Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması müstəqilliyimizin 33 ilində ölkələrimiz arasında ən mühüm siyasi hadisə kimi tarixə düşdü. Nəzərə almaq lazımdır ki, bu müddət ərzində Özbəkistan çox az ölkə ilə müttəfiqlik münasibətləri qurub. Prezident Şavkat Mirziyoyevin hakimiyyətə gəlişindən sonra ölkələrimiz arasında sürətlə inkişaf edən əlaqələr bir neçə il ərzində münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu baxımdan Daşkənddə imzalanan müqavilə iki qardaş prezidentin iradəsini, xalqlarımızın və ölkələrimizin dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini göstərir.
Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərinin qurulması xalqlarımızın rifahında öz əksini tapacaq. Ölkələrimizin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd olan müttəfiqlik müqaviləsi Azərbaycan və Özbəkistanın gələcəyə baxışlarını, yeni dünya düzənində əməkdaşlıq niyyətini, regional və qlobal məsələlərdə birgə hərəkət etmək, beynəlxalq proseslərdə bir-birinə dəstək vermək əzmini ortaya qoyur. Bu, həm də xalqlarımızın tarixi dəyərlərinə hörmət ruhunu, ölkələrimiz arasındakı əlaqələri quran və onu gələcək nəsillərə ərmağan qoyan əcdadlarımızın dəyərli irsini əks etdirir.
Azərbaycanla Özbəkistanın rəsmən müttəfiq olması mühüm xarici siyasət addımıdır və gələcək illərdə ölkələrimizin münasibətlərində əsas yol xəritəsi olacaq. O həm də bir çox hallarda regional siyasəti müəyyən edəcək. Dövlət başçıları artıq müttəfiqlik münasibətlərinin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması və həyata keçirilməsinin səmərəli mexanizmi olan Ali Dövlətlərarası Şuranın birinci iclasını da keçirib. Bu baxımdan tərəflər arasında müəyyənləşən və icra edilən on əməkdaşlıq istiqamətindən başqa budəfəki səfər çərçivəsində daha 20 yeni istiqamətin müəyyənləşdirilməsi tarixi addımdır. Bu, Azərbaycan-Özbəkistan əlaqələrinin kompleks şəkildə, bütün istiqamətlərdə inkişafını şərtləndirən əsas faktor kimi çıxış edir.
Bu müqavilə Türk Dövlətləri Təşkilatının gedən proseslərə, üzv dövlətlər arasında təşkilatlanma işlərinin sürətləndirilməsinə və səmərəliliyinə də töhFə verəcək. Prezident İlham Əliyevin andiçmə mərasimində xüsusi vurğuladığı “bizim ailəmiz türk dünyasıdır” tezisi dövlət və hökumət başçılarının Şuşada keçirilən qeyri-rəsmi sammitində imzalanan Qarabağ bəyannaməsi, ondan əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsi, indi isə Daşkənddə imzalanan müttəfiqlik müqaviləsi ilə yeni məna və mahiyyət təşkil edir. Bu, bütün türk coğrafiyasında yeni inteqrasiya modelinin əsasını qoyur.
Bu, onu deməyə əsas verir ki, türk dünyasının inteqrasiya prosesi bundan sonra da uğurla davam edəcək. Özbəkistanla imzalanan müttəfiqlik müqaviləsi digər türk dövlətləri üçün də yaxşı nümunə olacaq. Bununla da türk dünyasının dünyada güc mərkəzinə çevrilməsi missiyasını hədəfləyən ölkələrimiz yeni tarixi reallıqda inteqrasiyası və əməkdaşlıq üçün yeni imkanlar tapacaq və bu imkanları daha da inkişaf etdirəcəklər.