SÜLH DANIŞIQLARINDAN YAYINAN ERMƏNİSTAN YENİ TƏXRİBATLARLA NÖVBƏTİ MÜHARİBƏNİ KÖRÜKLƏYİR

Azərbaycan Ermənistanla sülh razılşamasının əldə edilməsi, münasibətlərin normalaşdırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirsə də, qarşı tərəfin fəaliyyəti nikbinliyə hələ ki, ciddi əsas vermir. Əksinə, Ermənistanın son addımları sülhə getdikcə daah böyük təhdidlər yaratmaqda, hətta yeni hərbi toqquşmalar üçün zəmin formalaşadırmaqdadır. Sülh danışıqlarından yayınan Ermənistan son dövrlərdə şərti sərhəd zonasında təxribatlarının da sayını artırır. Hadisələrin bu səpkidə cərəyan etməsi iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafında yenə orduların əsas rol oynayacağını istisna etmir. Bütün bunlara görə məsuliyyət daşıyan yeganə tərəf isə məhz Ermənistandır.
Qeyd edilməlidir ki, Ermənistan iki ölkənin liderlərinin Böyük Britaniyada nəzərədə tutulan görüşündən imtina etməklə sülh danışıqlarında maraqlı olmadığını açıq şəkildə nümayiş etdirdi. Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən, fakitiki olaraq isə, sülh danışıqlarından qaçdı. “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda bu məqama toxunan Prezident İlham Əliyev qeyd edib: “Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya Hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər bir görüş təşkil etdi… Britaniya Hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər?”.
Ermənistanın sülh danışıqlarından imtinasının daha bir göstəricisi tərəflərin Rusiyanın vasitəçiliyi ilə yenidən bir araya gələrək barış prosesinin irəlilədilməsi üçün müzakirələr aparılmasından yayınmasıdır. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında tərəflərin üstünlük verdiyi ikitərəfli formatda danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Azərbaycan tərəfi dərhal bu məsələyə reaksiya verib. Xarici İşlər Nazirliyinin təmsilçisi Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub. Amma Ermənistan indiyə kimi bu xüsusda hansısa mövqe sərgiləməyib.
Beləliklə, Ermənistan Qərb, Rusiya platformalarında Azərbaycanla sülh danışıqlarından yayınır. Eyni zamanda İrəvan Bakının vasitəçilərsiz, birbaşa ikili əsasda danışıqlar aparmaq təklifini də qəbul etmir. Bunlar bir daha onu göstərir ki, Ermənistan sülhdən qaçır və qeyd edilən kontekstdə son vaxtlarda şərti sərhəd zonasında təxribatlarının sayını artırır. Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi bunun təzahürü oldu. Baş verənlərdən sonra Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfə müvafiq xəbərdarlıq ünvanladı. Diqqətə çatdırıldı ki, Azərbaycana qarşı təxribat əməlləri dayandırılmadığı təqdirdə, ölkəmiz Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görəcək. Ancaq son hadisələr bir daha Ermənistanın bu xəbərdarlıqdan lazımi nəticələr çıxarmadığını göstərir. Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərməsi də bundan xəbər verir. İstisna deyil ki, Ermənistan bundan sonra da şərti sərhəd zonasında təxribatlarının miqyasını genişləndirəcək. Təbii ki, Azərbaycan buna laqeyd münasibət sərgiləyə bilməz və erməni təxribatları davam edəcəyi halda Azərbaycan Müdafiə Nazirliyinin xəbərdarlığının praktiki icrasına başlanılması qaçılmaz olacaq.
Şübhə yoxdur ki, Azərbaycanla yeni hərbi toqquşmalar daha çox Ermənistanın özünə zərər yetirəcək və bunu erməni cəmiyyətində də yaxşı bilirlər. Belə olan halda Ermənistanın sülhün əvəzinə qarşıdurmanı, savaşı seçməsi tamamilə məntiqsiz bir addımdır. Hesab olunur ki, Ermənistanı belə məntiqsiz davranışı daha çox xaricdən edilən diqtədən qaynaqlanır. Bu gün Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan müəyyən qüvvələr Ermənistandan bir vasitə olaraq istifadə etməkdədirlər. Məhz həmin qüvvələrin fitvası ilə Ermənistan regionda destruktiv fəaliyyət həyata keçirir, Rusiyaya qarşı növbəti platsdarma çevrilir. Bunlara paralel olaraq, Azərbaycanla sülhdən qaçır, qarşıdurmaya meyllənir.
Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri, “Sezar” özüyeriyən artilleriya qurğuları və digər silahlar göndərilməsi, Hindistanın bu ölkəyə verdiyi çoxsaylı hərbi texnika, Avropa İttifaqının Ermənistana hərbi yardım ayırması kimi məqamlar İrəvanın davranışlarını dəyişib. ABŞ və Avropa hərbçilərinin tədricən Ermənistanda yerləşdirilməsi də prosesə təsirsiz ötüşmür. Nəticə etibarı ilə bütün bunlar Ermənistanın sülhdən uzaq qaçmasına, regionun yenidən qarşıdurma məkanına çevrilməsinə gətirib çıxarır. Bu fonda erməni tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir, Konstitusiyasında təsbit edilmiş bu halı aradan qaldırmaq istəmir. Eyni zamanda Bakının daha bir haqlı tələbindən imtina edərək, ATƏT-in Minsk qrupunun ləğvi ilə üçün ölkəmizlə qurum rəhbərliyinə birgə müraciətə də lüzum görmür. Belə vəziyyətdə Ermənistanın üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, regionda kommunikasiyaları, o cümlədən Zəngəzur dəhlizini açacağı, Qərbi Azərbaycan təmsilçilərinin ata-baba yurdlarına qayıdışına şərat yaradacağı, Azərbaycanla münasibətlərini normallaşdırcağına da ümidlər azalır.
Ermənistan bəzi kənar qüvvələrin vədlərinə aldanaraq, bu gün faktiki olaraq, sülhü yox, savaşı seçir. Bu səbəbdən baş verənlərə görə məsuliyyət də birbaşa bu ölkənin, onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Lakin həmin rəhbərlik yaddan çıxarmamalıdır ki, bu günə qədər hakimiyyətdə qalmasını şərtləndirən başlıca səbəb erməni cəmiyyətinə Azərbaycanla münasibətlərdə verdiyi sülh vədləri olub. Bu vədlərin pozulması erməni cəmiyyətinin hakimiyyətə münasibətdə davranışına təsirsiz ötüşməyəcək. Çünki, həmin cəmiyyət Azərbaycanla savaşın hansı nəticələrə gətirib çıxardığını son dörd il ərzində konkret faktlar timsalında daha yaxşı bilir.