AZƏRBAYCAN-ABŞ HƏRBİ ƏMƏKDAŞLIĞININ YENİ MÜHÜM MƏRHƏLƏSİ BAŞLANIR

Müasir dövrdə müxtəlif dövlətlərlə hərbi əlaqələrin inkişafı hər bir ölkənin xarici və müdafiə siyasətinin əsas sütunlarından biri kimi çıxış edir. Təcrübə göstərir ki, hərbi əlaqələr, o cümlədən müdafiə sahəsində əməkdaşlıq, birgə təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi kimi məsələlər təkcə təhdidlərə qarşı çəkindirici faktor deyil, həm də sabitliyin, inkişafın təmini üçün mühüm əhəmiyyətə malikdir. Təhlükəsizliyini və qlobal mövqeyini gücləndirmək istəyən hər bir ölkə üçün hərbi əlaqələrə xüsusi diqqət yetrimək həm strateji zərurət, həm də milli müdafiəyə proaktiv yanaşmadır.

Güclü hərbi əlaqələrin birbaşa faydası milli təhlükəsizlik amilində də özünü qabarıq büruzə verir. Müttəfiq və ya dost dövlətlərlə tərəfdaşlıq nəticəsində ölkələr öz müdafiə qabiliyyətlərini gücləndirmək, kəşfiyyat məlumatlarını paylaşmaq kimi məsələlərdə daha böyük nailiyyətlər əldə edə bilirlər. Belə addımlar regional təhlükələrə, hətta təbii fəlakətlərə və ya qlobal böhranlara lazımı reaksiya sərgiləmək üçün müvafiq qüvvələr arasında əməliyyat hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır. Qeyd edilənlər kontekstində Azərbaycanın müxtəlif ölkələrlə hərbi əlaqələrini dərinləşdirməsi, müdafiə sənayesi üzrə əməkdaşlığını genişləndirməsi tamamilə təbii xarakterə malikdir.

Ölkəmizin hərbi əlaqələrin inkişafında bu gün əsas tərəfdaşları türk dövlətləri, o cümlədən qardaş Türkiyə, Pakistan, İsrail, bir sıra Avropa ölkələri və digərləridir. Proseslərin gedişi göstərir ki, Azərbaycan müdafiə sənayesi sferasında yaxın tezlikdə ABŞ ilə yeni işbirliyinə start verə bilər. Hər halda ABŞ-nin müdafiə sənayesini təmsil edən bir çox şirkətlər bunda maraqlıdırlar. Hətta İsrailin “Globes” nəşri öz mənbələrinə istinadən yazır ki, ABŞ-nin “Lockheed Martin” və RTX kimi müdafiə sənayesinin aparıcı şirkətlərinin yüksək vəzifəli rəsmiləri Azərbaycanla əməkdaşlıq məsələlərində razılıq əldə etmək ümidi ilə artıq Bakıda görüşlər keçirirlər.

Nəşr xatırladır ki, Azərbaycan ABŞ-dən müdafiə məhsullarının idxalı ilə bağlı müəyyən çətinliklərlə üzləşməli olub. Buna səbəb də o olub ki, 1990-cı illərin əvvəllərində baş vermiş birinci Qarabağ müharibəsindən sonra ABŞ Azərbaycan və Ermənistana silah satışını qadağan edib. Bu məhdudiyyətlər mütləq şəkildə təxminən on il davam edib. Sonradan ABŞ müəyyən proqramlar və hərbi yardımlar sayəsində Azərbaycana bir sıra texniki vasitələr təqdim edib. Amma proses davamlı xarakter daşımayıb. Hətta Azərbaycana münasibətində bəzən düşmənçilik mövqeyi sərgiləyən Bayden administrasiyası dövründə, 2023-cü ilin noyabrında Konqresdə “2023-cü il Ermənistanın Müdafiə Aktı” adlı qanun qəbul edildi və bu qanun ABŞ şikətlərinə Azərbaycana müdafiə məhsullarının  satışına icazə verilməsi imkanlarını əngəlləyirdi. Lakin Prezident Donald Trampın Ağ Evə qayıtmasından sonra vəziyyət dəyişdi. “Globes” nəşri də xatırladır ki, Trampın qayıtmasından az sonra onun nümayəndəsi Stiv Vitkoff Bakıya səfər edib. Bundan sonra  Azərbaycanın  İsraillə yanaşı, ABŞ üçün də mühüm önəmə malik “İbrahim sazişləri”nə qoşulması aktuallaşıb.  “Globes” yazır ki, Azərbaycanın sözügedən sazişlərə daxil edilməsi kontekstində bu ölkənin ABŞ ilə hərbi əməkdaşlığında da yeni bir mərhələ başlanacaq. Ancaq buna qədər də iki ölkənin hərbi əməkdaşlığı sahəsində mühüm yeniliklər baş verib. Qeyd edildiyi kimi ABŞ-nin “Lockheed Martin” və RTX rıcı şirkətlərinin yüksək vəzifəli rəsmiləri ölkəmizdə olub, əməkdaşlıq istiqamətində danışıqlar başlanıb.

O da xüsusi vurğulanmalıdır ki,  “Lockheed Martin” korporasiyası 2009-cu ildən bəri ardıcıl olaraq dünyanın 100 ən böyük silah istehsalı şirkətinin reytinqində birinci yerdə gəlir.  Şirkət 1995-ci ildə təyyarə istehsalçısı “Lockheed Corporatio”n və aerokosmik və elektronika istehsalçısı “Martin Mariettan”ın birləşməsi nəticəsində yaradılıb. O, təyyarə istehsalı, aerokosmik mühəndislik, raket və raket sistemləri, bir çox silah növlərinin istehsalı üzrə ixtisaslaşıb. Digər məhsulları ilə yanaşı, bu şirkət məşhur “F-16 Fighting Falcon”, “F-22 Raptor”, “F-35 Lightning II” qırıcıları, C-130J təyyarələri,  “MGM-140 ATACMS” taktiki ballistik raketləri, “Patriot” hava hücumundan müdafiə raketləri, HIMARS raketləri  və “Javelin” tank əleyhinə raketlərin istehsalçısıdır.

RTX şirkəti təyyarə mühərrikləri, avionika, aerostrukturlar, kibertəhlükəsizlik həlləri, idarə olunan raketlər, hava hücumundan müdafiə sistemləri, peyklər və dronlar istehsal edir. Şirkət ABŞ hökuməti üçün əsas hərbi podratçılar sırasında yer alır. Belə qabaqcıl ABŞ müdafiə sənayesi şirkətlərinin Azərbaycanla əməkdaşlığı ölkəmiz üçün əlavə üstünlüklər vəd edir. Heç şübhəsiz ki, onların ardınca digər ABŞ şirkətlərinin də Azərbaycanla əməkdaşlığa başlayacağını gözləmək olar. Bütün bunlar Azərbaycanın hərbi cəhətdən daha qüdrətli olmasına təmin edəcək əsas məqamlardan biri hesab olunur.  Onu da qeyd etmək lazımdır ki, ABŞ də Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi bəzi məhsulları alır.

Dünya təcrübəsi göstərir ki, müdafiə əlaqələri tez-tez daha geniş siyasi və iqtisadi ittifaqları gücləndirir, qarşılıqlı etimad və əməkdaşlıq üçün zəmin yaradır. Ölkələr hərbi mübadilələrlə məşğul olduqda, müdafiə texnologiyası və ya təlim sahəsində əməkdaşlıq etdikdə, bu, daha dərin diplomatik dialoq üçün kanallar açır. Bu əlaqələr münaqişələrin həllinə, strateji maraqların uyğunlaşdırılmasına, terrorizm, piratçılıq, kiber təhdidlər və digər təhlükəsizlik riskləri kimi problemlərin həlli üçün əlverişli zəmin yaradır.

Hərbi əlaqələrin inkişafı həm də əhəmiyyətli iqtisadi və texnoloji faydalar gətirir. Bütün bunlar Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın da yeni bir mühüm mərhəsləsinin başlanmasının hər iki tərəf üçün böyük önəm kəsb etdiyini göstərir.