AZƏRBAYCAN FARS KÖRFƏZİ VƏ HİND OKEANI HÖVZƏLƏRİNDƏ YERLƏŞƏN ÖLKƏLƏR ARASINDA ƏSAS TRANZİT QOVŞAĞA ÇEVRİLİR

Azərbaycanın bu gün təkcə Cənubi Qafqazda yox, daha geniş coğrafi məkanda həlledici söz sahibi olması artıq dünya miqyasında qəbul edilir. Bütün bunlar həm də ölkəmizin İkinci Qarabağ müharibəsindən sonra yaratdığı yeni reallıqların nəticəsidir. Elə bu reallıqlardan irəli gələrək, dünya ölkələrinin, təşkilatlarının Azərbaycan faktoruna görə Cənubi Qafqaz siyasətlərində müəyyən korrektələr etməsi də aydın müşahidə olunur.

Eyni zamanda Azərbaycanın etibarlı tərəfdaşlığı, sözünün imzası qədər keçərli olması da prosesdə əhəmiyyətli rola malikdir. Bütün bunlar yeni dünya nizamının  qurulması prosesində Azərbaycanın əsas subyektlərdən biri kimi çıxış etməsini şərtləndirir və bu hal da beynəlxalq miqyasda nəzərə alınır. Qeyd olunanların əyani nümunəsini Rusiya-Azərbaycan münasibətlərində görmək mümkündür. Real vəziyyətin təhlili göstərir ki, Rusiya da Azərbaycanı Cənubi Qafqazın taleyinə əsas məsul ölkə qismində qəbul edir.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana ilk dövlət səfəri, aparılan müzakirələr, imzalanan yeni sənədlər iki dövlət arasında strateji tərəfdaşlığı daha da gücləndirir, eyni zamanda ölkələrimiz qarşısında yeni fürsətlər pəncərəsi açır. Bura iqtisadi əməkdaşlığın mühüm qolu olan nəqliyyat-logistika sferası da daxildir. Xüsusən də Azərbaycanın ərazisindən keçən Şimal-Cənub dəhlizi üzrə görülən işlər perspektivdə hər iki ölkəyə böyük dividendlər vəd edir.

İstər Azərbaycan, istər Rusiya, istərsə də digər iştirakçılar və istifadəçilər üçün Şimal-Cənub dəhlizi müstəsna önəm kəsb edir. Azərbaycan və Rusiya üçün bu dəhlizin əhəmiyyəti sözügedən nəqliyyat marşrutunun ölkələrimizə Hind okeanının sahillərinə çıxmağa imkan yaratmasıdır. Bundan əlavə, Şimal-Cənub dəhlizi Fars körfəzinə də bağlıdır. Məhz bu kontekstdə Şimal-Cənub dəhlizi Avrasiyada Azərbaycanın nəqliyyat qovşağı kimi mövqeyinin daha güclü hala gəlməsinə əlavə zəmin yaradacaq.

Azərbaycanın tərəfdaşları ilə birlikdə atdığı addımlar göstərir ki, Şimal-Cənub xətti yaxın tezlikdə dünyanın ən böyük multimodal daşıma layihəsinə çevriləcək. Çünki bu marşrutla daşımalar zamanı dəniz, dəmir yolu və avtomobil nəqliyyatından istifadə etmək mümkündür. Süveyş kanalından keçən ticarət yoluna alternativ olan Şimal-Cənub dəhlizi ilə daşımalar daha sərfəlidir. Bunu təkcə Rusiyada yox, elə Hindistan və İranda da nəzərə alırlar.

Şimal-Cənub xətti və ölkəmzin ərazisindən keçən digər nəqliyyat dəhlizləri Azərbaycanın Avrasiyada iqtisadi mövqelərini daha da gücləndirir. Bu hal eyni zamanda ölkəmizin sözgüdən məkanda siyasi və digər proseslər üzrə də təsirini artıran əsas faktorlardan biri kimi çıxış edir. Bunu artıq dünya miqyasında nəzərə alırlar. Azərbaycanla münasbətlərin inkişafına beynəlxalq aləmdə xüsusi diqqət olunmasını şərtləndirən səbəblərdən biri də budur.

Hazırda Azərbaycan təkcə özünə qarşı yox, həm də regionun lider ölkəsi kimi Cənubi Qafqaza dünyada münasibətin dəyişməsinə səbəb olub. İndi dünyada mütləq əksəriyyət bu regionda sülh və əməkdaşlıq mühitinin hökm sürməsində maraqlıdır. Bu, Azərbaycanın maraq və mənafelərinə, ölkəmizin regionda siyasətinin əsas məqsədlərinə cavab verir. Eyni zamanda bu hal Azərbaycanın xarici siyasətində mühüm uğurlarının təzahürlərindən biri hesab olunur.