14 fevral 2022-ci il tarixdə ictimaiyyət nümayəndələrinin, müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinin, millət vəkillərinin, siyasətçilərin, beyin mərkəzlərinin, QHT təmsilçilərinin, jurnalistlərin və sosial media fəallarının iştirakı ilə Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı kitab təqdimatına həsr edilmiş konfrans keçirilib.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan hesabatda “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” əsaslı və ətraflı şəkildə izah edilib.
Tədbiri giriş nitqi ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirdi ki, tədbirin əsas məqsədi odur ki, informasiya meydanındakı savaş Vətən müharibəsinin tərkib hissəsidir: “Bu ideyaya xidmət edən və təqdimatına toplaşdığımız “Qlobal Araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” kitabı yeni informasiya əsrində və post-müharibə dövründə rəqəmsal inqilab, texnoloji inkişaf və süni intellekt platfotmalarından ölkəmiz əleyhinə sistemli informasiya terrorunu həyata keçirən qrupların məqsədlərini təyin etməyə imkan verir, sifarişçiləri, iştirakçıları, maliyyələşmə mənbələrini və coğrafiyasını dərindən təhlil edir, yeni çağırış və həll yollarına işıq salır”.
Mərkəzin sədri qeyd etdi ki, analitik hesabatda ilk dəfə qlobal “araşdırmaçı jurnalist və insan hüquqları” şəbəkəsində son onillikdə baş verən proseslər, ölkəmizə qarşı pozucu fəaliyyətində yeni metodlar, meyillər, məqsədlər, aktorlar və icraçılar, Azərbaycana qarşı fəaliyyətində erməni faktoru sistemli və əsaslı faktlarla təhlil edilib.
Natiq açıqladı ki, aparılan tədqiqatda Azərbaycan xalqının ordu və dövlətimizlə birliyini, parlaq Qələbəmizi təmsil edən prezident İlham Əliyevin qlobal “araşdırma” şəbəkəsinin ardıcıl hədəfinə gəlməsində erməni faktorunun yeri və rolu peşəkarlıqla təhlil edilir, 44 günlük Vətən müharibəsində hərbi meydanda məğlub olan qüvvələrin informasiya savaşında total hücuma keçməsinə dair faktlara, “səlibçi jurnalist”lərin haker yürüşlərinin mahiyyətinə aydınlıq gətirilir:
“Bəs nə üçün Azərbaycan qlobal şəbəkənin hədəfləri sırasındadır?Bu suala regional və beynəlxalq sirləri daha yaxşı bilən prezident İlham Əliyev dəqiq cavab verir: sitat ”bizi iradələrinə tabe etdirmək istəyirlər”. Əlbəttə, şübhə yoxdur ki, beynəlxalq şantajın səbəbləri və hədəfləri çoxdur. İnformasiya hücumları təkcə Azərbaycanla bağlı deyil, Avropa ölkələri, Türkiyə, Rusiya və digər paytaxtlar üçün də daimi təhdidlər yaradır. Xatırlatmaq yerinə düşər ki, məhz 2016-cı ildə “Cambridge Analytica” şirkətinin xüsusi alqoritmlər vasitəsilə milyonlarla insanın məlumatlarını əldə etməsi rəqəmsal hücumlar və kiber təhlükələr mövzusunu xeyli ictimailəşdirdi. Ona görə də 2016-cı ildə “post-həqiqət” (post-truth) ifadəsi “Oxford dictionary” tərəfindən ilin sözü elan olundu. İndi dünyada dəyərsizləşdirilən siyasi ideallar-demokratiya və Azadlıq haqda billər rəqəmsal despotizmin və faşizimin dekorasiyasına çevrilib”.
Daha sonra Z. Oruc açıqladı ki, bu gün, Vətən müharibəsindən məğlubiyyətlə çıxan dünya erməniləri, Qərb mediasının siyasi korrupsiyaya uğrayan dairələri və onların yerli uzantıları tərəfindən Azərbaycana qarşı sistemli dezinformasiya daha da intensivləşib: “Qarabağ uğrunda mübarizə artıq kiberməkanda kütləvi və siyasi beyinləri ələ almaq mübarizəsinə çevrilib. Halbuki, informasiya məkanı coğrafi ərazimizin ayrılmaz hissəsidir. İqtisadi-siyasi azadlığımız kimi, informasiya müstəqilliyi də suverenliyimizin ayrılmaz parçasıdır. Təsadüfi deyil ki, Avropa Bilriyi 500 milyona yaxın vətəndaşını qorumaq üçün onlarla qanun və proqram qəbul edib, sərt şəkildə onlara əməl edir”.
Mövcud yeni geosiyasi reallıqda qlobal güclərin təzyiq aləti kimi çıxış edən bu şəbəkənin informasiya inqilabının ən son texnoloji imkanlarından istifadə etməklə, müstəqil Azərbaycan dövlətini başlıca hədəflərindən biri kimi müəyyən etməsinin səbəbləri barədə danışan STM rəhbəri bildirdi ki, son otuz ildə Qarabağ və Ermənistanın siyasi korrupsiya rejiminə milyardlar ayıran dünya erməniliyinin Qarabağda məğlubiyyətdən sonra bütün gücünü qlobal araşdırmaçı insan hüquq-müdafiə təşkilatlarına sızmaq üçün səfərbər etməsi hesabatda faktlarla əksini tapıb.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Dezinformasiya və milli təhlükəsizliyə təhdidlər: hüquqi-qanunvericilik sahəsində mövcud çağırışlar” mövzusunda çıxış edərək sözü gedən məsələ ilə bağlı dünyada və ölkədə duruma diqqəti cəlb etdi.
O bildirdi ki, informasiya inqilabı, sosial şəbəkələr və dezinformasiya fenomeni bir çox ölkələrdə hüquqi-qanunvericilik sahəsində çox ciddi çağırışları qarşıya çıxarıb. Suveren dövlətlərin informasiya məkanı çoxsaylı təhdid və təzyiqlərə məruz qalır. Bununla yanaşı, adekvat milli qanunvericiliklərin işlənib hazırlanması gündəmdə prioritet məsələyə çevrilib. Bu məsələ dövlət atributlarından, fundamental insan, mülkiyyət hüququndan tutmuş bütün sahələri əhatə edir. Yeni yaranan və sürətlə inkişaf edən rqımsal kriptovalyutalar, onların milli iqtisadi və siyasi təhlükəsizliyə təhdidləri digər ayrıca bir istiqamətdir. Sadalanan bu və digər məsələlər bütövlükdə kiber təhlükəsizliklə bağlı olmaqla yanaşı, milli yəhlüksizliyin önəmli sahələrindən birini təşkil edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İnformasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov isə qeyd etdi ki, sürətli internet, rəqəmsallaşma bu günün gerçəklərinə qlobal müstəvidə öz təsirini göstərməkdədir:
“Hibrid müharibələri və onların sürətli inkişafı da artıq danılmaz reallığa çevrilmişdir. Rəqəmsal cihazların bazar payının artım tempi, alqoritmlərin optimizasiyası hibrid hücumlarının daha da təkmilləşməsinə şərait yaradır. Belə olduğu təqdirdə, milli dövlətlərin qarşısında qeyd edilən hücumları təyin etmək, onları öyrənmək zərurəti yaranır. Hibrid qarşıdurmalar sahəsində yaranan təhdidlər və problemlərin həlli yollarına beyin mərkəzləri və dövlət qurumlarının birgə fəaliyyətini ehtiva edən Ekosistem çərçivəsində nail olmaq mümkündür”.
STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova “Ölkəmizə qarşı qlobal dezinformasiya şəbəkəsində erməni faktoru”adlı məruzə ilə çıxış edib.
Çıxışda ermənilər; erməni diasporu; çoxsaylı ölkələrdəki 2-3-cü nəsil ermənilər; Ermənistanın dostu olan ölkələr və erməni diasporu muzdlularının revanşizm strategiyası ətrafında səfərbər olması planının olduqca intensiv fazaya daxil olması faktlar əsasında təqdim edilib.
STM rəsmisi qeyd edib ki, son otuz ildə Qarabağ və Ermənistanın siyasi korrupsiya rejiminə milyardlar ayıran dünya erməniliyinin Qarabağda məğlubiyyətdən sonra bütün gücünü qlobal araşdırmaçı insan hüquq-müdafiə təşkilatlarına sızmaq üçün səfərbər edib:
“Onların əsas məqsədinin Azərbaycan dövlətinin imicinin beynəlxalq aləmdə hibrid informasiya müharibəsi və saxta xəbərlərlə “demonizasiyası”, informasiya məkanında nüfuzdan salmağa cəhd etməsi, ölkə daxilində 5-ci kalonu səfərbər etməklə ictimai rəyi manipulyasiya etməsi, Zəfərimizin təməl şərtlərindən olan ictimai-siyasi sabitliyimizi pozmaq yönündə yeni üsullara əl atması ətraflı təhlil edilib”.
Məruzəçi fikrini yekunlaşdıraraq bildirib ki, qlobal anti-Azərbaycançı şəbəkənin miqyası, bir tərəfdən, dünya güclərinin dəstəyinə, bütün ölkələrdə dayaq nöqtələrinə, yüksək mütəşəkkilliyə, nəhəng siyasi, iqtisadi, texnoloji resurslara malik olması, dövlətimizə qarşı gecə-gündüz aparılan aşkar və gizli fəaliyyəti şəraitində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi altında xalqımızın Vətən müharibəsində qazandığı Zəfərin möcüzəyə bərabər strateji əhəmiyyətini, tarixi dəyərini, xalqımızın bu şəbəkənin bütün hədəfləri üzərindən xətt çəkərək qalib çıxmağa qadir olmasının bütün möhtəşəmliyi ilə sübut edir.Digər tərəfdən, mövcud vəziyyət bütün potensial və resurslarını yüz dəfələrlə artırmaqla revanş götürməyə cəhd edən məğlub qüvvələrin apardığı və planlaşdırdığı yeni təhdidlərə bizim hər zaman hazır olmağımızı , çevik və anında veriləcək cavab addımlarının atılması ilə bağlı fəaliyyət həyata keçirməyimizi diqtə edir.
Milli Məclisin üzvü, Komitə sədrinin müavini Qüdrət Həsənquliyev bildirdi ki, təqdim edilən sənəd göstərir ki, İnformasiya müharibəsinin hədəfləri nələrdir:
“STM-in yaradılmasının 3- cü ildönümü ərəfəsində yayımlanmış və çox aktual mövzuya həsr olunmuş Analitik Hesabat dövlətimizi zəiflətməyə yönəlmiş bəzi qara işlərin üzərinə işıq salmaqla Azərbaycan dövlətini xaricdən, xüsusilə dünya erməniləri tərəfindən təşkil olunan ideoloji və informasiya təxribatlarından qorumaq üçün xalqımızın sosial aktiv (passionar) hissəsinin səfərbər olunmasına kömək edən əhəmiyyətli tövhədir. Hesabat belə bir qənaətimi də gücləndirdi ki, STM-in kadr potensialı imkan verir ki, bu mərkəz ciddi bir elmi tədqiqat institutuna çevrilsin və dövlət institutları ilə yanaşı geniş ictimaiyyət üçün də tədqiqatlar aparmaqla yanaşı bu sahədə fəaliyyət göstərəcək magistirlər də yetişdirsin.Hesabat həmçinin gınclərimizin informasiya müharibəsində daha aktiv və hazırlıqlı olmaları zərurətini ortaya qoyur”.
Daha sonra çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov açıqladı ki, bu gün informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiya axınının sürətlənməsi və yeni informasiya ekosisteminin formalaşması dezinformasiyaya olduqca münbit şərait yaradır. İnternet vasitəsilə saxta xəbərlərin yayılması beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır:
“Vətən Müharibəsi dövründə ölkəmizdə aktiv sosial şəbəkə istifadəçilərinin hesablarının fəaliyyəti əsassız şikayətlər nəticəsində məhdudlaşdırılmışdır. Bununla əlaqədar sosial şəbəkə inzibatçılarına edilmiş müraciətlər nəticəsində əksər hesabların fəaliyyətinin bərpası təmin edilmişdir. Sevindirici haldır ki, hazırda ölkəmiz kibertəhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrdən öndədir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu “Qlobal kibertəhlükəsizlik indeksi” hesabatına əsasən Azərbaycan reytinqdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb”.
O, yekunda qeyd etdi ki, “Dezinformasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən digər bir mövzu onlayn xəritə platformalarında ölkəmizə məxsus müxtəlif coğrafi adların, o cümlədən işğaldan azad edilmiş ərazilərin adlarının məqsədli şəkildə dəyişdirilməsi halları ilə əlaqədar bu platforma inzibatçılarına müraciətlər edilmiş, coğrafi adların bərpa edilməsinə nail olunmuşdur. Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” layihəsi hazırlanmışdır”.
Digər tərəfdən, mövcud vəziyyət bütün potensial və resurslarını yüz dəfələrlə artırmaqla revanş götürməyə cəhd edən məğlub qüvvələrin apardığı və planlaşdırdığı yeni təhdidlərə bizim hər zaman hazır olmağımızı, çevik və anında veriləcək cavab addımlarının atılması ilə bağlı fəaliyyət həyata keçirməyimizi diktə edir. Araşdırmada Vətən müharibəsində döyüş meydanında məğlubiyyətdən sonra bütün gücünü informasiya müharibəsinə səfərbər edən “qlobal erməni milləti” faktoru konkret şəxslər və təşkilatlar nümunəsində əksini tapıb. “Pandora sənədləri” üzərindən dünya ermənilərinin Azərbaycana qarşı çoxşaxəli fəaliyyətinin daha da genişlənməsi, araşdırmaçı şəbəkənin rəhbərliyi və üzvləri sırasına sızmaları təhlil edilib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Cəmiyyətdə rəqəmsal savadlılıq və dezinformasiyaya qarşı mübarizədə onun əhəmiyyəti” mövzusuna toxunaraq qeyd etdi ki, müasir dövrdə yalan xəbərlər və feyk məlumatlar sosial şəbəkələr vasitəsilə çox sürətlə yayılır: “Oxucular bəzən bu materialları doğru məlumatlardan ayrıa bilmirlər. Erməni lobbisi bu məsələdən çox ustalıqla istifadə edir. Düşünürəm ki, xüsusilə gənclərlə bağlı bu sahədə məxsusi işlər aparılmalıdır. STM xətti ilə ərsəyə gələn müxtəlif analitik materiallar gənclərin siyasi fikrinin formalaşmasında, informasiya ilə düzgün təminatında mütləq nəzərə alınmalıdır. Çünki feyk mənbələrin aşkar edilməsində gənclər xüsusi rol oynamaqla, bu prosesə mühüm töhvələr də verə bilərlər”.
Siyasi şərhçisi, tanınmış jurnalist Nurani “Jurnalistika və “fake news” – reallıq və media siyasətinin bəzi məsələləri” mövzusuna toxunaraq bildirdi ki, təəssüf ki, kütləvi informasiya vasitələrinin ictimai institut olaraq formalaşması ilə sinxron olaraq dezinformasiya da yarandı:
“Siseronun sözləri ilə desək, səhv etmək insana xas xüsusiyyətdir, lakin yalnız ağılsızlar öz səhvləri üzərində israr edirlər, o ki qaldı dezinformasiyaya onlar “insan faktoru”nun, fəaliyyətin qaçılmaz nəticələridirlər. Ümumiyyətlə feyk xəbərlər dezinformasiyalardan köklü şəkildə fərqlənirlər. Dezinformasiyalar – diqqətsizliyin, yaxud xoşniyyətli insan yanılmasinin nəticələridir. Feykler isə tamamilə anlaşıqlı formada, xüsusilə siyasi kampaniyaların bir hissəsi kimi, tamamilə gələcək yönümlü məqsədlər daxilində dövriyyəyə buraxılır. Bunun ən ciddi nümunələrdən biri olaraq Vətən müharibəsi dövründə erməni təbliğatı göstərilə bilər. Bu dövrdə onlar dezinformasiya yayaraq həm öz auditoriyasını çaşdırır, həm Azərbaycan auditoriyasinda gərginliyi artırmağa çalışır, həmçinin dünya ictimaiyyətini yanlış yerə yönləndirirdi”.
Hesabatda “insan hüquqları” sahəsində beynəlxalq təşkilatların Azərbaycan əleyhinə qərəzli münasibətinin dərindən araşdırılması, erməni faktorunun burada da kök salması, maskalanması və olduqca fəallaşması faktlar əsasında göstərilib. Ermənistanın yeni bəyan etdiyi milli rebrendinq – “Ermənistan kiçik dövlət, qlobal millətdir” devizini həyata keçirmək yönündə sözügedən qlobal şəbəkədə Vətən müharibəsində sarsıdıcı məğlubiyyətdən sonra dünya erməniliyinin: ermənilər; erməni diasporu; çoxsaylı ölkələrdəki 2-3-cü nəsil ermənilər; Ermənistanın dostu olan ölkələr və erməni diasporu muzdlularının revanşizm strategiyası ətrafında səfərbər olması planının olduqca intensiv fazaya daxil olması əsaslandırılıb.
Yekunda çıxış edən Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov açıqladı ki, hibrid təhdidlər əsrində informasiya ilə davranış beyin mərkəzləri üçün xüsusi fəaliyyət sahəsi müyəyyənləşdirir:
“Kommunikasiya siyasəti bu şəraitdə daxili və xarici istiqamətlərdə müəyyən edilir. İnformasiya mənbələri ilə iş prinsipləri mühüm əhəmiyyət kəsb edir ki, mütləq burada daxili və xarici auditoriyaya düzgün məlumatların çatdırılması, mif və stereotiplərin ziyanlarını hesablamaq vacib məsələ kimi çıxış edir”.