SÜLHƏ APARAN YOL, YOXSA YENİ MANEƏ?

Gələn il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Lakin Ermənistan hakimiyyətinin rəsmi Bakının sülh quruculuğu yolunda əsas tələblərindən biri olan konstitusiya dəyişikliyini ona qədər, yaxud da həmin tarixdən sonra həyata keçirəcəyi hələ ki, sual altındadır. Çox güman ki, rəsmi İrəvan konstitusiya dəyişikliyi ilə bağlı referendumu parlament seçkisindən sonraya saxlayacaq. Bu isə özlüyündə müxtəlif suallar doğurur.

Ermənistanın hazırkı konstitusiyasında 1990-cı ildə qəbul edilmiş və sonrakı redaksiyalarda da saxlanılmış bəzi müddəalar xüsusilə Azərbaycan üçün qəbuledilməz sayılır. Bu müddəalarda “Dağlıq Qarabağ” ifadəsi bir neçə dəfə işlədilir, ən başlıcası, Ermənistanın müstəqillik bəyannaməsindəki “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ideyası bu konstitusiyanın hüquqi əsasını təşkil edir. Azərbaycan tərəfi haqlı olaraq bildirir ki, Ermənistanın bu müddəaları dəyişmədiyi təqdirdə, yekun sülh sazişinin imzalanması qeyri-mümkündür. Belə bir vəziyyətdə sülh sazişinə imza atılması Ermənistan tərəfindən gələcəkdə bu sənədi hüquqi müstəvidə şübhə altına almaq üçün zəmin yarada bilər.

Ermənistan hökuməti 2024-cü ilin ortalarından bəri konstitusiyanın yenidən işlənməsi və dəyişdirilməsi ilə bağlı işçi qrup formalaşdırıb və ictimai müzakirələr aparır. Lakin referendumun 2026-cı il parlament seçkilərindən sonraya saxlanması nəzərdə tutulur. Çox güman ki, hökumət bu addımla daxili siyasi sabitliyi qorumağa çalışır. Paşinyan hökuməti ehtiyat edir ki, konstitusiyada Qarabağla bağlı ifadələrin çıxarılması ölkə daxilində revanşist dairələrin təzyiqlərini artıra bilər. Bu isə seçkilər ərəfəsində iqtidarın mövqeyini zəiflədə bilər. İkinci mühüm məqam məsələni siyasi manipulyasiya vasitəsinə çevirməklə bağlıdır. Belə ki, konstitusiya dəyişikliyi sülh prosesində Ermənistanın əlində təxribat vasitəsinə çevrilə bilər. Düzdür, bu, rəsmi Bakının tələb etdiyi dəyişiklikdir, lakin İrəvan bunu “kompensasiya” tələbi ilə şərtləndirə bilər. Üçüncü məqam da zaman qazanmaq və sülhü uzatmağa xidmət edir ki, Ermənistanın konstitusiya dəyişikliyini sülh prosesindən kənarlaşdırması, sanki yekun razılaşmanı qeyri-müəyyən gələcəyə saxlamaq məqsədi daşıyır. Bu, sadəcə hüquqi məsələ deyil, həm də siyasi iradənin göstəricisidir.

Ermənistanın konstitusiya dəyişikliyini parlament seçkilərindən sonraya saxlaması özündə bir neçə strateji riski cəmləyir. İlk növbədə bu, sülh sazişinin imzalanmasını ləngidə bilər. Haqlı olaraq konstitusiya dəyişmədən Ermənistan tərəfinin sülh sənədini imzalaması Bakının legitim narahatlıqlarını artırır. Bu da sabitliyin pozulması ehtimalını gücləndirir. Qarabağ məsələsi artıq hərbi yolla həll olunsa da, Ermənistanın konstitusiyasında bu məsələni diri saxlamaq cəhdləri gələcəkdə regionda sabitliyə xələl gətirə bilər. Digər tərəfdən belə olan təqdirdə təhlükəsizlik zəmanətləri də zəifləyə bilər. Azərbaycanın sülh sazişindən gözləntisi yalnız silahların susması deyil, eyni zamanda hüquqi və diplomatik təminatlardır. Ermənistanın konstitusiyası isə bu təminatlara ziddiyyət təşkil edir.

Ermənistan tərəfi referendumun seçkilərdən sonraya saxlanmasını texniki və sosial səbəblərlə əsaslandırsa da, bu qərar beynəlxalq ictimaiyyət tərəfindən sülh prosesi üçün “gizli əngəl” kimi dəyərləndirilə bilər. Xüsusilə Rusiya və İranın regiondakı maraqları kontekstində Ermənistanın qeyri-müəyyən siyasəti regional güclərə də manevr imkanları yaradır. Bu isə dolayısı ilə Cənubi Qafqazda uzunmüddətli sabitliyin qurulmasına əngəl olur. Belə bir vəziyyətdə Azərbaycan tərəfi beynəlxalq təzyiq imkanlarından istifadə etməlidir. Ermənistanın sülh prosesini ləngitməsi ATƏT, Avropa İttifaqı və digər tərəfdaşlara açıq şəkildə izah edilməli, bu mövqe hüquqi sənədlərlə əsaslandırılmalı, Azərbaycanın hüquqi və diplomatik mövqeyi aktiv şəkildə müdafiə edilməlidir. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, bunun hüquqi əsaslarını yaratmalı, siyasi iradəsini konkret addımlarla sübut etməlidir. Konstitusiya dəyişikliklərini seçkilərdən sonrakı zamana ötürmək və regionda qeyri-müəyyənliyi saxlamaq cəhdi, əslində, yeni qarşıdurmalar üçün zəmin hazırlamaq deməkdir. Bu isə nə region ölkələrinin, nə də beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir.