Maddi-mədəni irsin milli kimliyin formalaşmasında və tarixşünaslıqda rolu və əhəmiyyəti

Maddi-mədəni irs xalqların  milli yaddaşını bütövləşdirən dəyərdir. Maddi-mədəni irs xalqların tarixin bütün dövrlərini əhatə edən, onların yaşadığı ərazidə fiziki varlığını göstərən zəngin milli maddi-mədəni mirasdır. Xalqların yaratdığı zəngin mədəniyyət əsrlərdən bəri qorunub saxlanmış müxtəlif mənşəli abidələrdə yaşayıb, mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirir. Yüzilliklər ötdükcə, zaman keçdikcə xalqın yaratdığı və nəsillərə qoyduğu maddi-mədəni miras daha da əzəmətli, möhtəşəm görünür. Maddi-mədəni miras xalqların keçmiş qüdrətinin, əzəmətinin tarixi yaddaşı kimi bu mədəniyyətin varislərinin varlığını qürur hissi ilə doldurur. Maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı və mühüm tarixi dəyəri olan sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni miras zəngin xəzinəyə çevrilir.

Vətən müharibəsində əldə edilən tarixi qələbə XXI əsrin qalib dövləti və xalqı qarşısında yeni siyasi, elmi və strateji hədəflər mərhələsi zəminində geniş üfüqlər açdı. Təqvimimizə qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz kədərli 27 Sentyabr Anım Günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr Zəfər və 20 Sentyabr Dövlət Suverenliyi günləri. Əbədi yaşayacaq bu Zəfər Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifəsidir. Eyni zamanda bugünkü və gələcək nəsillər üçün ən qiymətli miras, ölkənin gələcək müqəddəratının təyinində yeni böyük hədəf və strategiyaların qarşıya qoyulması yolunda əvəzolunmaz və əbədiyaşar sərvətdir.Qarabağa başlayan Böyük Qayıdış yolu ilə Qərbi Azərbaycana  da qayıdışın yollarını açdı. Qərbi Azərbaycana qayıdış ümummilli məsələyə çevrildi.

İnanırıq ki, Vətən müharibəsindəki tarixi qələbə ilə ruhu oyanmış bugünkü və gələcək nəsillərin yaddaş bütövlüyü Qarabağa olduğu kimi, Qərbi Azərbaycana da sülhlə, ləyaqətli və könüllü qayıdış yolunda maneələri aradan qaldıracaq.

Azərbaycanlılar indiki Ermənistan ərazisində e.ə. II yüzillikdən yaşamağa başlayıblar. Tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın ərazisi e.ə.IV əsrə qədər qədim Azərbaycan dövləti Albaniyanın tərkib hissəsi olub. Albaniyanın hakimiyyəti dövründə ərazidə məbədlər, qalalar, saraylar və müxtəlif mənşəli maddi-mədəni irs nümunəsi inşa edilib. VIII-IX əsrlərdə Ərəb xilafəti dövründə Qərbi Azərbaycanda məscidlər tikilib, İslam dini və mədəniyyəti yayılıb. Bu əhalinin ədət-ənənə və həyat şəraitinə də təsir edib. XI-XIII əsrlərdə Səlcuqlu dövləti dövründə bölgə siyasi və strateji mərkəz kimi daha çox əhəmiyyət qazanıb. XIII-XIV əsrlərdə Böyük Monqol İmperiyasının dövründə ərazi daha çox dağıntılar və istilaya məruz qalıb.

Qərbi Azərbaycan 1410-1468-ci illərdə Qaraqoyunlu, 1468-1501-ci illərdə Ağqoyunlu, 1501-1736-cı illərdə Səfəvilər dövlətinin tərkib hissəsi olduğu dövrdə inkişaf edib.  Saraylar, məscidlər, karvansaralar, körpülər tikilib . Qərbi Azərbaycan uzun yüz illər boyu azərbaycanlıların yaşadığı qədim yurd olub. Bütün tarixi dövrlərdə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində əsas abarogen millət kimi yer tutub.

Lakin XIX əsrin sonu XX əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay(1805) müqaviləsi, Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan (1813), Türkmənçay(1828) müqaviləsi daha sonra isə Türkiyə və İran arasında bağlanan Ədirnə(1829) sülh müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib. Bölgənin erməniləşdiriməsi siyasətini həyata keçirmək məqsədilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. İran və Türkiyədən isə ermənilərin bu ərazilərə köçürülməsi ilə əhalinin etnik tərkibi dəyişdi. 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan ərazisi olan keçmiş İrəvan xanlığı ərazisində yaradılıb. 1923-cü il iyulun 7-də isə vaxtilə İrandan və Osmanlı imperiyası ərazisindən Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınıb. Böyük dövlətlərin dəstəyi ilə əcdadlarımızın Oğuz yurdu Qərbi Azərbaycanı qəsb edən gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra onlara məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə, izlərini silməyə çalışmış, bu, mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictimaiyyətini aldatmağa başlamışlar.

Ermənilərin indiki Ermənistan ərazisinin avtoxton sakinləri olmadıqlarını erməni tarixçilərinin özləri də təsdiq edirlər. Vardan Parsamyan göstərir ki, 1828-1830-cu illərdə İran və Osmanlı imperiyasından təqribən 140 min erməni köçürülərək əsasən İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində məskunlaşdırılmışlar  Bütün bunlarla yanaşı, 1905-1907,  1918-1920, 1948-1953, 1959-1979,  1987-1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədi ilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi siyasəti həyata keçirilib. 1947-ci il dekabrın 27-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 №-li qərar qəbul etdi. Bu qərarla 1948–1953-cü illərdə 144 654 nəfər azərbaycanlı Ermənistandan Azərbaycan ərazilərinə zorla köçürüldü.  “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərara 1989-cu ildə münasibət bildirən SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların hüquqlarının bərpası haqqında qərar qəbul etsə də, 1948–1953-cü illərdə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar həmin xalqların siyahısına daxil etmədi .
1987-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40.928 ailə) 300.000-dən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb. 1987-1991-ci illərdə azərbaycanlıların  Ermənistanda əsrlər boyu yaşadıqları 8 min kv.km əhatə edən yaşayış  məntəqəsindən azərbaycanlının qovulduğu və 216 nəfər azərbaycanlının (o cümlədən, 57 qadın və 23 uşaq) qətlə yetirildiyi göstərilir. İşgəncələrə məruz qalaraq öldürülmüş 203 nəfərin işi ilə bağlı SSRİ prokurorluğuna və Azərbaycan istintaq orqanlarına göndərilmiş materiallardan məlum olur ki, onlardan 14 nəfəri odlu silahla, 45 nəfəri döyülərək, 13 nəfəri yandırılaraq, 131 nəfəri isə müxtəlif işgəncələrlə məruz qalaraq öldürülüb.

Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində bölgədə əhalinin etnik tərkibi dəyişib, Qafqaz regionu iğtişaş və münaqişə mənbəyinə çevrilib. Soyqırımı, deportasiya, eyni zamanda soydaşlarımıza məxsus yaşayış məskənlərinin, tarix və mədəniyyət abidələrinin dağıdılması, azərbaycanlılara aid maddi-mədəniyyət nümunələrinin tarixi adlarının dəyişdirilməsi, erməniləşdirməyə məruz qoyaraq, bölgədəki azərbaycanlı izlərinin silinməsi cəhdləri, bu mümkün olmadıqda isə həmin maddi-mədəniyyət abidələrinin ya məhv edilməsi, ya da “qədim ermənilərə məxsusluğu” barədə saxta sənədlərin hazırlanması kimi hallar onların mənfur siyasətinin tərkib hissəsi idi.

1918–1991-ci illərdən başlayaraq Qərbi Azərbaycanda azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilər tərəfindən  zəbt edilib. 223 qəbiristanlıq, 500 alban məbədi, 630 məscid, 150 pir/ocaq/ziyarətgah, 4500 qəbirüstü abidə, 200 türbə, 120 karvansara və minlərlə tarixi-memarlıq abidəsi tədricən vandalizmə məruz qalıb. Ümumilikdə, 10000-dən çox tarixi, dini və maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, Hazırda Ermənistan ərazisində – İrəvanda  yalnız Göy məscid, bölgələrdə isə bir neçə məscid qismən salamat qalıb ki, onlar da konstruktiv dəyişikliklərdən sonra  fars (İran) məscidi kimi təqdim edilir. Həyata keçirilən bu dağıdıcı fəaliyyətin kökündə irqçilik və nifrət dayanır.

Ermənistan rəhbərliyi “azərbaycanlıların təmizlənməsi aksiyası”nı başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarının dəyişdirilməsinin növbəti və yekun mərhələsinə başladılar. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli fərmanı ilə 90 yaşayış məskəninin adı dəyişdirilib. Bu, Ermənistanda 1920–1987-ci illər ərzində aparılan “addəyişmə əməliyyatı”nın davamı hesab edilə bilər. Təkcə 1920-ci ildən 1991-ci ilə qədər Ermənistanda 650 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilib. Ad dəyişmə əməliyyatı hal-hazırkı dövrdə də davam edir.

Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar orada yaşadığı dövrdə ərazinin qədim və əzəli sakini kimi tarixin bütün dövrlərini əhatə edən, onun orada fiziki varlığını göstərən zəngin milli maddi-mədəni miras yaradıb. Azərbaycanlıların yaratdığı zəngin mədəniyyət əsrlərdən bəri qorunub saxlanmış müxtəlif mənşəli abidələrdə yaşayıb, xalqın, millətin milli mənəviyyatını özündə əks etdirir. Yüzilliklər ötdükcə, zaman keçdikcə xalqın yaratdığı və nəsillərə qoyduğu maddi-mədəni miras daha da əzəmətli, möhtəşəm görünür. Maddi-mədəni miras xalqın keçmiş qüdrətinin, əzəmətinin tarixi yaddaşı kimi bu mədəniyyətin varislərinin varlığını qürur hissi ilə doldurur. Maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı və mühüm tarixi dəyəri olan sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni miras zəngin xəzinəyə çevrilir.

Sübhəsizdir ki, maddi-mədəni irs onu ərsəyə gətirən millətin pasportu milli kimliyininin daşıyıcısı kimi tanınır və qəbul edilir. Maddi-mədəni irs yurdu vətənləşdirən, vətəni əbədiləşdirən dəyərdir. Maddi-mədəni irs milləti kökə bağlayan, milli-tarixi yadaşı qoruyub, nəsillərarası rabitəni təmin edib onları əcdadlarının izlərinə calayan dəyərdir. Qərbi Azərbaycanın maddi-mədəni irsi elin-obanının göz yaddaşı, xalqın söz yaddaşı və yurdun daş yaddaşıdır, xalqı milli kökə bağlayan tellərdir. Qərbi Azərbaycanın tarixinin və maddi-mədəni irsinin tədqiq edilməsi öz yaddaş gücü ilə silahlanan xalqın məğlubedilməzliyinin tarixən təsdiqini tapmış ənənələrindəndir. Bu məğlubedilməzliyin başlıca şərti isə tarixin bütöv şəkildə təhrifsiz, fanatikcəsinə uydurmalarsız öyrənilməsidir.
Xalqı milli kökünə bağlayan o tellər nə qədər möhkəm, tarixinə bağlılıq isə nə qədər saf və qətiyyətli olarsa, Vətən o tənasübdə əyilməz, Dövlət o tənasübdə əbədi olar. Qərbi Azərbaycanın maddi-mədəni irsi xalqın yaddaşı, tarixinin gücü, qüdrətidir. Hər abidə mənsub olduğu xalqın keçmişi ilə yanaşı, onların adət-ənənə, həyat tərzi və ruhunu yaşadır. Abidələr nəsillərin qəlbinin odunu, duyğularının nurunu, qılınc və qələm tutan əllərin gücünü, qüdrətini bizə çatdıran tarixi əmanətdir. Qərbi Azərbaycanın dastanlarından gələn nərələri eşidəndə, ulu şərqiləri dinləyəndə, bir bayatının sehrinə düşəndə qəlbin coşub, qanın qaynayırsa, deməli, xalqın yaddaş qapıları açılır üzünə; mənsub olduğun xalqın tarixi gücünə qovuşursan, o güclə silahlanırsan. Maddi-mədəni irs keçmişdən bu günə, bu gündən gələcəyə uzanan yollar, dünyanın sinəsinə həkk olan əbədi izlərdir.

Tarixi keçmişi tədqiq etmək nə qədər vacibsə, bu günü yaddaşlara hopdurmaq ondan da zəruridir. Unutmuşuq ki, yaşadığımız dövrün tarixini bizdən yaxşı heç kim yaza bilməyəcək və əgər bizə gün kimi aydın görünən həqiqətlər elə bu gün tam aydınlığı ilə gələcəyə əmanətlənməsə, bunu bizə heç kim bağışlamayacaq. Bugünkü tarix barədə sabah yazılacaq əsərlər quru statistikadan, basmaqəlib xronologiya çərçivəsindən başqa bir şey olmayacaq və gələcək nəsillər quru rəqəmlər arasındakı boşluğu doldurmaq üçün bu gün çəkdiyimizdən qat-qat çox əziyyət çəkməli olacaqlar. Tarix əməllə sözün vəhdətindən dikəlir. Bu iki başlıca amildən biri olmayanda, digəri də öz dəyərini itirir.

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus minlərlə maddi-mədəni irs nümunəsinin olduğu yerdir. Fəqət bu irsin ancaq müəyyən bir hissəsi günümüzə qədər tədqiq edilib. Qərbi Azərbaycanın maddi-mədəni irsinin əsaslı tədqiq edilməməsinin bir səbəbi sovet hakimiyyəti dövründəki qadağalarla bağlı olsa da,  o yurdun gözdən və diqqətdən iraq olması, itirilmə qorxusu olmadığı üçün xüsusi diqqətə ehtiyac duyulmaması və onun salnaməsini yazmağa tələsməmələri ilə də əlaqələndirmək olar.

Tarixin fərqli dövrlərində azərbaycanlılar Qərbi Azərbaycanda ulu əcdadlarının ona əmanətlədiyi maddi-mədəni irsi qorusa da, sonuncu deportasiyasından sonra qədim kitabələrimiz, məbədlərimiz, məscidlərimiz, türbələrimiz, qalalarımız, pir/ocaq/ziyarətgahlarımız və digər maddi-mədəni irs nümunələrimiz ermənilər tərəfindən dağıdılıb və əksər hissəsi isə mənimsənilib. Bununla dünənimiz və bu günümüz arasında keçilməz yarğanlar qazmağa çalışırlar. İndiki Ermənistan ərazisində qalan, xüsusi milli-mənəvi dəyər kəsb edən yararlı vəziyyətdə olan və ya xarabalığa çevrilən bu tarixi, unikal abidələr bəzi hallarda ermənilər tərəfindən mənimsənilərək, bütün dünyaya “erməni abidəsi” kimi təqdim olunmaqdadır. Eyni zamanda hazırda Qərbi Azərbaycanda salamat qalan bir neçə maddi-mədəni irsimizin nümunələri olan Göy məscidi “fars məscidi”, Əmir Səəd türbəsini türkmən abidəsi kimi təqdim edilir.

Qərbi Azərbaycanın maddi-mədəni irsinin elmi və tarixi baxımdan tədqiq və təbliğ edilməsi soykökünə bağlılıq, milli özünüdərk, milli tarixi şüur, habelə milli kimlik və milli mədəni irs məsələləri ilə bağlı tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, həmçinin bir çox cavabı dəqiq olmayan müzakirəli məsələləri aradan qaldırmağa təsir göstərə bilər.

  Əfqan Vəliyev
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri
Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü