Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında dinamik şəkildə inkişaf edən münasibətlər müxtəlif sferaları, o cümlədən iqtisadi sahəni əhatə etməkdədir. Bu kontekstdə ölkəmizlə Özbəkistan arasında qurulan əlaqələr xüsusi diqqət cəlb etməkdə, hər iki ölkə üçün yeni imkanlar yaratmaqdadır. Hazırda enerji, sənaye, tekstil, kənd təsərrüfatı, nəqliyyat-tranzit, səhiyyə, turizm və digər sahələr üzrə əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz tərəfindən müvafiq addımlar atılır.
Qarşıdakı dövr ərzində iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirilir və Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində əldə olunan razılaşmalar, imzalanan müqavilələr bu istiqamətdə çoxsaylı yeniliklərin olacağını göstərir. Daşkənddə Prezident İlham Əliyevin və Özbəkistandan olan həmkarı Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü bu mənada müstəsna önəm kəsb edir. Xüsusi qeyd edilməlidir ki, Prezident İlham Əliyevin səfəri kontekstində Daşkənddə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Biznes-forumda artıq 2 milyard dollar dəyərində layihələr portfeli formalaşdırılıb. Lakin bu layihələr portfelinə yeni istiqamətlərin də daxil ediləcəyi gözlənilir.
Ötən il yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Fondu investisiya əməkdaşlığının daha da genişlənməsində mühüm rol oynayır. 500 milyon ABŞ dolları dəyərində nizamnamə kapitalına malik bu fondun malik olduğu vəsaitlərin həcminin daha da artırlması hər iki ölkənin maraq dairəsindədir və yaxın tezlikdə bu istiqamətdə zəruri addımlar atılacaq. Eyni zamanda Azərbaycandan və Özbəkistandan olan sahibkarların sözügedən fondun imkanlarından istifadə etməsi üçün lazımı mühit formalaşdırılıb.
Bütün bunların real təzahürünü yeni start verilən Özbəkistan-Azərbaycan birgə layihələri fonunda görmək mümkündür. Tərəflər arasında ümumi dəyəri 520 milyon ABŞ dolları olan 7 layihə həyata keçirilməyə hazırdır. Layihələr həm Azərbaycanda, həm də Özbəkistanda həyata keçiriləcək. Əldə olunan razılıq çərçivəsində Daşkənd şəhərində beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisinə başlanacaq. Qaşqadərya vilayətinin Qamaşı rayonunda gips və gips-karton məmulatları istehsalı zavodunun, Daşkənddə “Agalarov Development” tərəfindən yaşayış komplekslərinin tikintisi də reallaşacaq. Birgə işbirliyi sayəsində Yevlax rayonunda tekstil klasteri yaradılacaq. Bu proses pambıq becərilməsinin başlanğıcından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisi, İmişli rayonunda tekstil klasterinin, Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının yaradılması da birgə layihələr sırasında yer alır.
Bu gün Azərbaycan və Özbəkistan arasında regional nəqliyyat və enerji təşəbbüsləri çərçivəsində uğurlu ortaq fəaliyyət həyata keçirilir. Özbəkistanın idxal və ixrac imkanlarının genişlənməsində Azərbaycan tranzit ölkə kimi əlverişli imkanlar yaradır. Perspektivdə “yaşıl enerji”nin Mərkəzi Asiyadan Azərbaycan ərazisindən keçməklə Avropaya ixracı qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək. Ölkəmizin təşəbbüsü ilə reallaşan Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması bumüstəvidə əlaqələri möhkəmləndirəcək.
Digər iqtisadi istiqamətlər üzrə atılan addımlar tarixi, mədəni və linqvistik yaxınlıq baxımından biri-birinə doğma olan Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi və digər mühüm sahələr üzrə əlaqələrin daha da inkişafına rəvac verəcək.