HEYDƏR ƏLİYEV ÖZBƏK XALQININ LƏYAQƏTİNİ QORBAÇOVUN MƏKRİNDƏN NECƏ QORUDU?

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkələrimiz və xalqlarımız qarşısındakı tarixi xidmətlərini yenidən xatırlamaq üçün bir fürsətdir. Prezident İlham Əliyev də, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev də çıxışlarında dəfələrlə ulu öndərin xatirəsini yad edərək, özbək xalqına münasibətdə Heydər Əliyevin nümayiş etdirdiyi misilsiz cəsarətin hələ də yaddaşlardan silinmədiyini deyiblər. Bəs görəsən, bütün həyatını canı qədər sevdiyi Azərbaycana, onun inkişafına həsr edən, öz xilaskarlıq missiyası ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin banisi olan Heydər Əliyevi qəlbən yaxın, coğrafi baxımdan uzaq Özbəkistanda sevdirən, onu unudulmağa qoymayan hansı səbəblərdir?

Hər şey bədnam yenidənqurma ilə başlasa da hadisələrin xronologiyası bir qədər əvvələ gedib çıxır. 1982-ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev 1983-cü ilin sentyabrında SSRİ-nin partiya-hökumət nümayəndə heyətinin başçısı kimi Vyetnama səfər edir. Yolüstü Daşkənddə dayanır və o zaman Özbəkistana rəhbərlik edən Şərəf Rəşidovla görüşür. Köhnə dostun ağır əhval-ruhiyyəsi, ona qarşı irəli sürülən haqsız və ədalətsiz iradlar Heydər Əliyevi təəccübləndirir və o, bu barədə Moskvaya qayıdan kimi Siyasi Büroda məsələ qaldıracağını, baş katib Andropovla danışacağını, Özbəkistana olan ədalətsiz meyllərin qarşısını almaq üçün əlindən gələni edəcəyini deyir. Ancaq nümayəndə heyəti Vyetnamda olarkən Şərəf Rəşidov vəfat edir və Özbəkistan məsələsi bir də Mixail Qarbaçov hakimiyyətə gələndə yenidən alovlanır. Rəhbərlik dəyişən kimi keçmişdə olan hər şeyi pisləmək, dərhal təqiblərə, repressiyalara başlamaq ənənəsi bu dəfə tam gücü ilə yenidən işə düşür. Onlar keçmişin naliyyətlərinə “durğunluq dövrü” damğası vurub amansızlıqla qılınclayır və gözdən salırdılar. Bu, mövcud ictimai-siyasi formasiyanın və ideologiyanın xarakterik cəhəti olsa da quruluşun hansı qüsurlardan əziyyət çəkdiyini açıq-aydın göstərirdi. Heydər Əliyev həmin dövrü “ədalətsizlik, vicdansızlıq və hətta alçaqlıq, əclaflıq dövrü” kimi xarakterizə edirdi.

Vyetnamdan qayıdarkən Heydər Əliyev yenə də yolüstü Daşkənddə dayanır. Şərəf Rəşidovun məzarını ziyarət edir, ailəsinə başsağlığı verir. Artıq respublikaya İnamcon Usmanxocayev rəhbərlik edirdi. Heydər Əliyev Özbəkistana qarşı ədalətsiz münasibətə qarşı əlindən gələn köməyi edəcəyini, lakin bu işdə yerli məmurların, konkret desək, Usmanxocayevin üstünə mühüm vəzifələr düşdüyünü xatırladır. Heydər Əliyev yaranmış vəziyyətin nə qədər ciddi olduğunu bilsə də təəssüf ki, Usmanxocayev bu məsuliyyəti anlamır və onun səriştəsizliyi sonradan özünün də töhmət altında qalması ilə nəticələnir. Bu barədə bir qədər sonra.

Bəs əslində nə baş vermişdi? SSRİ rəhbərliyinin Özbəkistana qarşı bu münasibətinin kökündə dayanan amillər əsasən nədən ibarət idi? Prosesin hərəkətverici qüvvəsi əlbəttə ki, Mixail Qorbaçov və onun komandası idi. Onlar SSRİ tarixinə ən səs-küylü hadisələrdən biri kimi düşən “Pambıq işi”, yaxud da “Özbəkistan işi” adı altında bütöv bir respublikanı repressiyaya məruz qoyaraq hansısa korrupsiya elementlərini ifşa etməyə çalışırdılar. Bu prosesə Özbəkistanın bütün dövlət eşalonu, təxminən 4 min nəfərdən çox vəzifəli şəxs müqəssir kimi cəlb olunmuşdu, 800 nəfərdən çox insan günahsız yerə həbs edilmişdi. SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə baş müstəntiqi, erməni Telman Qdlyanın və Nikolay İvanovun rəhbərlik etdiyi istintaq qrupu Mixail Qorbaçovun Özbəkistana qarşı təcavüzkar hücumu idi. Heydər Əliyev isə Özbəkistana qarşı aparılan kampaniyaya qarşı etiraz səsini ucaldır, bu əməllərlə razı olmadığını açıq şəkildə bəyan edirdi. Çünki o, əməksevər bir xalqın bu münasibətə layiq olmadığını, əsas məqsədin orada yaxşı olan hər şeyi gözdən və nüfuzdan salmağa hesablandığını bilirdi. Onlar elə bir rəy yaratmağa çalışırdılar ki, guya Özbəkistanda qanunsuzluq və korrupsiya ən yüksək həddə çatıb, guya Sovet İttifaqının bütün qüsurları və eybəcərlikləri yalnız Özbəkistanda cəmlənib.

O dövrdə özünün təbii ehtiyatları və insan resursları ilə SSRİ miqyasında xüsusi yer tutan Özbəkistan ittifaq iqtisadiyyatına böyük tövhələr verirdi. Sovet İttifaqında pambığın 80 faizi Özbəkistanda istehsal olunurdu və bu strateji məhsul SSRİ-nin ixracında mühüm üstünlüyə malik idi. Pambıq sovet büdcəsinə böyük məbləğdə valyuta gətirirdi. Özbəkistan pambığı sovet toxuculuq sənayesinin də özəyi hesab olunurdu. Lakin ildə beş milyon ton pambıq istehsal edən respublika dotasiya ilə dolanırdı. Hökumətin Özbəkistana verdiyi strateji ərzaq məhsulları və onların miqdarı xüsusi məsləhətləşmələrdən sonra müəyyən olunurdu. Qəfildən dövlət səviyyəsində anti-Özbəkistan prosesinə başlanması, guya pambıqçılıqda baş verən hansısa korrupsiya və rüşvətxorluq elementlərinə qarşı elan edilən müharibə də həmin ədalətsiz münasibətin tərkib hissəsi idi. Vəziyyətə yalnız Heydər Əliyev etiraz edirdi: “Belə zəngin tarixi, belə zəngin müasir imkanları olan bütöv bir xalqın taleyi yaramaz bir adamın – Qdlyanın və onun kimilərin ixtiyarına verilmişdi, onlar da hər cür yolverilməz üsullara, saxtakarlıqlara, digər fitnə-fəsadlara əl ataraq “Özbəkistanda pambıq işi” deyilən iş uydurmuşdular, kütləvi həbslər keçirir və Sovet İttifaqının rəhbərliyinə, Qorbaçova uydurma məlumatlar göndərirdilər. Bu məlumatlar əsasında isə bütöv bir xalq haqqında qərar çıxarılırdı”.

Hətta vəziyyət o yerə gəlib çatmışdı ki, özbəklər yüksək postlara qoyulmurdu. Bu vəzifələrə Rusiyanın müxtəlif regionlarından – Ryazan, Tambov və ya Oryoldan seçilən sıravi partiya işçiləri, ən yaxşı halda hansısa təlimatçı, yaxud şöbə müdiri təyin olunurdu. Bu, bütöv bir xalqın faciəsi üzərində dövlətin həyata keçirdiyi mənasız və təxribatçı kampaniya idi. Heydər Əliyev buna etiraz edəndə isə onlar əsaslandırmağa çalışırdılar ki, guya, Özbəkistanda işləməyi bacaran adamlar yoxdur, onlara daha etibar etmək olmaz və sair və ilaxır. Başdan-ayağa ağ yalan. Tarix boyu dünyaya böyük şəxsiyyətlər, dövlət xadimləri, görkəmli alimlər və mütəfəkkirlər bəxş etmiş bir torpaqda məmur qıtlığı yaratmaq və yaxud etibarsızlıq mühiti formalaşdırmaq cəhdindən daha sərsəm nə ola bilərdi ki. Amma tarix bunun Mixail Qorbaçovun ilk və yeganə komediyası olmadığını dönə-dönə sübut etdi. O, dəfələrlə Qdlyanı və Sov.İKP MK-nın katibi Yeqor Liqaçovu məhud tərkibdə qəbul edərək onların dediyi hədyanlara qulaq asır, dəstək verirdi.

Sonra şərait elə gətirdi ki, Qdlyan da, İvanov da istintaqı qərəzli aparmaqda ittiham olunaraq partiya sıralarından və prokurorkuq orqanlarından xaric edildilər, barələrində cinayət işi də qaldırıldı. Həbs olunanlar arasında İnamcon Usmanxocayev də vardı, ona 12 il iş vermişdilər. O, istintaqa ifadəsində Yeqor Liqaçova iki dəfə külli miqdarda rüşvət verdiyini etiraf etdi. Usmanxocayev Özbəkistanda korrupsiya işlərində birbaşa Siyasi Büro üzvlərinin əli olduğunu deyərək Yeqor Liqaçovdan başqa Viktor Qrişinin, Qriqori Romanovun, Mixail Solomentsevin və Kapitonovun adlarını çəkdi. Bununla da illərlə bir xalqı əzməyə çalışan ölkənin yüksək çinli məmurlarını ifşa edərək zəncirvari korrupsiyanın əsil simalarını üzə çıxartdı.

Həmin hadisələrdən indi uzun illər keçsə də yaxşılıq unudulmayıb. Özbəklər Azərbaycan xalqının ümummilli liderini bu gün ona görə hörmətlə yad edirlər ki, o, ən çətin vaxtda, dar məqamda Özbəkistanı tək qoymayıb. Bütün dövlət eşalonu birləşib onları erməni müstəntiqin əli ilə əzməyə çalışanda Heydər Əliyev sinəsini qabağa verib, özbək xalqının ləyaqətini qoruyub. Ona görə də bu yaxşılığın qədirbilən özbək xalqının hafizəsində dərin iz buraxması heç də təsadüfi deyil.

Ölkələrimiz müstəqillik qazandıqdan sonra özündən əvvəlki hakimiyyətin buraxdığı səhvləri yenə də Heydər Əliyev düzəltdi, böyük tarixi ənənələri olan Azərbaycan-Özbəkistan əlaqələrini sahmana saldı, onu yenə də dostluq və qardaşlıq müstəvisinə qaytardı. Təbii ki, bu məsələdə Özbəkistanın mərhum prezidenti İslam Kərimovun da xidmətləri danılmazdır. İki liderin vaxtilə qoyduğu ənənə bu gün Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir və onların fəaliyyətinin və dostluğunun təməli Heydər Əliyevin ortaq tariximizə qoyduğu şanlı dostluq və qardaşlıq mirasıdır. Çünki ulu öndər deyirdi ki, “mən Özbəkistanı çox sevirəm. Mən Özbəkistanla çoxdan bağlıyam”.