Bir sıra Qərb dövlətləri hələ də müstəmləkəçik siyasəti çərçivəsində müəyyən xalqların, ölkələrin sosial-iqtisadi və siyasi fəaliyyətini öz maraqları çərçivəsində yönəltməyə davam etməkdədirlər. Neokolonializm adı alan bu siyasət çərçivəsində müstəmləkələrin müxtəlif istiqamətlər üzrə asılılığına nail olunmasına xüsusi diqqət edilir. Çünki, nəticə etibarı ilə bu, müstəmləkə altında olanların istismarına daha əlverişli zəmin yaradır. Eyni zamanda yeni müstəmləkəçilik metodları bu gün neokolonial siyasət yürüdən dövlətlərin iqtisadi, siyasi, hərbi maraqlarının təmin edilməsində xüsusi paya malikdir.
Müasir müstəmləkə siyasəti siyasi təsir və digər formada müdaxilə yolu ilə də özünü göstərir. Neokolonializm siyasətinin ən mühüm cəhətlərindən biri iqtisadi hökmranlıqdır. Keçmiş müstəmləkə gücləri və çoxmillətli korporasiyalar kolonial iqtisadiyyatlar üzərində əhəmiyyətli nəzarəti saxlayırlar. Mədəni hegemonluq müasir müstəmləkə siyasətinin başqa bir kritik aspektidir. Qərb mədəniyyətinin, dəyərlərinin və normalarının keçmiş və indiki müstəmləkələrdə təbliği və təşviqi cəhdləri indi də davam edir.
Ənənəvi müstəmləkəçilik əsasən ötən əsrin ortalarında dekolonizasiya dalğası ilə başa çatsa da, problem hələ tam həllini tapmayıb. Müasir müstəmləkə siyasətinin dinamikası da bunun təsdiqidir. Neokolonializm dövrümüzün ən böyük problemlərindən biri olmaqla çoxsaylı fəsadlar yaradır. Bu səbəbdən sözügedən problemin həllinə nail olmaq beynəlxalq hüquq və ədalətin, xüsusən də insan haqlarının təmininə xidmət edir, eyni zamanda müstəmləkəçiliyin digər fəsadlarını aradan qaldırır.
Azərbaycanın neokolonializmə qarşı aktiv mübarizəsi sözügedən kontekstdə dünya miqyasında geniş dəstək qazanır. Müstəmləkəçilik əsarətindən xilas ola bilməyən xalqlar isə Azərbaycanın liderliyi ilə neokolonializmə qarşı mübarizəyə əsas ümid yeri kimi yanaşırlar. Çünki ölkəmiz onların səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında indi həlledici rol oynayır. Azərbaycan paytaxtında keçirilən “Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfransa qeyd olunan prizmadan yanaşmaq mümkündür.
Bakı Təşəbbüs Qrupu və Bonayre İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə baş tutan tədbir Niderlandın müstəmləkəçiliyi altında qalmaqda davam Bonayre adasına həsr olunub. Karib dənizində yerləşən bu ada dövlətinin öz suverenliyinə qovuşmasına Niderland hələ də imkan vermir. Uzun illərdir ki, Bonayre xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə istənilən nəticəni verməyib. Bunun əsas səbəblərindən biri də Bonayre xalqının problemlərinə dünyanın seyrçi qalması, bəzən isə bundan xəbərsiz olmasıdır. Ancaq Azərbaycan sayəsində Bonayre xalqının qarşısında yeni imkanlar və tarixi fürsətlər yaranır. Bunu Boner Dəyişim Hərəkatının yaradıcısı Ceyms Finisin Bakıda keçirilən konfransda dedikləri də təsdiq edir. Onun sözlərinə görə, Bonayre xalqı tarixində ilk dəfədir ki, indiki və gələcək nəsillərin hüquqları uğrunda mübarizə naminə bu beynəlxalq konfransda öz sözünü söyləyə bilir.
“Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” mövzusunda beynəlxalq konfrans anti-Azərbaycan siyasəti yürüdənlər, o cümlədən Fransa üçün ciddi mesaj, onların ölkəmizin qarayaxma kampaniyasına vurulan növbəti zərbədir. Bu vaxta kimi Azərbaycan Fransanın neokolonial siyasətinin ifşa edilməsi istiqamətində mühüm addımlar atıb. Ancaq sözügedən fonda iddialar səslənirdi ki, bu, Azərbaycan-Fransa münasibətlərində olan gərginlikdən irəli gələn haldır. Bu yanaşmanın yanlış olduğunu Bonayre xalqının problemlərinə həsr olunan konfrans bir daha təsdiqlədi. Azərbaycan göstərdi ki, müstəmləkə zülmü altında əzilən bütün xalqların yanındadır. Ölkəmzin neokolonializmə qarşı siyasəti dönməz və qətiyyətli xarakter daşıyır.