7 dekabr 2023-cü il tarixində Ermənistan və Azərbaycan bəzi şərhçilərin əlamətdar bir razılaşma adlandırdıqları ortaq bir açıqlama yayaraq beynəlxalq ictimaiyyəti təəccübləndirdilər. Son 30 ildə Qarabağ uğrunda mübarizə aparmış bu iki ölkə əsir götürülmüş hərbçilərin qarşılıqlı azad olunduğunu elan edərək uzunmüddətli sülh sazişinə ümid yaratdılar.
2020-ci ildə minlərlə insanın ölümü və Azərbaycanın qələbəsi ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Bakı dəfələrlə Qarabağ münaqişəsinin bitdiyini elan etmiş, lakin nə Ermənistan, nə Rusiya, nə də Qərb bu yanaşma ilə razılaşmamışdılar.
2023-cü ilin sentyabr ayının ortalarında separatçıların təslim olması və bölgənin etnik ermənilərinin kütləvi şəkildə köçməsi ilə nəticələnən qondarma “Dağlıq Qarabağ Respublikasına” qarşı Azərbaycanın hərbi kampaniyası isə hər şeyi dəyişdirdi. Beynəlxalq ictimaiyyət istəsə də, istəməsə də Qarabağ münaqişəsinin həqiqətən başa çatdığını qəbul etməli oldu.
Nə qədər paradoksal səslənsə də, hərbi əməliyyatın nəticələri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə zəmin yaratdı: Qarabağ məsələsi tarixən iki dövlət arasında əsas maneə olduğundan, onun həlli münasibətlərin normallaşmasına da yol açdı.
Vacib məqamlar
Son aylarda Azərbaycanla Ermənistan arasında arasında keçirilən danışıqlar Bakının 2022-ci ildə təklif etdiyi baza prinsiplərə əsaslanıb:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası (Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq) və diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; və
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək.
Tərəflərin dəfələrlə etdiyi açıqlamalarda beş bənddən ilk üçü ilə bağlı razılığa gəldikləri deyilir.
Bu baza prinsipləri əhatə edən sənəd sonrakı danışıqlar üçün zəmin hazırlayan çərçivə sazişi kimi görünür. Bakıda sentyabr ayına qədər mövcud olan tələskənlik hissi zəifləyib, çünki Azərbaycan 30 illik münaqişənin bitdiyini qəbul edir. Azərbaycan paytaxtındakı əsas diskursa görə, sülh və münasibətlərin normallaşması İrəvana daha çox lazımdır və o daha çox aktivlik göstərməlidir. Bundan əlavə, Ermənistan tərəfi Azərbaycan üçün narahatlıq və qıcıq mənbəyi olan məsələlərin çözümünə çalışmalıdır.
Bu məsələlərə Qarabağdan kənarda hazırda erməni işğalı altında olan Azərbaycan eksklavlarının taleyi daxildir. (Hamısı birlikdə “eksklav kəndlər” kimi tanınsa da, səkkiz Azərbaycan kəndindən yalnız dördü texniki cəhətdən eksklavdır, çünki qalan dördünün Azərbaycanla birbaşa əlaqəsi var). Azərbaycanın 86,6 min kvadrat km-lik ərazi bütövlüyünü tanıyan Ermənistan hələ də bu məsələdə aydın mövqe nümayiş etdirməyib və bu da eksklavların taleyi ilə bağlı qeyri-müəyyənlik yaradır. Həll yollarından biri ərazi mübadiləsi ola bilər. Eyni zamanda eksklav kəndlərin Azərbaycana qaytarılması hazırda çox da real görünmür, çünki Bakı onlara nəzarət etmək üçün quru əlaqəsinə ehtiyac duyacaq. Üstəlik, Tbilisi və İrəvanı birləşdirən strateji avtomobil yolu bu eksklavların birindən keçir və Ermənistan yol üzərində nəzarəti itirmək niyyətində deyil.
Vəziyyəti mürəkkəbləşdirən daha bir məqam isə Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bir neçə dəfə bəyan etməsinə rəğmən, Ermənistan qanunvericiliyinin Azərbaycana qarşı hələ də ərazi iddialarını ehtiva etməsidir: Ermənistanın dövlət suverenliyi haqqında 21 sentyabr 1990-cı il tarixli Bəyannamədə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi haqqında 1989-cu il tarixli birgə qərara istinad edilir. Bu hüquqi fon Ermənistan Konstitusiya Məhkəməsinin sülh sazişini rədd edə biləcəyi və ya İrəvanda sonralar mümkün hakimiyyət dəyişikliyinin ərazi iddialarını canlandıra biləcəyi ssenariləri qabaqcadan görən Azərbaycanda narahatlıq yaradır. Azərbaycan normallaşma prosesinin kövrəkliyini nəzərə alaraq bu cür sənədlərin mövcudluğu və onların yaratdığı potensial riskləri qabardaraq həll edilməsini istəyir.
Ermənistanın sülh sazişinə Qarabağın statusu və ya Qarabağ ermənilərinin hüquqları və Azərbaycana qayıtması ilə bağlı bənd daxil etmək cəhdləri də normallaşma prosesisin irəliləyişinə mane olur. Azərbaycan tərəfi bu cür müddəları qəbul etmir və ya ona parallel olaraq 1980-ci illərin sonlarında Ermənistandan qovulmuş etnik azərbaycanlıların geri qaytarılması barədə oxşar müddəanın sənədə daxil olunmasını tələb edir.
Başqa bir məsələ iki əsas “trek” üzərində davam edən danışıqların formatıdır. Qərb istiqamətində bir müddət xeyli irəliləyiş əldə olunsa və Aİ-ni Azərbaycan- Ermənistan danışıqlarının 30 illik tarixində ən dürüst vasitəçi kimi görünsə də, Fransanın prosesə müdaxiləsi Azərbaycanın nöqteyi-nəzərinə görə xeyirdən daha çox zərər verir. Bu isə Fransanın Ermənistana hərbi təchizatı fonunda danışıqlar prosesinin qərəzsizliyini pozan amildir. Bundan əlavə, Avropa və Amerika rəsmilərinin son zamanlar anti-Azərbaycan bəyanatları da Bakıda bu “trek”ə olan inamı azaldır. Qərb istiqamətindəki çıxılmaz vəziyyəti, eyni zamanda Bakı və İrəvanın paralel Moskva prosesi çərçivəsinə həvəssiz münasibətini nəzərə alan Azərbaycan tərəfi danışıqları xilas etmək üçün Gürcüstanı alternativ vasitəçi kimi təklif edir. Bu təklifə görə, Azərbaycan-Ermənistan birbaşa danışıqlarda Gürcüstan vasitəçi rol oynayır və ya ümumiyyətlə danışıqların Azərbaycan-Ermənistan-Gürcüstan regional əməkdaşlığı formatında aparılır.
Erməni tərəfinin qorxuları
Qeyd edilməlidir ki, sentyabr ayında Qarabağ separatçılarının təslim olmasından sonra beynəlxalq KİV-də Zəngəzur dəhlizi gündəmin əsas mövzusuna çevrildi. Ermənistan, Qərb ölkələri və beynəlxalq mətbuat Azərbaycanın əsas hissəsinin Naxçıvan eksklavı (və həmçinin Türkiyə) ilə əlaqə dəhlizinin yaradılması məqsədilə Azərbaycanın cənubi Ermənistana “gözlənilən” hücumu barədə xəbərdarlıq etməyə başladılar. Belə bir “hücumun” heç zaman müzakirə olunmadığı Azərbaycan paytaxtında bu cür xəbərlər həqiqətən də xeyli təəccüb və çaşqınlıq yaratdı. Əslində, Bakı vaxtilə eksterritorial Zəngəzur dəhlizi ideyasını məhz eksterritorial Laçın dəhlizinə ekvivalenti kimi irəli sürmüş, sonuncu üzərində nəzarət-buraxılış məntəqəsi yaratdıqdan və hərbi kampaniyanın ümumiyyətlə Laçın dəhlizi məsələsinin aktuallığını pozmasından sonra Zəngəzur dəhlizi ilə bağlı da yeni şərtlər əmələ gəlmişdir. Azərbaycanın təkidlərinə baxmayaraq Ermənistanın həvəssizliyi və İranın bu marşruta qarşı çıxması onun reallaşdırılmasına mane olur. (Üstəlik, Azərbaycan həqiqətən də Qərb mətbuatının iddia etdiyi kimi Zəngəzuru zorla ələ keçirmək niyyətində olsaydı, İranla “Araz Dəhlizi” adlanan alternativ marşrutun araşdırılması ilə bağlı danışıqlar aparmazdı.)
İstənilən halda, çevikliyini təmin etmək və hər iki ölkədən asılılığı azaltmaq naminə Azərbaycanın üçün ən yaxşı ssenari Naxçıvana həm Ermənistan, həm də İran marşrutlarının işləməsi olardı. Öz növbəsində, Ermənistan Zəngəzur dəhlizinin dirçəlməsində maraqlı olmalıdır ki, bu da İrəvanın fəal təbliğ etdiyi “Sülh kəsişməsi” təşəbbüsünə uyğun ola və Ermənistan rəhbərliyinə Naxçıvanla əlaqənin təminatçısı kimi Azərbaycana qarşı güclü təsir rıçaqları verə bilər.
Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün Qərbə istiqamətlənmə baxımından da faydalı ola bilər. Ermənistanın təkcə ikitərəfli siyasi və iqtisadi münasibətləri bərpa etmək üçün deyil, həm də Qərbə pəncərə kimi Türkiyəyə mütləq ehtiyacı var, amma əvvəlcə İrəvan Bakı ilə münasibətlərin normallaşmasına nail olmalıdır. Bir erməni ekspertin bu yaxınlarda məqalə müəllifinə etdiyi şikayətə görə, “İrəvan Bakı və Ankara ilə deyil, iki Bakı ilə qonşudur”. Başqa sözlə, Ermənistan-Türkiyə yaxınlaşmasına gedən yol da Azərbaycandan keçir.
Azərbaycan keçmişdə Rusiyanın təzyiqlərinə məruz qalmış ölkələrə yardım əlini nəzərə alsaq, gələcəkdə Ermənistanın xarici siyasət istiqamətindəki dəyişikliyi də dəstəkləyə bilər. Xatırladaq ki, Azərbaycan 2008-ci ildə Gürcüstana Rusiya ilə müharibə zamanı elektrik enerjisi, qaz və hətta nəğd pul, 2009-cu ildə Belarusa Rusiya ilə “süd müharibələri” zamanı maddi yardım, həmçinin Moldovaya “Qazprom”un son Kişinyova təzyiqi fonunda təbii qaz və ən son olaraq Ukraynaya yenə də Rusiya ilə konflikt zamanı pulsuz yanacaq, humanitar yardım, minalardan təmizləmə avadanlığı və hətta bəzi spekulyasiyalara görə silah-sursat təqdim etmişdi.
Sülh prosesini necə sürətləndirmək olar?
2023-cü ilin sentyabrına qədər Azərbaycan siyasi çevrələrində əsas drayver rolunu oynamış tələskinlik hissi yenidən aktuallaşa və çıxılmaz vəziyyətə düşmüş danışıqları sürətləndirə bilər.
Bu prosesi sürətləndirə biləcək ilk amil Rusiyanın bölgəyə geri dönüşüdür. Belə ki Ukraynadakı hərbi əməliyyatlar teatrında nisbi sabitliyi nəzərə alsaq, bu il Rusiya ilə Ukrayna arasında atəşkəsin baş verəcəyini güman etmək mümkündür. Bu gedişat isə Kremlin diqqətinin yenidən Qafqaz və Orta Asiyaya qayıdışı ilə nəticələnə bilər. Rusiyanın Qarabağ məsələsi ilə hər zaman Azərbaycan və Ermənistan üzərində təsir rıçaqlarını nəzərə alsaq, hər iki ölkənin maraqları Rusiyanın bölgədəki nüfuzunu azaltmaq üçün sülh prosesini sürətləndirməyi tələb edir.
Prosesi sürətləndirə biləcək başqa amil Yaxın Şərq münaqişəsinin Cənubi Qafqaza mümkün təsirləridir. İsrailin HƏMAS-la davam edən müharibəsi həm Yaxın Şərq, həm də Cənubi Qafqaz proseslərdinə fəal iştirakı edən İran kimi dövlətə görə regional mənzərəyə əhəmiyyətli dərəcədə təsir edə biləcək faktordur. Yaxın Şərqdəki gərginlik qonşu bölgələrdə tarixi bir tendensiyaya sahib olduğundan, Cənubi Qafqaz üçün potensial risklər daşıyan bu cür dinamika isə müvafiq problemlərin həllinə və qeyri-sabitlik riskinin azaldılmasına fəal yanaşmanın vacibliyini vurğulayır.
Nəhayət, noyabr ayında Azərbaycanda dünyada ən nüfuzlu tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 sammiti keçiriləcək. Azərbaycan tərəfinin bu qlobal tədbirə olan diqqətini nəzərə alsaq, Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşmasını regionda sabitliyin və ölkənin müsbət niyyətlərinin göstəricisi kimi mesajlar ötürə bilər.
Qeyd edildiyi kimi, Azərbaycan tərəfi həm üstünlüyü olduğu, həm də Ermənistanın ilk növbədə həll etməli olduğunu düşündüyü bir neçə problemi qaldırdığı üçün Ermənistanla sülh sazişi imzalamağa tələsmir. Eyni zamanda, yaxın həftələrdə sülh razılaşması baş versə də heç kəs təəccüblənməməlidir. Eyni zamanda Azərbaycan hökuməti İkinci Dünya Müharibəsindən sonra rəsmi sülh müqaviləsi olmadan da siyasi və iqtisadi münasibətləri inkişaf edən Yaponiya-Rusiya kimi bəzi nümunələrə istinad edərək, hər hansı bir razılaşma baş vermədən də normallaşma prosesini nəzərdən keçirə bilər.
Bakı və İrəvanın birgə bəyanatları göstərir ki, tərəflər qeyri-rəsmi kanallar vasitəsilə əlaqələrini davam etdirir və yaxın zamanda irəliləyiş əldə oluna bilər. Həqiqətən, iki ölkə arasındakı ümumi gərginliyə, inamsızlığa və həll olunmamış məsələlərə baxmayaraq, 2024-cü ildə sülh müqaviləsinin imzalana biləcəyi və regionun taleyinə təsir edəcəyi ilə bağlı da nikbinlik saxlanılmalıdır.
Daha ətraflı: https://top-center.org/az/tehlil/3609/azerbaycan-ve-ermenistan-qarabagdan-sonra