Qlobal imperializm artıq yalnız torpaqla kifayətlənmir, o, şüurları, dəyərləri və vicdanları da hədəf alır. Klassik kolonializm top-tüfənglə gələrdi, bu gün isə o, yumşaq güc formasında – film, moda, musiqi, təhsil və texnologiya vasitəsilə daxil olur.
Hədəf dəyişməyib: özünü dərk edən, milli yaddaşı güclü olan insan modelini sıradan çıxarmaq. Amma bu dəfə işğal çox daha zərif, çox daha sistemli və çox daha təhlükəlidir.
Bir zamanlar ölkələrə ordu ilə girənlər bu gün “mədəni dəyərlər ixracı” adı ilə beyinlərə girirlər. Sən seyr etdiyini düşünürsən, amma əslində yönləndirilirsən. Düşünürsən ki, seçim edirsən, amma sənə təklif olunanlar elə əvvəlcədən hazırlanmış zövqlərdir. Bu yeni tip imperializmin əsas silahı – seçim illüziyasıdır. Azad olduğunu düşünən insanın əsarəti daha dərin və daha qalıcı olur.
Bütün bunlar “qol çəkilməmiş müqavilələr” kimi insanları könüllü şəkildə mərkəzdən kənarlaşdırır. Vicdan və kimlik, ənənə və milli ruh “arxaik anlayış” kimi göstərilir. Qərbin dominant təqdimat gücü sayəsində insan artıq öz doğma dəyərlərinə “ikinci sort” gözü ilə baxmağa başlayır. Sözün açığı, bu mənəvi işğal – maddi işğaldan daha dəhşətlidir. Çünki torpaq işğal ediləndə müqavimət yaranır, amma vicdan işğal ediləndə süstlük.
Mədəniyyətlərarası dialoq adı ilə aparılan bu təbliğat kampaniyaları, əslində milli özəllikləri neytrallaşdırmaq üçün dizayn olunub. İndividualizm təriflənir, ailə institutuna “köhnəlmiş model” kimi baxılır. İnsanlar ictimai bağlardan, ailə və inancdan qoparıldıqca daha asan idarə olunur. “İstədiyini et” fəlsəfəsi ilə məsuliyyət anlayışı silinir, yerini anlıq zövqlər və emosional impulslar tutur.
Gənclərin düşüncəsinə yeridilən liberal və postmodern anlayışlar onları dəyərlərdən uzaqlaşdırır. Bütün əzəli və əbədi anlayışlar – vicdan, əxlaq, vətənpərvərlik təbliğat kimi etiketlənir. Halbuki, bunlar bir millətin yaşaması üçün oksigen qədər zəruridir. Ailəsi dağılmış, kimliyi itmiş bir toplum iqtisadi inkişaf etsə belə – mənəvi baxımdan viranədir.
Yaxşılıq və pislik, haqlı və haqsız anlayışları bulanıqlaşdırılır. Əxlaqi münasibətlərin əvəzinə emosional zövqlər önə çəkilir. Mədəni imperializm xüsusilə kino və musiqi sahəsində özünü daha açıq şəkildə göstərir. Bir “Netflix” serialı, bir xarici və məqsədli “mədəniyyət dalğası” milyonlarla insanda davranış və dəyərlər dəyişikliyi yarada bilir. Bunun adı artıq “əyləncə” yox, ideoloji mühəndislikdir.
Bu işğalın qarşısında qalmaq istəyənlər isə ya tənqid olunur, ya da “qapalı” damğası ilə cəmiyyətin kənarına itələnir. Bizi içdən çökdürən sistemlər elə formalaşıb ki, müqavimət göstərənlər belə özünü “geri qalmış” hiss edir. Halbuki, tarix boyu heç bir imperiya milli kimliyini qoruyan xalqı əbədi əsarətdə saxlaya bilməyib. Bu baxımdan, əsl mübarizə artıq siyasətdə yox, şüurda və mənəviyyatda gedir.
Təəssüf ki, texnologiyanın cazibəsi altında bu proseslərin fərqində olmayan böyük bir kütlə yetişib dünyada. Onlar yalnız istehlak edir, sorğulamır. Bu isə yeni imperiyanın ən istədiyi və ən sevdiyi insan tipidir.
Təhsil sistemləri də bu işğalın bir parçasına çevrilib. “Tənqidi düşüncə” adı altında milli təfəkkürün, mənəvi irsin əsasları yavaş-yavaş sıradan çıxarılır bəzi ölkələrdə. Bilik hələ var, amma hikmət itib. Elm çoxdur, amma məna yox dərəcəsindədir. Bu, intellektual kütləvilik deyil, mədəni səssizlikdir.
Vəziyyət nə qədər ağır olsa da, hələ də gec deyil. Bizim gücümüz – yaddaşımızdır.
Vicdanını qoruyan insan – bu ideoloji imperiyanın qarşısındakı son sipərdir. Qlobal imperializmə qarşı biz öz modelimizlə bütün dünyaya örnək ola bilirik və bu, artıq reallıqdır.