NÜMUNƏVİ XARAKTER DAŞIYAN AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİ REGİONDA MÜHÜM TƏHLÜKƏSİZLİK FAKTORUDUR

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin müttəfiqlik ruhunda inkişaf etməsinin növbəti göstəricisidir. Səfər əsnasında Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin, eləcə də aktual beynəlxalq və regional problemlərin müzakirə predmeti kimi müəyyən edilməsi də xüsusi önəm kəsb edir. Bu hal dünyanın güc mərkəzlərindən biri olan Rusiyanın da beynəlxalq münasibətlər sistemində Azərbaycanın hansı mövqedən çıxış etdiyini, sərgilədiyi yanaşmanı nəzərə almasının təzahürüdür.

Ölkələrimiz arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadi sahədə əlaqələr dinamik tərəqqi yolundadır. Qeyd edilməlidir ki, Rusiya uzun illərdir, Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşıdır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 17,5 faiz artaraq 4,4 milyard ABŞ dollarına çatıb. Cari ilin ilk yarısında da ticarət dövriyyəsi dinamik artım qeydə alınır. Daha bir mühüm nüans odur ki, qarşılıqlı ticarət dövriyyəsində milli valyutalardan getdikcə daha çox istifadə olunur. Milli valyutaların ikitərəfli hesablaşmaların strukturunda payı 2023-cü ilin yekunlarına əsasən 57,8 faiz, bu ilin ilk 5 ayında isə 70 faizdən yuxarı olub.

Dünyada, xüsusən də Avrasiyada dəyişən geosiyasi, geoqitisadi vəziyyət kontekstində Rusiya və Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin önəmi xüsusilə artır. Bu sırada Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin müstəsna əhəmiyyət kəsb etdiyi müşahidə olunur. İqtisadi münasibətlərlə yanaşı, iki ölkənin siyasi, müdafiə, humanitar, mədəni, təhsil, sosial, səhiyyə, idman sahəsində də əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Azərbaycan və Rusiya arasında münasibətlərin tənzimlənməsi məqsədilə 260-dan çox sənəd imzalanıb. Həmin sənədlər sırasında 2022-ci il fevralın 22-də imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” xüsusi yer tutur.

Ümumiyyətlə, iki ölkə arasında əlaqələr nümunəvi format hesab olunur. Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu bildirib. Azərbaycan-Rusiya münasibətləri nümunəvi xarakteri ilə yanaşı, Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru hesab edilir. Hazırda region ölkələri arasında məhz Azərbaycan Rusiya ilə ən ideal münasibətlərə malikdir və bu, qonşularımız üçün nümunədir. Fransa və digər müəyyən destruktiv qüvvələrin Cənubi Qafqazda pozuculuq fəaliyyətinin qarşısının alınmasında da Azərbaycan-Rusiya işbirliyi mühüm rol oynamaq iqtiadırndadır.

Bundan əlavə, Rusiya və Azərbaycan çoxqütblü dünya quruculuğu prinsiplərinin sadiq tərəfdarları olaraq qalırlar. Eyni zamanda Rusiyada nəzərə alınır ki, Azərbaycanın Qərb dünyası ilə də yüksəksəviyyəli münasibətləri mövcuddur. Elə bu kontekstdə perspektivdə Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin normallaşmasında Azərbaycanın vasitəçilik xidmətlərindən istifadə olunması istisnalıq təşkil etmir. Qeyd edilməlidir ki, buna qədər Rusiya və NATO-nun yüksəksəviyyəli hərbi təmsilçilərinin bir neçə dəfə Bakıda görüşü təşkil edilib və bu təcrübənin davam etdirilməsi mümkündür. Ölkəmizin Ukrayna ilə də yüksəksəviyyəli münasibətləri fonunda Azərbaycan perspektivdə Moskva-Kiyev danışıqlarında əsas moderator ola bilər.

Rusiya üçün daha bir mühüm məqam Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil subyekt kimi çıxış etməsidir. Azərbaycan heç bir kənar diqtə və təzyiqə boyun əymir və milli maraqları əsasında siyasət yürüdür. Ermənistanın kənar qüvvələrin sifarişi əsasında anti-Rusiya siyasəti kontekstində Azərbaycanın müstəqil mövqeyinin nə dərəcədə həyati önəmə malik olduğunu şimal qonşumuzda indi daha yaxşı sezirlər.