COP29 İQLİM BÖHRANINA QARŞI MÜBARİZƏNİN MİQYASININ GENİŞLƏNMƏSİNDƏ HƏLLEDİCİ ROL OYNAYACAQ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı iqlim böhranının qarşısının alınması üçün nəticəyönümlü qərarların qəbulu baxımından çoxsaylı dünya ölkələrini bir araya gətirən ən mötəbər beynəlxalq tədbir hesab olunur. Elə iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında indiyə qədər taleyüklü qərarlar əsas etibarı ilə sözügedən tədbirlər çərçivəsində baş tutub. Qeyd edilən kontekstdə tezliklə Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dünya miqyasında yüksək maraq ifadə olunması təsadüfi xarakter daşımır.

Bu marağı şərtləndirən səbəblərdən biri də COP29 zamanı dünya dövlətlərinin hamısının taleyinə təsir edəcək yeni qərarların qəbul olunacağının gözlənilməsidir. Xüsusən də maliyyə sferasında vacib qərarlar gözlənilir ki, bu da iqlim dəyişmələrinin fəsadlarının minimal həddə endirilməsində həyati önəm kəsb edir. Ümumiyyətlə, tədbir çərçivəsində 60 sənədin qəbul olunması nəzərdə tutulur. COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu xüsusda bildirib ki, COP29 çərçivəsində 20-dən çox rəsmi nümayəndə ilə enerji məsələləri, kənd təsərrüfatı, texnologiya və digər mövzularda 60-dan çox sənədin qəbul olunması gözlənilir. Bu, baş tutmuş son 5 Tərəflər Konfransı arasında ən çox sənədin qəbul olunacağı COP olacaq.

Onun sözlərinə görə, COP29 çərçivəsində maliyyələşmə mövzusunda Yeni Kollektiv Kəmiyyət Hədəfi adlı sənəd qəbul olunacaq. Yalçın Rəfiyev bildirib ki, bu sənəd əksər dövlətlər üçün bir növ Paris Sazişinin əhəmiyyətinin qalıb-qalmaması üçün bir sınaqdır: “Əgər bu sənəd qəbul olunsa, bütün inkişaf etməkdə olan ölkələr zəruri maliyyə ilə təmin olunacaqlar ki, öz iqlim fəaliyyətlərini maliyyələşdirsinlər. Hazırda ambisiyalar böyükdür. Bütün dövlətlər hesab edir ki, 1,5 dərəcə Selsi hədəfinə nail olmaq üçün ambisiyalı hədəflər seçmək lazımdır, misal üçün emissiyaları azaltmaq və sair. Lakin bütün bu ambisiyalı fəaliyyəti reallaşdırmaq üçün maliyyə lazımdır. Buna görə də üç icra forması mövcuddur – maliyyə, texnologiyalar, qabiliyyət quruculuğu”.

Qeyd edilənlərdən bir daha bəlli olur ki, COP29 bundan əvvəl keçirilən analoji tədbirlərdən iqlim dəyişmələrinə qarşı mübarizədə daha çox sayda razılaşmaların əldə edilməsi baxımından fərqlənəcək. Deməli, nəticə etibarı ilə iqlim böhranına qarşı mübarizə də miqyas baxımından daha böyük olacaq. Bu, heç şübhəsiz ki, COP29-un təşkilatçısı kimi Azərbaycanın mühüm uğurlarından biridir.

Digər tərəfdən inkişaf etməkdə olan ölkələrin, xüsusən də kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin yaratadığı fəsadları aradan qaldıra bilməsi üçün maliyyəyə böyük ehtiyacları var. Məhz bu maliyyə ehtiyacının qarşılanması baxımından COP29 zamanı taleyüklü qərarların verilməsi nəzərdə tutulur. Qeyd edilməlidir ki, inkişaf etmiş ölkələr 2009-2020-ci illər arasında inkişaf etməkdə olan dövlətlərə iqlim böhranının həlli üçün ildə 100 milyard ABŞ dolları veriləcəyinə dair üzərlərinə öhdəlik götürmüşdülər. Amma bu öhdəliyə əməl olunmayıb və maliyyə yardımının əksəriyyəti inkişaf etməkdə olan dövlətlərə kreditlər şəklində verilib. Təbii ki, belə vəziyyətdə inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə qarşı səmərəli mübarizə aparmaq imkanları əhəmiyyətli dərəcədə məhdudlaşır. İndi əsas məsələlərdən biri barəsində bəhs edilən öhdəliyin yerinə yetirilməsidir. Azərbaycan COP29 çərçivəsində məhz bu kimi məsələlərin həllinin tapılmasına çalışır. Çünki, bu məsələnin effetktiv həlli bütün bəşəriyyətin gələcəyinə təsir edir. İlk növbədə o baxımdan ki, iqlim dəyişikliyi dünyanın hər tərəfinə, hər bir ölkəsinə təsir edən qlobal böhrandır, lakin onun təsirləri bərabər paylanmır. İnkişaf etməkdə olan ölkələr coğrafi, iqtisadi və sosial xüsusiyyətlərinə görə iqlim dəyişikliyinin təsirlərinə xüsusilə həssasdırlar. Onlar sürətlə dəyişən iqlim şəraitinə uyğunlaşmaq üçün lazım olan resurslara və infrastruktura malik deyillər ki, bu da həmin ölkələri temperaturun yüksəlməsi, dəniz səviyyəsinin qalxması və ekstremal hava hadisələrinin mənfi təsirlərinə daha kövrək edir.

Nəzərə alınması vacib nünaslardan biri də odur ki, bəzi inkişaf etməkdə olan ölkələr iqlimlə bağlı təhlükələrə çox həssas olan bölgələrdə yerləşir. Məsələn, Sakit Okean və Karib hövzəsindəki inkişaf etməkdə olan kiçik ada dövlətləri dəniz səviyyəsinin qalxmasına xüsusilə həssasdır. Çünki həmin adalar su altında qalmaq və bu səbəbdən oradakı əhalinin köçü kimi təhlükə ilə üz-üzədirlər. Prezident İlham Əliyev cari ilin iyun ayında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında kiçik ada dövlətlərinin iqlim dəyişmələri nəticəsində üzləşdiyi problemlərdən bəhs edərkən bildirib: “Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik. Biz onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq. Çünki bizdə, Azərbaycanda iqlim dəyişikliyi problemdirsə, bu, həmin ada dövlətlərinin mövcudluğuna olan təhlükədir. Biz bu işə məsuliyyətlə yanaşırıq”.

İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə həssaslığında iqtisadi amillər də mühüm rol oynayır. Bir çox inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları kənd təsərrüfatı, balıqçılıq və turizm kimi iqlimə həssas sektorlardan çox asılıdır. Bu sənayelər temperaturun dəyişməsinə, yağıntıların normasına və ekstremal hava hadisələrinə qarşı çox həssasdır. Bundan əlavə, inkişaf etməkdə olan ölkələr tez-tez effektiv uyğunlaşma tədbirlərini həyata keçirmək üçün lazım olan maliyyə resurslarına və infrastruktura malik deyillər. Maliyyə, texnologiya və texniki təcrübəyə məhdud çıxış onların iqlimlə bağlı təhdidlərə cavab vermək imkanlarını daha da çətinləşdirir. Bütün bu kimi məsələlərin COP29 çərçivəsində effektiv həllinin tapılması xüsusi diqqət mərkəzində olacaq.

Əslində, COP29-dan əvvəl də Azərbaycan tərəfindən sözügedən istiqamətdə zəruri addımlar atılır. Belə ki, bu günlərdə Azərbaycan və Millətlər Birliyi arasında birgə bəyannamə və Anlaşma Memorandumu imzalanıb. Bununla qurulan əməkdaşlıq COP29 sədrliyinin ən az inkişaf etmiş ölkələrin və kiçik ada dövlətlərinin səslərinin eşidilməsini təmin etmək öhdəliyini gücləndirir. Qeyd edilənlər Azərbaycanın iqlim dəyişməsinə qarşı həssas mövqeyinin də konkret təzahürlərindən biridir. Elə o səbəbdən ölkəmizin ev sahibliyi edəcəyi COP29-a dünyada xüsusi diqqət və maraq müşahidə edilir.