NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNƏ YERLİ VƏ BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK MARAQ GÖSTƏRİLİR

Qanunvericilik və nümayəndəlik funksiyalarını yerinə yetirən parlament hər bir ölkənin həyatında mühüm rol oynayır, hakimiyyətin əsas qollarından biri qismində çıxış edir. Bu institut müxtəlif siyasi qüvvələrin ziddiyyətli mövqelər sərgilədiyi, eyni zamanda əməkdaşlıq etdiyi mərkəzdir. O, siyasi elitanı səfərbər edir, qrup maraqlarını formalaşdırır və müxtəlif qərarların rasional əsasda qəbuluna böyük töhfələr verir.

Hər bir ölkənin ali qanunvericilik orqanı olan parlament cəmiyyətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin müzakirə olunduğu forumdur. Təsadüfi deyil ki,  bir çox ölkələrin konstitusiyaları parlamenti xalqın təmsilçilik orqanı kimi xarakterizə edir. Bunlara paralel olaraq, parlament dinamik və daim inkişaf edən bir qurumdur. Eyni zamanda siyasi partiyaların dövlətlərin həyatında əhəmiyyətinin artmasına yenə parlament müstəsna töhfələr verib. Bunun sayəsində partiyalar seçkilərin, seçkili orqanların formalaşdırılmasının, dövlət hakimiyyətinin ali orqanlarının fəaliyyətinin aktiv iştirakçılarına çevrilib. Müasir cəmiyyətin həyatında parlamentin rolunun güclənməsinə kütləvi kommunikasiyaların, xüsusən də internetin mövcudluğu daha əlverişli zəmin yaradır.  Bütün bunlar eyni zamanda nümayəndəlik institutunun cəmiyyətdəki mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır. Belə şəraitdə demokratik inkişaf yolunu seçən ölkələrdə parlamentin konstitusion institusionallaşdırılması qanunverici orqanın ictimai həyatda səmərəli və fəal iştirakı üçün lazımı şəraiti formalaşdırır.

Qeyd edilənlər kontekstində müstəqil Azərbaycanda parlamentə, bu institutun fəaliyyətinə cəmiyyət tərəfindən daim yüksək maraq ifadə edilməsi təsadüfi xarakter daşımır. Bu marağı gələn ayın ilk günündə ölkəmizdə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər fonunda bir daha görmək mümkündür. Seçkilərin şəffaf,  demokratik tələblərə uyğun keçirilməsi üçün bütün zəruri addımlar atılıb, proses uğurla davam edir. Bunu çoxsaylı yerli və beynəlxalq müşahidəçilər də təsdiq edirlər.

Budəfəki seçkilərdə də xeyli sayda namizəd iştirak edir. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, növbədənkənar  parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.

Azərbaycanda siyasi partiyalar  Milli Məclisə seçkilərdə maksimum namizədlə iştirak edirlər. Radikal müxalifətdən yalnız bir partiya özünü bu prosesdən kənarda qoyub ki, buna səbəb də onun sosial bazasının yoxluğu, xalqın etimadından məhrum olmasıdır. Siyasi partiyalarla yanaşı, müstəqil, bitərəf şəkildə seçkilərə qatılanların, müxtəlif sektorların təmsilçiləri olaraq namizəd kimi qeydə alınanların sayı da kifayət qədərdir. Bu da parlament seçkilərinin yüksək rəqabətli şəraitdə keçəcəyinin mühüm təzahürlərindən bridir.

Seçkilərə cəmiyyət tərəfindən də böyük maraq ifadə olunur.   Bunu İtaliyanın SWG SPA şirkətinin seçkiöncəsi yerli respondentlər arasında keçirdiyi sorğunun nəticələri də təsdiq edir. Sorğunun nəticələrindən belə bəlli olur ki, əhalinin 81 faizi parlament seçkiləri ilə maraqlanır.

Milli Məclisə seçkilərin ədalətli, şəffaf şəkildə keçirilməsi üçün bütün zəruri fəaliyyət həyata keçirilir. Bunun əyani təzahürlərindən biri də seçkiləri izləyəcək çoxsaylı müşahidəçilərin qeydə alınmasıdır. Mərkəzi Seçki Komissiyasında 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Seçkilərlə əlaqədar 93 min 964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Onlar arasında vətəndaş cəmiyyətinin təmsilçilərinin də sayı yetərincədir.

Budəfəki seçkilərdə də yerli və xarici qurumlar tərəfindən “exit-poll”ların keçirilməsi üçün lazımı şərait yaradılıb.  Beləliklə, yeddinci çağırış Milli Məclisin də deputat korpusunun azad, ədalətli və şəffaf şəkildə formalaşdırlması üçün bütün zəruri fəaliyyət həyata keçirilir. Elə bundan irəli gəlir ki, seçkilərə maraq yüksəkdir və proses ölkəmizin demokratik nüfuzunun daha da yüksəldilməsinə yeni töhfə olacaq.