MULTİKULTURALİZM MƏRKƏZİ QAFQAZ ALBANİYASINA HƏSR EDİLƏN YENİ KİTAB NƏŞR EDİB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Arximandrit Aleksiy Nikonorovun “Moisey Kalankatlıya görə Qafqaz Albaniyası kilsəsinin tarixi” adlı kitabını ingilis dilində nəşr edib. Moisey Kalankatlının Qafqaz Albaniyasının tarixinə dair ilk və yeganə əsər olan “Albaniya ölkəsinin tarixi” kitabı bu dövlətin son antik və erkən orta əsrlər dövrünün tarixini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir. Kilsə tarixi üzrə elmlər doktoru Arximandrit Aleksiy Nikonorovun bu monoqrafiyası Qafqaz, Fars, Suriya, Bizans və Ərəb tarixçilərinin araşdırmaları ilə müqayisədə alban mənbəyinə əsaslanaraq alban kilsə tarixini işıqlandıran ilk ciddi cəhddir. Bu kitabda Musa Kalankatlının “Albaniya ölkəsinin tarixi” əsərində yer alan və yerli xristian icmasının həyatı ilə bağlı məlumatlar təhlil edilir.
Kitab Qafqaz Albaniysının son antik və erkən orta əsrlər dövrünün tarixini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir. Müəllif müxtəlif mənbələrdən, elmi ədəbiyyatlardan istifadə etməklə Qafqaz Albaniyasının I-IX əsrlər arasında xristian tarixinin cəlbedici mənzərəsini təqdim edir.
Nəşrin xarici ölkələrin kitabxana, dini mərkəz, universitet və diplomatik mərkəzlərinə göndərilməsi və elektron baza sistemlərində yerləşdirilməsi nəzərdə tutulur. Kitabın gələcəkdə xarici ölkələrdə təqdimatlarının keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Qafqaz Albaniyası kilsələrinin tarixinin öyrənilməsi və bu tarixi dövrün gerçək faktlara istinad edilərək xarici ölkələrdə təqdim olunması çox vacib istiqamətlərdəndir. Məlumdur ki, erməni tarixçiləri və ideoloqları uzun illərdən bəri bu zəngin irsi saxtalaşdırmağa cəhd etmiş və dünya ictimaiyyətinə erməni irsi kimi təqdim etməyə çalışmışdır. Bu gün də Qarabağ və Şərqi Zəngəzur ərazilərində olan Alban kilsələrini erməni kilsəsi adı altında təbliğ edilir. Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi Qafqaz Albaniyası irsinin öyrənilməsini daim diqqətdə saxlayır. Tariximizin islamaqədərki dövrü ilə bağlı ciddi faktlara əsaslanan məlumatların xarici dillərdə geniş ədəbiyyat bazasının yaradılmasına töhfə vermək Mərkəzin qarşısında duran əsas vəzifələrdəndir.