Mərkəzi Asiya və Cənubi Qafqazın artan geosiyasi, geoiqtisadi əhəmiyyəti təkcə Avrasiya məkanında yox, artıq qlobal miqyasda xüsusi diqqət cəlb edir. Elə bundan irəli gəlir ki, bu regionlarla, orada yerləşən ölkələrlə əməkdaşlığın dərinləşdirilməsinə dünyada böyük önəm verilir. Bunu dünyanın müxtəlif siyasi, iqtisadi qütblərində yer alan ölkələrin, təşkilatların təmsilçilərinin sözügedən regionlara intensivləşən səfərləri, qurulan təmaslar da təsdiq edir.
Cənubi Qafqazın və Mərkəzi Asiyanın potensialı, malik olduğu sərvətlər, enerji və nəlqiyyat-logistika əhəmiyyəti bu regionlara dünya nizamının yenidən formalaşması kontekstində mühüm üstünlüklər qazandırır. Bütün dünyada, xüsusilə Avropada enerji təhlükəsizliyi probleminin pik həddinə çatdığı bir vaxtda Mərkəzi Asiya və Cənubi Qafqaz öz enerji resursları ilə “parlayan ulduzlar” qismində qəbul olunurlar. Eyni zamanda bu regionlar məsafə və xərclər, etibarlılıq kimi parametrlər baxımından böyük üstünlüklərə malikdirlər.
Dünyada mövcud vəziyyətdə sayı və miqyası artan münaqişələr, müharibələr, digər qarşıdurmalar, qütbləşmənin dərinləşməsi qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Belə şəraitdə daha sürətli, daha səmərəli və konstruktiv regional əməkdaşlıq məsələsi də ön plana çıxmaqdadır. Qısa və ortamüddətli perspektivdə dünyanın üzləşdiyi bir çox problemlərin, xüsusilə iqlim, enerji, qida, logistika, nəqliyyat və digər belə problemlərin həllində regional qurumların həlledici rol oynaması proqnozlaşdırılır.
Belə mühüm regional birliyin formalaşmasında yenə Cənubi Qafqazın və Mərkəzi Asiyanın ön planda gəldiyi müşahidə olunur. Söhbət ilk növbədə Türk Dövlətləri Təşkilatından gedir. Türk Dövlətləri Təşkilatının yüksəlişi, dünyanın siyasi, iqtisadi, hərbi güc mərkəzi kimi formalaşması bilavasitə Cənubi Qafqazda yer alan Azərbaycanla, Mərkəzi Asiyanın türk dövlətləri arasında əməkdaşlıqdan asılıdır. Ötən dövr ərzində bu istiqamətdə mühüm nailiyyətlərə imza atılıb və Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri həm də təkcə iki ölkə yox, ümumən Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin daha da güclənməsinə xidmət edir.
Proseslər göstərir ki, bundan sonra da hər iki regionda cərəyan edən hadisələr Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusən də Özbəkistanla, Qazaxıstanla münasibətlərindən əhəmiyyətli dərəcədə asılı olacaq. Ölkələrimizin münasibətləri nəticəsində Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir. Bu xüsusda Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında qeyd edib: “Regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan asılıdır. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.
Dünyanın üzləşdiyi energetika, ərzaq, nəqliyyat daşımaları, təchizat zəncirləri kimi problemlər Prezident İlham Əliyevin barəsində bəhs etdiyi vahid geosiyasi regionun bundan sonra da əhəmiyyətinin artan xətt üzrə inkişaf edəcəyini göstərir. Əvvəla, bu geosiyasi regiondan keçən nəqliyyat dəhlizləri, xüsusən də Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi potensialı və səmərəliliyi baxımından çoxsaylı üstünlüklər vəd edən, Şərqlə Qərbi qovuşduran ən yaxşı alternativ hesab olunur. İkincisi, Avraopanın enerji təhlükəsizliyinin təmin olunmasında yenə Mərkəzi Asiya və Cənubi Qafqaz regionları getdikcə daha vacib rol oynamağa başlayırlar. Hazırda Mərkəzi Asiyanın karbohidrogen resurslarının Avropaya nəqlində Cənubi Qafqaz ölkələri kimi Azərbaycanın və Gürcüstanın xüsusi çəkisi daha böyük sürətlə artır. Eyni zamanda perspektivdə təkcə ölkəmizdə yox, həm də Mərkəzi Asiyada, xüsusən də Özbəkistan və Qazaxıstanda istehsal edilən “yaşıl enerji”nin böyük həcmdə Qərbə nəqli gözlənilir. Ötən il Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq nazirliklərinin imzaladığı Birgə Kommünike, həmçinin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin formalaşması istiqamətində atılan addımlar buna xidmət edir.
Enerji və nəqliyyatla yanaşı, bir sıra məhsullara Avropanın və dünyanın digər regionlarının duyduğu tələbin qarşılanmasında da Mərkəzi Asiya və Cənubi Qafqaz əsas rollardan birini oynayacaqlar. Ancaq ən əsas məsələlərədən biri də odur ki, dünyada ziddiyyətlərin dərinləşdiyi bir vaxtda Azərbaycan və Mərkəzi Asiya ölkələri uğurlu və olduqca səmərəli əməkdaşlığın nümunələrini yaradırlar. Bu nümunənin təkrarı dünyanın problemlər və xaos məngənəsinə yuvarlanmasının qarşısının alınmasında həyati əhəmiyyət kəsb edən rol oynamaq iqtidarındadır.