SİYASİ MANİPULYASİYA, YOXSA ÖLKƏMİZƏ MƏNASIZ TƏSİR CƏHDİ?!

Azərbaycan yaxın qonşu dövlət kimi Rusiya Federasiyası ilə münasibətlərinin bərabərhüquqlu və sivil məcrada inkişafında daim maraqlı olub, bu istiqamətdə ardıcıl siyasət yürüdüb. Bununla belə, bu ölkənin rəhbərliyində və siyasi elitasında təmsil olunan bəzi şəxslərin ikitərəfli münasibətlərə güvənsizlik və soyuqluq yaradan açıqlamalarına zaman-zaman rast gəlinib.

Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin “Russia Today” kanalına son müsahibəsi zamanı regiondakı prosesləri təhrif edərək “Qarabağın mübahisəli ərazi olduğunu” bildirməsi bunun növbəti təzahürüdür. Hüquqi və siyasi əsası olmayan bu qərəzli iddianın ilk baxışdan Kremlin rəsmi mövqeyi ilə ziddiyyət təşkil etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova mediaya açıqlamasında ölkəsinin rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirib və Medinskinin fikirlərinin kontekstən çıxarıldığını iddia edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin hələ İkinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdəki çıxışları, müsahibələri zamanı hərbi əməliyyatların ölkəmizin ərazisində getdiyini, Qarabağın Azərbaycana aid ərazi olduğunu dəfələrlə bəyan edib. Eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi-siyasi yardım gözləməsinin və Rusiya ilə bağlı narazılığının əsassız olduğunu vurğulayıb.

Ümumiyyətlə, rəsmi Moskva istər BMT çərçivəsində, istərsə də çoxsaylı ikitərəfli sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq edib. 2022-ci il 21 fevral tarixdə iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin birinci bəndində birmənalı qeyd olunur: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Rusiya Prezidenti köməkçisinin əsassız açıqlamaları bu Bəyannaməyə zidd olmaqla yanaşı, ikitərəfli münasibətlərdə müəyyən gərginlik yaradır, haqlı suallara yol açır. Paralel olaraq Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri vəzifəsini icra edən Vladimir Medinskinin Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə etmək cəhdi də tamamilə absurd, reallıqdan uzaqdır. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında qeyd edildiyi kimi: “Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına görə və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir”.

Ümumiyyətlə, Qarabağ beynəlxalq səviyyədə heç zaman mübahisəli ərazi kimi tanınmayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı birmənalı təsbit edilib. ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq qurumlar ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək ifadə ediblər. Qarabağda formalaşdırılmış qeyri-qanuni, separatçı rejimi 30 ilə yaxın müddətdə nəinki Rusiya, heç işğalçılıq siyasəti yürüdən Ermənistan belə tanımağa cürət etməyib. Belə olan halda, Vladimir Medinskinin “Qarabağın mübahisəli ərazi” olmasını iddia etməsi, sadəcə, məkrli siyasi məqsəd güdən siyasi manipulyasiya cəhdidir.

Rusiyanın bəzi rəsmi şəxslərinin vaxtaşırı səsləndirdikləri bu cür absurd açıqlamaların Ermənistana “xoş gəlmək”, Kremlin bu “for-post” ölkəyə təsir imkanlarını qoruyub saxlamaq məqsədinə xidmət etdiyi şübhəsizdir. Son illər Rusiya Ermənistanı yenidən öz təsir dairəsinə qaytarmaq üçün müxtəlif siyasi gedişlərə əl atır. Lakin bu və digər Rusiya rəsmisinin sayıqlamalarına rəğmən, “qatar çoxdan gedib”: Azərbaycan 2023-cü ilin sentyabr ayında suveren ərazisində keçirdiyi lokal antiterror tədbirləri ilə Qarabağda erməni separatizminə birdəfəlik son qoyub. Bu əməliyyat beynəlxalq hüququn norma və prinsiplərinə uyğun keçirilib, ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələnib. Vladimir Medinskinin, yaxud digər hansısa Rusiya rəsmisinin mövcud geosiyasi reallığı başqa konteksdə təqdim etməsi Ermənistanda sülh əleyhinə olan radikal qüvvələrə “təsəlli vermək”, revanşizmi dəstəkləmək cəhdidir.

Rusiya Prezidentinin köməkçisinin bu sərsəm açıqlamasının rəsmi Bakının AZAL-ın təyyarəsinin vurulması ilə bağlı rəsmi Moskva qarşısında obyektiv və ədalətli istintaq aparmaq, gühahkarları cəzalandırmaqla bağlı sərt tələblərindən sonraya təsadüf etməsi faktını da diqqətdən qaçırmaq olmaz. Belə görünür ki, ölkəmizin milli təhlükəsizliyinə yönəlmiş istənilən təxribat cəhdinə qarşı qətiyyətli yanaşması Rusiyanın müəyyən rəsmi dairələrində əsassız narahatlıq yaradır. Vladimir Medinskinin absurd açıqlamaları da, bu mənada rəsmi statusu olmayan, lakin siyasi “təsir məqsədi” güdən ritorikanın təzahürüdür.

Tarixi və hazırkı reallıqları təhrif edən absurd fikirlərin fərdi mövqe kimi təqdimatı da inandırıcı deyil. Sirr deyil ki, bu cür yüksək vəzifə tutan şəxslərin çıxışları, xüsusən də həssas geosiyasi mövzulardakı açıqlamaları adətən mərkəzləşdirilmiş “siyasi razılaşma” çərçivəsində edilir. Bu baxımdan, V.Medinskinin açıqlamasının Kremlin razılığı olmadan verildiyini düşünmək reallıqdan uzaqdır. Prezidentin köməkçisi statusuna malik şəxsin, üstəlik dövlətin tarix siyasətini formalaşdıran orqanın rəhbərinin belə həssas mövzudakı açıqlaması sadəcə, “özfəaliyyət nümunəsi” kimi təqdim oluna bilməz.

Ölkəmizin mövqeyi birmənalı və aydındır: Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır, burada artıq suverenlik tam təmin olunub. Rusiya rəsmisinin bu reallığı görməzdən gəlməsi isə onun şəxsi siyasi səbatsızlığının, möhtəkirliyinin təzahürüdür. Azərbaycan bu cür ritorikadan çəkinmir və milli maraqları ilə bağlı prinsipial mövqeyini hər zaman ortaya qoyur. Əgər Moskva Cənubi Qafqazda real tərəfdaşlığa, etimada əsaslanan siyasət aparmaq istəyirsə, bu cür məsuliyyətsiz çıxışlar edənlərə qarşı tədbir görməlidir.