GÜRCÜSTAN-AZƏRBAYCAN STRATEJİ TƏRƏFDAŞLIĞI CƏNUBİ QAFQAZI REGİONAL ƏMƏKDAŞLIQ MƏKANINA ÇEVİRİB

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin dövlət rəhbəri kimi ilk xarici səfərini Azərbaycana etməsi, dövlət başçıları səviyyəsində aparılan səmərəli danışıqlar ikitərəfli münasibətlərin regional və qlobal çağırışlara əsaslanmasının, yüksək dinamizmlə inkişafının növbəti əyani təzahürü olub. Diplomatik protokol baxımından yeni seçilmiş prezidentin ilk xarici səfərə məhz Azərbaycandan başlaması ölkəmizin Gürcüstan üçün strateji əhəmiyyəti ilə bağlı dünyaya verilən açıq mesaj kimi dəyərləndirilir.

Azərbaycanı regionda özünə ən yaxın, strateji tərəfdaş ölkə statusunda görən Gürcüstan ikitərəfli münasibətlərin bütün sferalar üzrə inkişafında maraqlı olduğunu bəyan edir. Əməkdaşlığın unikal modelini yaradan strateji tərəfdaş ölkələrimizin həyata keçirdikləri müştərək layihələr regional çərçivələri aşaraq qlobal əhəmiyyəti, beynəlxalq sülh və təhlükəsizliyə sanballı töhfələri ilə diqqəti cəlb edir.

Son illərdə ölkələrimiz arasında yüksək səviyyəli təmasların intensiv xarakter alması – ikitərəfli və çoxtərəfli görüşlər əməkdaşlığın daha da dərinləşdirilməsi üçün platforma rolunu oynayır. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda reallaşdırılan transmilli layihələrin əsas təşəbbüskarları olmaqla yanaşı, daha geniş formada əməkdaşlığa əlverişli zəmin formalaşdırmağa nail olublar. Bu layihələr ikitərəfli əlaqələrimizi möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazın dünya siyasəti üçün əhəmiyyətli regionlardan birinə çevrilməsini təmin edib. Bu layihələrin ölkələrimizin iqtisadi-siyasi müstəqilliyinin möhkəmlənməsində, iqtisadiyyatlarının çiçəklənməsində, Cənubi Qafqazın qlobal əməkdaşlıq mərkəzinə çevrilməsində müstəsna rolu danılmazdır.

Son 20 ildə Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi neft və qaz layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verib. 3 ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi fonunda bu layihələrin əhəmiyyəti xüsusilə etiraf olunur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı həmin layihələrin strateji önəminə xüsusi toxunub: “Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”.

Hazırda Gürcüstan Azərbaycanın Avropaya, Azərbaycan isə Gürcüstanın Asiyaya açılan tranzit qapısı rolunu oynayır. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti hər iki dövlətin maraq dairəsində olan Orta Dəhliz layihəsi ilə yükdaşımaların həcminin ildən-ilə artırılmasına imkan yaradır. Strateji tərəfdaş ölkələrin müvafiq qurumları Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun ötürücülük imkanlarının artırılması istiqamətində səmərəli müzakirələr aparırlar.

Yeni çağırışları dəyərləndirən hər iki ölkənin yaşıl enerjinin istehsalı və ixracı sahəsində reallaşdırdığı layihələr yüksək investisiya dəyəri ilə geniş coğrafiyada maraq doğurur. 2022-ci ilin dekabr ayında Rumıniyada imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” hər iki Cənubi Qafqaz ölkəsinin qlobal əməkdaşlığında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Azərbaycan Gürcüstan ərazisindən keçməklə yaxın illərdə Avropaya elektrik enerjisi nəql etməyə, eyni zamanda, bu məqsədlə Mərkəzi Asiya dövlətləri üçün tranzit rolunu oynamağa iddialıdır.

Gürcüstanın ümumi inkişafında, investisiya cəlbediciliyinin artmasında, enerji təhlükəsizliyində ölkəmizin Azərbaycanın həyata keçirdiyi layihələrin, birbaşa sərmayə qoyuluşlarının əhəmiyyətini də şübhəsizdir. Respublikamız uzun illərdir ki, Gürcüstana ən çox investisiya yatıran ölkə statusunu qoruyub saxlayır. SOCAR-ın qonşu ölkədə reallaşdırdığı layihələrin – inşa etdirdiyi yanacaqdoldurma məntəqələrinin və qaz borusu şəbəkələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir.

Ölkələrimiz bir sıra regional və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, maraq və mənafeləri ilə bağlı məsələlərdə bir-birilərinə ciddi dəstək verirlər. İstər ikitərəfli görüşlərdə, istərsə də beynəlxalq platformalarda Azərbaycan daim Gürcüstanın ərazi bütövlüyünü müdafiə edib, etibarlı və sadiq qonşu olduğunu sübut edib. Bundan əlavə, Gürcüstan münaqişənin davam etdiyi 30 il ərzində, 44 günlük Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycanın maraqlarına zidd hansısa addım atmayıb. Qonşu ölkə isə İkinci Qarabağ müharibəsi dövründə quru ərazisi və hava məkanı üzərindən Ermənistana silah və hərbi texnika daşınmasına yol verməyib.

Bölgədəki aktual çağırışlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığa da yeni təkan verib. Regionda sabitliyə, sülhə və iqtisadi inteqrasiyaya xidmət edən qlobal layihələri birgə reallaşdıran hər üç ölkə postmünaqişə dövrünün sülhyaratma proseslərinə də fəal töhfələr verirlər.

Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini hər zaman təklif edib, bu istiqamətdə müəyyən təşəbbüsləri reallaşdırıb. Bir müddət əvvəl keçirilən IV Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistan XİN rəhbərləri “Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusunda müzakirələrdə birgə iştirak edib, mövqelərini bölüşüblər.

Bu günlərdə Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır ki, bu da Cənubi Qafqazda ayrıcı xətlərin aradan qaldırılmasına, etimad mühitinin gücləndirilməsinə, yeni əməkdaşlıq mexanizmlərinin müzakirəsinə xidmət edir.