ERMƏNİSTANIN ƏSASSIZ TƏLƏBLƏRİ SÜLH QURUCULUĞUNA MANEƏDİR

Xarici işlər naziri Ceyhun Bayramovun “İzvestiya” qəzetinə müsahibəsindən aydın olur ki, rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlıdır və bu proses regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək. Bu, həm də region ölkələri arasında siyasi-iqtisadi əlaqələrin güclənməsinə gətirib çıxaracaq. Bütün bunlara nail olmaq üçün Ermənistan onilliklər boyu irəli sürdüyü bütün əsassız iddialardan çəkinməli, sülh quruculuğuna xidmət edən addımlar atmalıdır.

Ceyhun Bayramovun müsahibəsində “sülh üçün Ermənistanın irəli sürdüyü bütün əsassız tələblər aradan qaldırılmalıdır” ifadəsi diqqət çəkir. Buradan aydın olur ki, vaxtaşırı sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif çağırışlar edən, hər dəfə də müqaviləni imzalamağa hazır olduğunu deyən Ermənistan iqtidarı Azərbaycandan nələrisə tələb edir. Ehtimal olunan tələblərə gəldikdə onları ərazi iddiaları, ordumuzun nəzarətində olan yüksəkliklər və Zəngəzur dəhlizi formatında qruplaşdırmaq olar.

Bu il başlayan delimitasiya prosesinin uğurla irəlilədiyini görən Ermənistan və havadarları prosesə mane olmaq üçün müxtəlif iddialar irəli sürür. Məsələn, əsas tələblərdən biri Başkəndin Ermənistana qaytarılmasıdır. Bu, ilk növbədə ona görə mümkün deyil ki, Ermənistan hələ də Azərbaycanın suveren ərazisi olan 4 kəndin qaytarılmasını həll etməyib. Hələ də Qazaxın 3 və Naxçıvanın Kərki kəndləri Ermənistanın işğalı altındadır. Bu məsələyə aydınlıq gəlməyincə Başkəndlə bağlı müzakirələrə başlanması qeyri-realdır.

Digər ehtimal edilən iddia Ermənistanın Azərbaycan Ordusunun ələ keçirdiyini iddia etdiyi yüksəkliklərin azad olunmasıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu başqa ölkənin ərazisində deyil və onun dayandığı mövqelər yalnız ölkəmizin suveren ərazilərini təhlükələrdən qorumaq, sərhədlərimizin möhkəmliyinə əmin olmaq üçündür. Bu baxımdan Azərbaycanın Ermənistanın iddialarına qarşı  verdiyi təkzibi İrəvan adminstrasiyası nəzərə almalı və belə əsassız iddialarından geri çəkilməlidir.

Əsas məsələlərdən də biri Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycan prosesin əvvəlindən bu dəhliz üzərində “maneəsiz hərəkət prinsipi”ni irəli sürür. Ermənistan isə razılaşmır. Tərəflərin razılığı əsasında hazırda Zəngəzur dəhlizi ilə bağlı müddəa sülh danışıqlarından çıxarılıb, lakin bu, o demək deyil ki, Azərbaycan dəhlizlə bağlı irəli sürdüyü prinsipləri geri götürüb. Sülh danışıqlarından ayrı müzakirə olunsa belə rəsmi Bakı Zəngəzur dəhlizində “maneəsiz hərəkət prinsipi”nin tətbiqi ilə bağlı mövqeyini dəyişməyəcək.

Bakını narahat edən mühüm məsələlərdən biri də Ermənistanın dövlət sənədlərində, konstitusiya və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Azərbaycan bununla bağlı mövqeyini açıq şəkildə Ermənistan hakimiyyətinin diqqətinə çatdırıb. İrəvanın qeyd olunanlarla bağlı atacağı addımlar sülh quruculuğu prosesinə müsbət təsir göstərə, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılmasında əhəmiyyətli addım ola bilər.