaradan bir ölkənin – Azərbaycanın paytaxtıdır. Onun bu bölgədə ən çox güvəndiyi ünvan isə çoxdan qardaşlaşdığı Tbilisidir.

– Gürcüstan Prezidentinin ilk rəsmi xarici səfərini Azərbaycana etməsi diplomatik protokol baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçılarının ilk səfərləri yalnız rəsmi görüşlərdən ibarət olmur. Bu, həm də siyasi prioritetlərin, strateji orientasiyanın və regional baxışın nümayişidir. Diplomatiyada belə səfərlər həm siyasi jest, həm də gələcək əməkdaşlığın konturlarını cızan siqnallar kimi qəbul edilir. Gürcüstan liderinin ilk səfəri üçün məhz Azərbaycanı seçməsi Bakı ilə Tbilisi arasında strateji tərəfdaşlığın və yeni mərhələnin başlanğıcını ifadə edir.

Diplomatik protokolda ilk səfərin seçimi əslində, dövlətin xarici siyasət strategiyasının kodlaşdırılmış mesajıdır. Gürcüstan Prezidentinin Azərbaycana səfəri də bir sıra strateji və siyasi önəmi olan nüansları ön plana çıxarır: ilk növbədə, Tbilisinin regionda sabitlik və inkişafın aparıcı ünvanı kimi Bakıya inamı; ikincisi, Azərbaycanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində təsdiqi; və nəhayət, Cənubi Qafqazda dəyişən güc balansı fonunda Azərbaycanın artan rolunun siyasi tanınması.

İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni reallıqda Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, diplomatik və iqtisadi təşəbbüslərlə regionun konturlarını yenidən formalaşdıran ölkəyə çevrildi. Azərbaycanın nəqliyyat və enerji layihələri artıq regional deyil, qlobal ölçüdə strateji əhəmiyyət daşıyır. Gürcüstan da bu sistemdə mühüm halqa kimi çıxış edir. Gürcüstan Prezidentinin Bakıya ilk səfəri bu inteqrasiyanın davamlılığını və qarşılıqlı asılılığın siyasi dəyərini vurğulayır.

Eyni zamanda, bu səfər Azərbaycanın artan “yumşaq güc” potensialının tanınması baxımından da əlamətdardır. Multikulturalizm modeli, qlobal tədbirlərə evsahibliyi (xüsusilə COP29), regional diplomatik təşəbbüslər və “yaşıl” enerji gündəliyi Azərbaycanın siyasi cazibə mərkəzinə çevrildiyini göstərir.