ANKARA BAKININ MÖVQEYİNİ ÖYRƏNMƏKDƏ MARAQLIDIR

Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri ölkələrimiz arasında inkişaf edən əlaqələrin daha da möhkəmləndirilməsi, əldə olunan nəticələrin təhlili və ortaq qərarların qəbulu baxımından önəmlidir. Bu səfər 2021-ci ilin iyununda Şuşa bəyannaməsini imzalayaraq ikitərəfli münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldən Azərbaycan və Türkiyənin son illərdə nümayiş etdirdiyi qətiyyətin xarakterindən irəli gəlir.

Azərbaycan-Türkiyə qardaşlığının daha bir isbatı olan Şuşa bəyannaməsi ölkələrimiz və xalqlarımız arasındakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. 1921-ci ildə bağlanan Qars müqaviləsinin məntiqi sonu kimi çıxış edən Şuşa bəyannaməsi əslində tarixi ədalətin bərpası və xalqlarımızın sıx birliyinin təmin olunması istiqamətində ortaya qoyulan sarsılmaz iradənin təntənəsidir. Bəyannamə həm də hərbi müttəfiqliyə əsaslanır və orada yazılıb ki, “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə tərəflər bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”.

Dörd il öncə baş verən və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi “qardaş” kəliməsinin məna və mahiyyətini əməldə sübut edib. Prezident İlham Əliyev Qarabağ torpağına ayaq basan ilk xarici dövlət başçısı olan Rəcəb Tayyib Ərdoğana “Əziz qardaşım, Qarabağ torpağına xoş gəlmisiniz” deyəndə Azərbaycan və Türkiyə tarixin yeni səhifəsini Şuşa zirvəsində yazıb. Şuşa bəyannaməsi Azərbaycanla Türkiyənin ümumi maraqlarını ifadə edib. O bir növ hər iki ölkənin birlikdə hərəkət etmək imkanlarını rəsmiləşdirib və əslində regionun yeni geosiyasi düzənini yaradıb.

Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla bir sıra mövzularda, həmçinin Bakı ilə İrəvan arasında davam edən sülh prosesi barədə müzakirələr aparacaq. Şübhəsiz ki, Ankara da Azərbaycan-Ermənistan danışıqlarının gedişi, hazırki vəziyyət və qarşıda duran vəzifələr barədə Bakının mövqeyini öyrənməkdə maraqlıdır. Bu məlumatların əldə edilməsi Ankaranın gələcək addımlarını müəyyənləşdirəcək. Bu, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hansı formada irəliyə aparılması üçün də əhəmiyyətlidir.

Bir müddət əvvəl Türkiyə və Ermənistan nümayəndələri sərhəddə görüşərək münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələr apardılar. Heç şübhəsiz ki, Ankara da Bakının mövqeyini dəstəkləyərək normallaşma prosesinin ən əhəmiyyətli addımı kimi Ermənistanın qarşısında öz konstitusiyasına və digər qanunvericilik aktlarına Türkiyəyə qarşı ərazi iddialarına son qoyulması ilə bağlı tələb irəli sürüb. Bu tələblərin yerinə yetirilməsini koordinasiya etmək və problemləri birgə dəf etmək üçün Azərbaycanla müzakirələrin aparılması vacibdir. Ceyhun Bayramovun Ankaraya səfəri bu baxımdan xüsusi əhəmiyyəti ilə seçilir.