İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Pakistan İqtisadi İnkişaf İnstitutu (PIDE) arasında “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin iqtisadiyyatı” kitabının hazırlanmasına dair onlayn görüş keçirilib.
İİTKM-in icraçı direktoru, Prof. Dr. Vüsal Qasımlı Şuşa şəhərinin 2024-cü ildə islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi və bununla əlaqədar təsdiq olunmuş müvafiq Tədbirlər Planında islam dünyasının mədəniyyət forumunun təşkil edilməsi çərçivəsində “İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin iqtisadiyyatı” kitabının hazırlanmasının İİTKM-ə tapşırılması barədə məlumat verib. O, kitabın hazırlanması ilə bağlı İƏT-in Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC), İslam İnkişaf Bankı İnstitutu və Pakistan Xarici Əlaqələr Şurasından, həmçinin İƏT-ə üzv bir neçə ölkənin beyin mərkəzlərini təmsil edən tədqiqatçılardan müvafiq razılığın əldə edildiyini və Pakistandan olan beyin mərkəzlərinin kitabın hazırlanmasına dəvət olunduğunu bildirib.
PIDE-nin vitse-kansleri Dr. Nadeem ul Haque İƏT çərçivəsində beyin mərkəzləri şəbəkəsinin qurulması və birgə tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayaraq, “İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin iqtisadiyyatı” kitabının islam dünyasının tədqiqatçıları tərəfindən birgə hazırlanması təşəbbüsünü yüksək qiymətləndirdiyini deyib. Eyni zamanda PIDE tərəfindən İƏT ölkələrində təhsil və sahibkarlığın inkişafı mövzusunda tədqiqatların stimullaşdılmasına xidmət edən kitabın hazırlanmasına dəstək verilməsindən məmnunluğunu bildirib və yüksək keyfiyyətli, dəlillərə əsaslanan araşdırmaları inkişaf etdirməyin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin İİTKM və PIDE arasında birgə iqtisadi tədqiqatlar, layihələr, akademik proqramlar, təlim və seminarlar sahəsində gələcək fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “İƏT ölkələrinin iqtisadiyyatı” kitabının hazırlanmasında əsas məqsəd İƏT ölkələri arasında iqtisadi mənzərəni əks etdirən hərtərəfli və reprezentativ tədqiqat sənədinin birgə işlənməsi, eləcə də İƏT ölkələrindən olan beyin mərkəzləri ilə əməkdaşlığın dərinləşdirilməsidir.
https://ereforms.gov.az/az/media/xeberler/islam-emekdasliq-teskilati-olkelerinin-iqtisadiyyati-kitabi-ile-bagli-gorus-kecirilib-953