AZƏRBAYCANIN BRICS-Ə ÜZVLÜYÜ HƏM ÖLKƏMİZƏ, HƏM DƏ BU BİRLİYƏ BÖYÜK ÜSTÜNLÜKLƏR VƏD EDİR

Fəaliyyət sferasına, həmçinin malik olduğu imkanlara görə, dünyanın ən çox diqqət mərkəzində yer alan təşkilatlardan biri olan BRICS-ə üzvlük istiqamətində Azərbaycan növbəti mühüm addım atıb.   Ölkəmiz BRICS-ə daxil olmaq üçün quruma rəsmi müraciət ünvanlayıb. BRICS-də yer alan dövlətlər də Azərbaycanın Xəzər dənizi hövzəsində və Cənubi Qafqazda regionunda oynadığı rolu nəzərə alaraq, ölkəmizi öz sıralarında görməkdə maraqlıdırlar. Xüsusən də Rusiya və Çin kimi aparıcı BRICS ölkələri Azərbaycanı təşkilatda öz yanlarında görmək niyyətlərini ən yüksək səviyyədə ifadə ediblər.

Cari ilin iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də ölkəmizin sözügedən quruma üzvlük məsələsi də təsbit olunub. Sənəddə Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin bu məsələdə ölkəmizi dəstəkləyib. Azərbaycanda dövlət səfərində olarkən, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata səsləndirdiyi bəyanatda Prezident İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammitinə dəvət edib: “Rusiya və Azərbaycan çoxtərəfli platformalar daxil olmaqla, həmçinin BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirirlər. Bu ilin oktyabrında İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq”.

Azərbaycanın BRICS-ə maraq göstərməsinin səbəblərinə gəlincə, bu qurum ilk növbədə iqtisadi mütəvidə çoxsaylı üstünlüklər vəd edir. Qeyd edilməlidir ki, BRICS dinamik inkişaf edən böyük ölkələrin dövlətlərarası birliyidir. Başqa sözlə, bu, iqtisadiyyatı yüksək inkişaf potensialına malik olan dünya ölkələri arasında hərtərəfli qarşılıqlı əlaqənin gücləndirilməsi üçün platformadır. Hazırda assosiasiyaya 10 dövlət daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Efiopiya.

BRICS-in hazırkı təmsilçiləri həm öz regionlarında, həm də bütövlükdə dünyada mühüm mövqelərə malik olan ölkələrdir. BRICS-in fəaliyyət istiqamətləri və məqsədləri olduqca genişdir. Əməkdaşlıq vasitəsilə burada yer alan bütün ölkələr ilk növbədə dünya miqyasında iqtisadi və siyasi mövqelərini möhkəmləndirmək imkanı əldə edirlər. Həmçinin təşkilatın elan edilmiş məqsədləri arasında harmonik və firavan dünya qurmaq da var. BRICS görüşlərində müzakirə edilən mövzular ətraf mühit və yoxsulluq problemləri, sosial inkişaf, maliyyə institutları və sair  daxil olmaqla həyatın bütün müvafiq aspektlərini əhatə edir.

Bundan əlavə, BRICS ölkələri birlikdə dünya ümumi daxili məhsulunun demək olar ki, dörddə birini yaradır və özləri də dünya əhalisinin 42 faizini əhatə edən genişmiqyaslı qlobal bazarın mühüm tərkib hissələridir. Təşkilatın iqtisadi konsepsiyasına əsasən, BRICS ölkələrində prioritetlər kənd təsərrüfatı, ticarət, investisiya və mineral xammala verilir. Ticarət, investisiya və maliyyə, rəqəmsal iqtisadiyyat və davamlı inkişaf BRICS-in əsas iqtisadi blokunda yer alır.

BRICS-də qaldırılan ən mühüm məsələlərdən biri iqlim dəyişikliyi ilə bağlıdır. Ölkələr qlobal istiləşmə ilə mübarizədə öz iqtisadi və enerji maraqlarını balanslaşdırmağa çalışırlar. Həmçinin, BRICS ölkələrinin rəhbərliyi beynəlxalq əlaqələrin gücləndirilməsinin, mədəniyyət, idman və təhsil sahələrində əməkdaşlığın inkişafının zəruriliyinə sadiqdirlər. BRICS daha balanslı və çoxtərəfli sazişlər prinsipinə əsaslanan çoxqütblü dünya ideologiyasını təbliğ edir. BRICS-i fərqləndirən daha bir xüsusiyət odur ki, qurum digər birliklərə üzvlük və ya əməkdaşlıqla bağlı məhdudiyyətlər qoymur. Bütün bunlar Azərbaycanın BRICS-ə marağının səbəblərini aydın təsvir etməyə imkan verir. Quruma üzvlük Azərbaycana ilk növbədə mühüm iqtisadi üstünlüklər, böyük bazarlar qazandırır. BRICS ölkələrinin iqtisadiyyatları müxtəlif qitələrdə yayılmasına və müxtəlif inkişaf vektorlarına görə bir-birini kifayət qədər yaxşı tamamlayır və Azərbaycan bunu nəzərə alır. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, Avrasiyanın nəqliyyat qovşağı olması fonunda BRICS-ə üzvlük ölkəmizə daha çox dividendlər gətirmək iqtidarındadır.

Təbii ki, BRICS-ə üzvlük iqtisadi məqamlarla yanaşı, təhlükəsizlik, beynəlxalq münasibətlər sistemində daha güclü mövqe sahibi olmaq, mədəni mübadilə və digər istiqamətlərdə də mühüm üstünlüklər vəd edir. Azərbaycanın geosiyasi, geoiqtisadi müstəvidə rolu və mövqeyi fonunda isə BRICS də ölkəmizi öz sıralarında görməkdə maraqlıdır. Çünki, bu təşkilatın daha da güclənməsi deməkdir.