FRANSANIN “SİYASİ CIĞALLIĞI”

Ölkəmizlə münasibətləri gərginləşdirmək yolu seçən rəsmi Parisin ifrat qərəzdən irəli gələn anti-Azərbaycan fəaliyyəti nəinki diplomatik etikanı, beynəlxalq hüquqla müəyyən edilmiş çərçivələri də aşır və mürtəce xarakter alır. İyulun 26-da Yay Olimpiya Oyunlarının Parisdə keçirilən açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası – “France2” telekanalının müxbiri Azərbaycan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirib, ölkəmizi Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda Ermənistanı Fransanın dostu adlandıraraq, “bu ilin erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qaldığını” bildirib.
Olimpiya Oyunları mahiyyətcə dünyada sülhü, barışı, əmin-amanlığı təşviq edən mötəbər idman yarışması olmaqla, sivilizasiyaların dialoqunu, xalqlar və dövlətlər arasında birgəyaşayışı təlqin edir. Belə olan təqdirdə, Olimpiya Oyunlarının açılış mərasimi zamanı Fransanın dövlət televiziyasında Azərbaycan əleyhinə əsassız ittihamların səsləndirilməsi rəsmi Parisin ifrat qərəzli, ksenofob yanaşmasını əks etdirir. Bu həm də rəsmi Parisin olimpiya oyunlarının izləyicilərində Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırmaq, separatçı rejimlə bağlı saxta iddialarını gündəmə gətirmək cəhdlərinin təzahürüdür. İndiyə qədər bu istiqamətdə apardığı qərəzli təbliğatı bütün platformalarla iflasa uğrayan Fransa hakimiyyəti Olimpiya oyunlarını siyasət platformasına çevirməklə, həm də düşdüyü cılız vəziyyəti nümayiş etdirir.
Azərbaycan tərəfi haqlı olaraq bunu Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulması kimi dəyərləndirib və Beynəlxalq Olimpiya Komitəsinə (BOK) sərt etirazın bildirib. Xartiyada qeyd edilir ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır.
Ümumiyyətlə, son illərdə Avropa İttifaqı Parlamentinin və bu quruma ciddi siyasi təsirləri olan Fransanın qlobal proseslərə münasibətində obyektivlik, ədalət və beynəlxalq hüquq prinsipləri deyil, xristian təəssübkeşliyi, habelə islamafobiya əsas meyara çevrilib. Bu isə sivil dünyanın istinad etdiyi sivilizasiyalararası dialoq və multikulturalizm ideyaları ilə tamamilə ziddiyyət təşkil edir. Belə ziyanlı yanaşmanın Olimpiya oyunlarında da nümayiş etdirilməsi sivil və ümumbəşəri dəyərlərlə ziddiyyət təşkil edir.
Regionda yeni geosiyasi reallıq yaratmış Azərbaycanın hazırda Avropada söz sahiblərindən birinə çevrilməsi, sabitliyə və əməkdaşlığa xidmət edən sülh gündəliyini diktə etməsi Ermənistanı himayədarı Fransanı ciddi narahat edir. Faktiki olaraq, rəsmi Paris özünün konyunktur siyasi maraqları naminə bölgədə dayanıqlı sabitlik və təhlükəsizlik mühitinin formalaşmasını istəmir.
Olimpiya Oyunları kimi sivil platformada Azərbaycana qarşı informasiya təxribatlarına yol verməsi Fransanın rəsmi Bakı ilə diplomatik mübarizədə uduzduğunu, ölkəmizə qarşı apardığı məkrli kampaniyanın, eləcə də beynəlxalq təşkilatlarda Azərbaycana qarşı cəbhə açmaq cəhdlərinin iflasa uğradığını təsdiq edir. Olimpiya təxribatı Fransanın regiondakı məğlubiyyətindən irəli gələn “siyasi cığallığı” kimi də dəyərləndirilə bilər. Azərbaycan İkinci Qarabağ müharibəsi, eləcə də lokal antiterror tədbirləri zamanı əldə etdiyi hərbi uğurlarla Ermənistana və onun xaricdəki əsas havadarı Fransaya sarsıdıcı zərbə vurub.