AZƏRBAYCAN-ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ BAŞLAYIR

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açacaq, ölkələrimiz arasındakı strateji əlaqələrin inkişafına mühüm töhfəə verəcək. Son illərdə intensiv xarakter alan qarşılıqlı səfərlər, dövlət başçılarının şəxsi münasibətləri ikitərəfli əlaqələrdə yeni mərhələnin əsasını qoyub. Azərbaycan-Özbəkistan qardaşlığı beynəlxalq münasibətlər sistemində də diqqəti cəlb etməyə başlayıb. Çünki son illərdə Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə Mərkəzi Asiya respublikaları, xüsusilə də Özbəkistanla əlaqələrin inkişafı xüsusi əhəmiyyəti ilə seçilir.

Özbəkistan Cənubi Qafqazda Azərbaycanı özünün strateji tərəfdaşı elan edib və ölkələrimiz arasında siyasi əlaqələr hər zaman yüksək səviyyəsi ilə seçilib. Rəsmi Daşkənd Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edib və münaqişə dövründə Ermənistanla diplomatik əlaqələr qurmayıb. Ölkələrimiz istər regional, istərsə də BMT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, Türk Dövlətləri Təşkilatı və digər qurumlar çərçivəsində sıx əməkdaşlıq qurub, bir çox məsələlərdə vahid mövqedən çıxış edir,  hər zaman həmrəylik nümayiş etdirir.

Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində də səmərəli əlaqələr qurub. Türk birliyinin siyasi təşkilata çevrilməsinin təməli Naxçıvanda qoyulub. 2009-cu ildə türk dövlət başçılarının “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”ni imzalaması mühüm hadisə idi. Təşkilatın təsisçi üzvləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın sırasına 2019-cu ildə Özbəkistanın qoşulması ilə böyük coğrafiyada yaşayan 200 milyondan çox türkün siyasi, iqtisadi birliyinə nail olunması, onların hüquqlarının, mədəni birliyinin, kimliyinin təmin edilməsi istiqamətində tarixi addımlar atılır. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev bəyan edib ki, “bizim ailəmiz türk dünyasıdır”. Bu baxımdan Özbəkistanla əlaqələrin möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır.

Son illərdə Azərbaycan Prezidenti Özbəkistana dəfələrlə səfər edib. Bu da ondan irəli gəlir ki, Mərkəzi Asiyanın türk dövlətlərinin hər birində siyasi hakimiyyətlərin dəyişməsi fonunda Azərbaycana münasibət qətiyyən azalmır, əskinə çoxalır. Təbii ki, bu sevginin təməli tarixə dayanır. Bizi onlarla ortaq tarix, zəngin mədəniyyət, dil, din və qan birliyi bağlayır. Ölkələrimizi bir-birimizə bağlayan ən böyük qüvvə xalqlarımızın səmimi dostluq münasibətləridir.

Özbəkistan 2016-cı ildən intensiv islahatlar mərhələsinə daxil olub. Prezident Şavkat Mirziyoyev ölkəsinin yeni xarici siyasət konsepsiyasını irəli sürüb və bu konsepsiya dünya ölkələri, xüsusilə də elm və texnologiyanın sürətlə inkişaf etdiyi Cənubi Asiya ilə əlaqələrin inkişafını nəzərdə tutur. Əsas məqsəd iqtisadi sektorda əməkdaşlığın gələcəyinə yön vermək, bu sahədə əlaqələri daha da möhkəmləndirməkdir. Bu sırada ən çox nəqliyyat və logistika, enerji, ticarət, istehsal, investisiya, texnologiya, mədəni və humanitar sahələrdə qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişaf etdirilməsi nəzərdə tutulur.  Özbəkistan bu prosesdə öz dostlarının və tərəfdaşlarının da iştirakını arzulayır, Xəzər hövzəsi, xüsusilə Azərbaycan bu məsələdə ön sıralarda dayanır. Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizinin orta marşrutu Azərbaycandan keçir. Bu, Çindən gələn yüklərin Avropaya çatdırılması üçün mühüm istiqamətdir. Özbəkistan Azərbaycandan keçməklə öz yüklərini Gürcüstanın və  Türkiyənin dəniz limanlarına çıxarmaq imkanları əldə edir. Bu məsələdə Bakı-Tbilisi-Qars dəmiryolu xüsusi əhəmiyyəti ilə seçilir.

Özbəkistanda böyük Azərbaycan diasporu yaşayır və fəaliyyət göstərir. Ölkələrimizi yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Azərbaycan-Özbəkistan mədəni əlaqələri xalqlarımızın bir-birilə yaxınlaşmasında və daha sıx münasibətlərin qurulmasında əsas vasitədir və bu irsin qorunması istiqamətində hər iki tərəfdən atılan addımlar hər zaman diqqət çəkib, onun təsir gücü heç vaxt öz əhəmiyyətini itirməyib.