Ətraf mühitin sağlamlaşdırılması tədbirləri hər bir ölkədə sosial-iqtisadi, mədəni tərəqqi, ümumən insanların həyat keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Son 20 ildə Azərbaycanda, eləcə də paytaxt Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yürüdülən siyasət insanların sağlamlığına, onların istirahət hüququnun səmərəli reallaşdırılmasına, eyni zamanda, turizmin inkişafına xidmət edir.
Meqapolisə çevrilən Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmaldır. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə COP29 ərəfəsində açılan bir sıra parklar ekoloji vəziyyətinin yaxşılaşdırılması, insanların asudə vaxtlarının və istirahətinin səmərəli təşkili məqsədilə reallaşdırılan tədbirlərin uğurlu davamıdır.
Xatırlatmaq lazımdır ki, Dövlət başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü əsasında son 20 ildə Bakıda onlarla park, xiyaban və yaşıllıqlar salınıb, mühüm ekoloji layihələr icra edilib. Ekoloji sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində atılan addımlar – yeni inkişaf trendlərinə əsaslanan tədbirlər insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin edir. Bu sahədə yürüdülən siyasət sistemli, ardıcıl və çoxşaxəli olması ilə diqqəti cəlb edir.
Azərbaycanda həyata keçirilən yaşıllaşdırma tədbirlərinin sırf COP29 tədbiri ilə əlaqələndirilməsi, şübhəsiz, düzgün yanaşma olmazdı. Əslində, bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinə müsbət təsir göstərən amillərdən biri də ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər olub.
Xatırlatmaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”na əsasən torpaqların eroziyaya uğramasının, şoranlaşmasının qarşısını almaq, mühafizəsini gücləndirmək və biomüxtəlifliyin qorunub saxlanılmasını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilib. 2006-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” isə ekoloji tədbirlərin sistemli şəkildə həyata keçirilməsinə xidmət edən dövlət siyasətinin səmərəliyini daha da artırıb. Həmin proqramın icrası Bakı buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqlarının və istehsal tullantıları ilə çirklənmiş digər ərazilərdə ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi baxımından mühüm nəticələr verib.
Ötən dövrdə Hövsan aerasiya stansiyasının istifadəyə verilməsi isə Xəzərə axıdılan çirkab suların qarşısını əsaslı şəkildə alınmasına, Bakı buxtasının təmizlənməsinə imkan yaradıb. Dövlət başçısının 20 iyun 2017-ci il tarixli “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamı Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində əsaslı dəyişiklikləri nəzərdə tutur. Sərəncamla Xəzər dənizinin sahil zolağında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı şəhərinin Bilgəh-Şüvəlan zonası və Pirallahı adasının sahilboyu zolağında 12 modul tipli lokal təmizləyici qurğuların quraşdırılması nəzərdə tutulub. Reallaşdırılan tədbirlər ölkəmizdə beynəlxalq standartlara cavab verən modul tipli çirkabtəmizləyici qurğuların quraşdırılmasını, müasir stansiyaların fəaliyyətə başlamasını təmin edib.
Ətraf mühitin sağlamlaşdırılması baxımından Azərbaycanda milli parkların yaradılması da geniş vüsət alıb. 2003-cü ildən etibarən Ordubad, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl milli parklarının yaradılması ölkəmizin bitki və heyvanat aləmnin mühafizəsinə xidmət edib. Vətən Müharibəsindən sonra azad edilmiş ərazlərdə yeni milli parkların yaradılması, əvvəllər mövcud olmuş 2 Dövlət Təbiət Qoruğunun və 4 Dövlət Təbiət Yasaqlığının bərpası istiqamətində müvafiq tədbirlər görülür. Ümumilikdə, həyata keçirilmiş tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb.
Həyata keçirilən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” isə Bakıda və regionlarda içməli su təchizatının əsaslı şəkildə yaxşılaşmasına yeni imkanlar açıb. 2007-2022-ci illərdə respublikanın əksər rayonlarında modul tipli sutəmizləyici qurğular quraşdırılıb, yeni artezian quyuları vasitəsilə əhalinin keyfiyyətli içməli su ilə təchizatı yaxşılaşdırılıb.
Ölkəmizdə aktuallaşan “yaşıl iqtisadiyyat” quruculuğu da ekoloji siyasətin əsas başlıca xəttinə çevrilib. “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi üzrə Dövlət Proqramı”nın icrası “yaşıl iqtisadiyyat”a əsaslanan günəş və külək enerjisinin istehsalı üçün güclü zəmin yaradıb. Proqram çərçivəsində həyata keçirilən tədbirlər müasir tipli ekoloji layihələrin, o cümlədən, “yaşıl iqtisadiyyat”a əsaslanan ekosistemin formalaşdırılmasını nəzərdə tutur.
Bakıda keçiriləcək COP29 tədbiri bu və digər hədəflərin uğurla reallaşdırılmasına yaxşı imkanlar açır.