Rusiya Prezidenti Valdimir Putinin Azərbaycana iki günlük dövlət səfərinin əsas müzakirə mövzularından biri də ölkələrimiz arasında humanitar əlaqələrin daha da dərinləşdirilməsi idi. Bu məsələ demək olar ki, hər zaman Rusiya-Azərbaycan münasibətlərinin əsas xəttini təşkil edib, siyasi-iqtisadi əlaqələrin yüksək səviyyəsi humanitar sahədə də əməkdaşlığın gücləndirilməsinə təkan verib. Bu baxımdan dövlət başçılarının birgə bəyanatında Prezident İlham Əliyevin Azərbaycanda rus dilinin tədrisi ilə bağlı bəzi rəqəmləri səsləndirməsi ikitərəfli münasibətlərin səviyyəsinə ciddi təsir edən amillə bağlı ümumi təəssüratın yaranmasına imkan verdi. Məlum oldu ki, ölkəmizdə tədrisin rus dilində aparıldığı 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri fəaliyyət göstərir. Bundan əlavə, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları var. Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin bütün bunlara görə minnətdarlığını bildirməklə yanaşı, danışıqlar zamanı Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü müzakirə etdiklərini, Rusiya tərəfindən Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa hazır olduğunu vurğuladı. Valdimir Putin hazırda Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı tələbənin təhsil aldığını da diqqətə çatdırdı.
Prezidentlərin haqqında danışdıqları mövzu Rusiya və Azərbaycan üçün humanitar məsələ kimi nəzərdən keçirilsə də bir sıra ölkələr, xüsusən də Ermənistanda bu, irqi və etnik ayrıseçkiliyin təzahürü kimi xaraterizə olunur. Hələ bir neçə il bundan qabaq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı Ermənistanda rus məktəblərinin sayını artırmağa, erməni rus müəllimlərinin bacarıqlarının artırılmasına kömək etməyə çalışdıqlarını bəyan etmişdi. Artıq Rusiya dairələrində Ermənistanda rus dilinin sıxışdırılması ilə bağlı dəqiq məlumatlar vardı. Hələ 2017-ci ilin iyulunda Ermənistan parlamentinin sabiq sədri Ara Babloyan Moskvada olarkən Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, Ermənistan vətəndaşlarının sürücülük vəsiqələri Rusiya ərazisində tanınmayacaq. Buna səbəb rus dilinin Ermənistanda rəsmi dil kimi qəbul olunmamasıdır. Bu məsələnin davamı olaraq 2018-ci ilin noyabrında Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra xarici ölkələrdə, o cümlədən Ermənistanda rus dilinin sıxışdırıldığını bəyan etmişdi və xüsusi olaraq vurğulamışdı ki, Ermənistanla birgə bəzi ölkələrdə rus dilinin öyrənilməsinin qadağan olunması böyük problemlər yaradır, bu isə rus dilində danışanların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Daha bir misal: Rusiyanın sabiq təhsil və elm naziri Olqa Vasilyeva İrəvanda olarkən erməni həmkarı Levon Mkrtçyanla görüşünün yekununda ümidvar olduğunu bildirmişdi ki, Rusiya və Ermənistan rus dilinin öyrənilməsi üzrə əməkdaşlığı genişləndirəcəklər. Bu bəyanatın özü belə Ermənistanda rus dilinin məruz qaldığı mənfi münasibəti, onun gələcəyinə dair narahatlıqları sərgiləyirdi. Amma Rusiyanın artan təzyiqləri fonunda Ermənistan heç vaxt açıq qalan suallara birmənalı münasibət bildirməyib. Fakt isə ondan ibarətdir ki, Ermənistanda rus dilinin və mədəniyyətinin təbliği heç vaxt maraq doğurmayıb və bu, ilk növbədə irqi və etnik ayrıseçkiliyin təzahürü kimi görünüb. Ən əsası isə bu, müttəfiqlik strategiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir ki, Ermənistan ikitərəfli əlaqələrdə yalnız öz maraqlarını güdür, hər addımda rəsmi Kremlin mərhəmətindən geninə-boluna faydalanır, lakin məsələ onun nəsə etməsinə gələndə ortaya milli maraqların qorunması adı altında müxtəlif bəhanələr atılır, beləcə hakimiyyət konkret addımlardan çəkinir. Ona görə də bir müddət əvvəl erməni mətbuatı Boloniya sistemindən çıxarılan Rusiyanın xarici işlər nazirinin rus dilinin Ermənistanda inkişafını nəzərdə tutan bəyanatını ələ salır və aşağılayırdı.
Ermənistan Rusiyadan imtina edir, onunla əməkdaşlıqdan yayınır. Amma bütün əlaqələrin kəsilməsi belə rus dilində ünsiyyətin önünə keçə bilməyəcək. Ancaq rusca danışmaq üçün əvvəlcə rusun dilini bilmək lazımdır.