ALBANİYANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ AZƏRBAYCAN HƏLLEDİCİ ROL OYNAYACAQ

Enerji təhlükəsizliyinin Avropa üçün ən aktual problemlərdən birinə çevrildiyi müasir dövrdə Azərbaycan qitənin enerji mənbələrinin şaxələndirilməsinə yardım edən əsas oyunçulardan biri kimi qəbul edilir. Artıq dünya miqyasında qəbul olunan həqiqətdir ki, Avropa dövlətləri geosiyasi gərginliklər və Ukraynadakı müharibə fonunda Rusiya qazından asılılığını azaltmağa çalışdıqca, Azərbaycanın strateji coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları onun etibarlı alternativ enerji təchizatçısı kimi rolunu getdikcə yüksəldir. Elə bu səbəbdəndir ki, enerji təhlükəsizliyinin təmin edilməində Azərbaycanla əməkdaşlıq edən Avropa ölkələrinin sayı artır.  Tezliklə daha bir Avropa ölkəsi təbii qazla təminatını əsas etibarı ilə Azərbaycana həvalə edəcək. Söhbət Albaniyadan gedir.

Proseslərin gedişi göstərir ki, Azərbaycan Avropanın təbii qazla təmin olunmasında, ümumiyyətlə, bu ölkədə qazlaşma prosesində həlledici rol oynayacaq. Albaniyanın Korça şəhərinin qazlaşdırma layihəsi bunun ən real nümunələrindən biridir. Azərbaycanın bu istiqamətdə addımları, həyata keçirdiyi fəaliyyət Albaniyada olduqca yüksək qiymətləndirilir. Korça şəhərinin qazlaşdırmasını nəzərdə tutan  Nur layihəsinin təqdimatına həsr olunmuş tədbirdə çıxışı kontekstində bu xüsusda Albaniyanın Baş naziri Edi Rama bildirib: “Bu təşəbbüsün həyata keçirilməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəstəyi misilsizdir. O, Albaniyanın və alban xalqının ən böyük dostudur. Bu layihə Albaniya üçün olduqca vacib və strateji bir dövrə təsadüf edir. Hazırda Albaniya regionda ən yüksək həcmdə enerji istehsal edən ölkəyə çevrilmək ərəfəsindədir. Belə strateji bir layihənin uğurla həyata keçirilməsi yalnız beynəlxalq əməkdaşlıq ilə mümkündür. Azərbayca ilə dostluğumuzun göstəricisi olan bu layihənin 2026-cı ilin sonunadək reallaşmasını və Korça əhalisinin qazla təmin olunmasını gözləyirik”.

Albaniyaya qaz tədarükü istiqamətində görülən işlər gələn ildən başlayaraq, bu ölkənin Azərbaycan “mavi yanacağı”nın fəal istifadəçiləri sırasında yer alacağını göstərir. O da xüsusi qeyd edilməlidir ki, Korça şəhərinin qazlaşdırma layihəsi Azərbaycanın investisiyaları hesabına həyata keçirilir. Müvafiq layihənin icraçısı SOCAR şirkətidir. Layihənin icrası çərçivəsində şəhər qaz paylama şəbəkəsi yaradılacaq. Korçanın qazlaşdırılması layihəsi başa çatdıqdan sonra SOCAR Albaniyanın Poqradets və Erseke şəhərlərinin qazlaşdırılmasını da nəzərdə tutur.  Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirir ki, Azərbaycanla enerji sahəsində də əməkdaşlıq ölkəsi üçün  müstəsna əhəmiyyətə malikdir. Onun sözlərinə görə, 2026-cı ildə Albaniya ilk dəfə TAP kəməri vasitəsilə qaz alacaq: “Azərbaycanla əməkdaşlıq Albaniyaya enerji sistemini genişləndirmək və modernləşdirmək üçün real imkanlar təqdim edir. Məhz buna görə biz Azərbaycandan qaz tədarükünü strateji layihə kimi nəzərdən keçiririk və energetikanın digər istiqamətlərində də qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi planlaşdırırıq. Albaniya dinamik inkişaf edən enerji sektoruna malik bir ölkədir, lakin qaz sahəsində geri qalır. Məhz buna görə də biz Azərbaycandan qaz tədarükünü strateji layihə kimi nəzərdən keçiririk və enerjinin digər istiqamətlərində də qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi planlaşdırırıq”.

O da mühüm məqamlardan biridir ki, Albaniyanın enerji sektoru əsasən kömür stansiyalarından asılıdır. Bu da ətraf mühitin çirklənməsinə səbəb olur.  Amma Azərbaycan təbii qazının bu ölkəyə ixracı enerji təminatı ilə yanaşı, ətraf mühitin mühafizəsində də tamam fərqli vəziyyət yaradır. Ölkəmizlə əməkdaşlıq sayəsində Albaniya enerji təchizatını şaxələndirəcək, iqlim gündəliyinin tələblərini uğurla icra edəcək, dekarbonizasiya hədəflərinə nail olacaq.

Albaniya ilə yanaşı, Azərbaycan bir sıra Avropa ölkələrinin, bəzi digər dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır. Hətta bəzi ölkələr üçün Azərbaycanın rolu həlledici xarakter daşıyır. Azərbaycanın karbohidrogen resurslarının əsas alıcıları qismində məhz Avropa ölkələri çıxış edirlər. Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir.  Bununla belə Avropa İttifaqı Azərbaycandan daha çox “mavi yanacaq” idxal etmək istədiyini bəyan edir və bu məsələni davamlı olaraq gündəmdə saxlayır. Azərbaycan da öz növbəsində Avropa İttifaqı ilə təbii qaz sahəsində əməkdaşlığını genişləndirməyə hazır olduğunu bəyan edir.  Lakin  ölkəmiz onu da bildirir ki, Avropa Azərbaycandan imzalanmış müqavilələrdə nəzərdə tutulduğundan əlavə həcmdə qaz ala bilmək üçün müvafiq infrastruktur formalaşdırmalıdır. İndi Avropada bu məqama da xüsusi diqqət olunur. Elə bu kontekstdə Avropada Azərbaycan qaz təchizatının coğrafiyası genişlənməkdə davam edir. Avropa ölkələrinin qazpaylayıcı infrastrukturunun yaradılması ilə bağlı görülən işlər Azərbaycan qazından istifadə edənlərin sayının artmasında mühüm rol oynayır.

Qeyd edilməlidir ki, 2027-ci ilin sonunadək ölkəmizdən Avropaya təbii qazın ixrac həcminin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Amma ölkə daxilində yaşıl enerjinin istehsal həcminin artması ilə Azərbaycan Avropaya daha çox təbii qaz ixrac etmək imkanı qazanır. Yaxın tezlikdə ölkəmizdəki yaşıl enerji hasilatının ixraca yönələn istiqamətinin əsas bazarı yenə Avropa olacaq. Təbii qazla yanaşı, Avropa Azərbaycanda istehsal edilən elektrik enerjisinin də əsas istehlakçılarından birinə çevriləcək. Azərbaycanın böyük həcmdə bərpaolunan enerji potensialına malik olması ölkəmizdən Avropaya yaşıl enerjinin nəqlinə böyük imkanlar yaradır. Bu fonda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair sazişin imzalanması, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizinin yaradılması həm Avropa, həm də ölkəmiz üçün yeni imkanlar açır.