Paşinyanın İctimai TV -yə müsahibəsi və Azərbaycanın real niyyəti

Azərbaycan hakimiyyəti Ermənistanın hakim siyasi elitasını real addımlara çağırır. Buna səbəblər aşağıdakılardır.

Konstitusiya ilə bağlı:

1. Ermənistan Konstitusiyasındakı ziddiyyətlər

Ermənistan Konstitusiyasının ön sözündə (preambula) 1990-cı il “İstiqlal Bəyannaməsi”nə istinad olunur. Bu sənəddə isə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi hədəfi qeyd edilir. Bakı hesab edir ki, bu müddəalar Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradır və Ermənistan sülh müqaviləsinə imza atsa belə, Konstitusiya istinad olunaraq gələcəkdə bu iddialar yenidən gündəmə gələ bilər.

2. Sülh müqaviləsinin davamlılığı və hüquqi zəmində təminatı

Azərbaycan istəyir ki, sülh müqaviləsi hüquqi və konstitusion ziddiyyətlərdən uzaq, tam əsaslı və icra olunacaq sənəd olsun. Ermənistan Konstitusiyası dəyişməsə, gələcəkdə müqavilənin ratifikasiyası ya rədd edilə bilər, ya da qeyri-qanuni elan oluna bilər. Bu isə müqaviləni kağız üzərində formal sənədə çevirər.

3. Paşinyanın bəyanatları ilə real hüquqi addımlar arasında fərq

Paşinyan 2021-ci ildən etibarən “Qarabağ Ermənistan deyil” deyə bəyanatlar verir və Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirir. Lakin bu bəyanatlar hələ konstitusiyada və rəsmi hüquqi sənədlərdə öz əksini tapmayıb. Azərbaycan isə sözlərlə deyil, real qərarlarda və hüquqi dəyişikliklərdə maraqlıdır.

4. Azərbaycan təkcə Ermənistan hakimiyyətinin deyil, Ermənistan vətəndaşlarının Azərbaycan ilə münasibətlər, ərazilər və gələcəkləri ilə bağlı qərar verməsini istəyir. Referendum hakimiyyətlər arasında imzalanacaq sənədin ən legitim yoludur. Əgər erməni xalqı “real Ermənistan”a səs verərsə, post – Paşinyan dövründə spekulyasiyalar minimallaşacaq və ortada tutarlı sənəd olacaq.

5.Regionda yeni geosiyasi düzən yaratmaq arzusu

Azərbaycan üçün sülh sadəcə Ermənistanla münasibətlərin normallaşması deyil, bütövlükdə regionda sabitlik və iqtisadi əməkdaşlıq üçün baza rolunu oynayır. Paşinyanın “yarım addımları” bu prosesi ləngidir. Bakı isə aydın, qəti və hüquqi baxımdan icraolunan qərarlar tələb edir.

6. Beynəlxalq hüquq və sülh müqavilələri.

A) Beynəlxalq hüquqda sülh müqavilələrinin hüquqi dayanıqlılığı

Bu prinsip Vyana Konvensiyası (1969) ilə müəyyən edilir.

Maddə 27: “Tərəf dövlət öz daxili hüququnu beynəlxalq müqaviləyə əməl etməmək üçün əsas kimi göstərə bilməz.”

Baxmayaraq ki beynəlxalq hüquq üstündür, Ermənistan Konstitusiyası sülh müqaviləsi ilə ziddiyyət təşkil edərsə, gələcəkdə revanşistlər bu müqaviləyə əməl etməmək üçün daxili hüquqa istinad edə bilər. Bu isə beynəlxalq hüquqda arzuolunmaz və təhlükəli presedent yaradar.

B) Münaqişədən sonrakı diplomatiyada hüquqi harmonizasiya vacibliyi

Post-konflikt vəziyyətlərdə beynəlxalq praktikada dövlətlərin qarşılıqlı münasibətlərinin normallaşması üçün təkcə siyasi deyil, konstitusion və normativ dəyişikliklər də aparılır.

Məsələn:Balkan ölkələri arasında münasibətlərin normallaşmasında konstitusiyalarda düzəlişlər edilmişdi.

C) Misal olaraq Misir–İsrail Sülh Müqaviləsi (1979)

Bu müqavilə imzalanarkən Misirdə bəzi qanunlar və ictimai ritorika İsraili “işğalçı” kimi tanıyırdı. Misir bu ritorikanı və qanunvericiliyi dəyişdi ki, bu da sülhün hüquqi zəminini gücləndirdi.

Azərbaycanın yanaşması: Ermənistan da bu tip dəyişikliklər etməlidir ki, sülh sadəcə rəsmi sənəddə qalmasın, həm də daxili hüquq və siyasi mədəniyyətdə əksini tapsın.

Minsk qrupu ilə bağlı.

1.Azərbaycan istəyir ki: Paşinyan açıq şəkildə Minsk Qrupunun ləğvini və ya “fəaliyyətini bitmiş hesab etdiyini” bəyan etsin. Bu, Ermənistanın sülh prosesində geriyə qayıdış niyyəti olmadığını təsdiqləyəcək.

2. Fikrimcə, Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulmasını açıq şəkildə tələb etməsi sadəcə diplomatik mexanizmin dəyişdirilməsi deyil, həm də post-münaqişə dövrünün hüquqi-siyasi memarlığının yenidən qurulması cəhdidir. Bu tələb həm Qarabağ münaqişəsinin yekunlaşdırılması məqsədinə, həm də regional və qlobal güc balansının yenidən formalaşdığı bir mərhələdə beynəlxalq münasibətlərə dair strateji narahatlıqlara əsaslanır.

3. İkinci izahın davamı olaraq.
Ukrayna müharibəsi başlayandan sonra Qərb (ABŞ, Fransa) və Rusiya arasında dərin geosiyasi qarşıdurma yaranmışdır. Lakin, Ukraynadakı müharibənin başa çatmasından sonra Qarabağ məsələsi vahid platformada bu böyük güclərin yenidən əməkdaşlıq etməsi üçün zəmin ola bilər. Bu isə
yeni geosiyasi təzyiq mexanizmləri yaratmaq ehtimalı ilə nəticələnə bilər.

Azərbaycan bu riski qabaqlayıcı diplomatik manevrlə neytrallaşdırmaq istəyir – yəni Minsk Qrupunun ləğvini rəsmi şəkildə əldə etməklə bu riskləri qabaqcadan neytrallaşdırmaq olar.

Nəticə

Azərbaycan Paşinyandan sadəcə siyasi bəyanatlar deyil, konstitusiyaya dəyişiklik və konkret hüquqi qərarlar istəyir. Bu, həm sülh müqaviləsinin reallığa çevrilməsi, həm də gələcəkdə Ermənistanın ritorikasından doğa biləcək risklərin qarşısını almaq üçündür.

Azərbaycanın Paşinyandan tələb etdiyi “qəti qərar” beynəlxalq hüquqa uyğun, diplomatik praktikalarla əsaslandırılmış və strateji təhlükəsizlik kontekstində tam əsaslandırılmış addımdır. Bakı istəyir ki:

-Ermənistan sülh müqaviləsini imzalasın;

-Bu müqavilə Konstitusiyaya zidd olmasın;

-Geosiyasi reallıqlara uyğun hüquqi baza yaradılsın;

-Münaqişə birdəfəlik bağlansın.

Əgər Ermənistan bu yöndə real qərar qəbul etməzsə, sülh prosesi formal səviyyədə qalacaq və regionda yeni gərginlik potensialı həmişə aktiv olacaq.