COP29 YAŞIL RƏQƏMSAL TEXNOLOGİYALARIN DÜNYADA DAHA GENİŞ MİQYASDA TƏTBİQİNDƏ HƏLLEDİCİ ROL OYNAYACAQ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) gündəliyi və irəli sürülən təşəbbüslər baxımından dünya miqyasında artıq böyük diqqət cəlb edib. Çünki bunlar iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi üçün müstəsna önəmə malikdirlər. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində elan edilən qlobal təşəbbüslər sırasında yaşıl rəqəmsal texnologiyaların əlçatanlığını artırılması da daxildir.

Barəsində bəhs olunan texnologiyaların tətbiqi iqlim dəyişikliyi, resursların tükənməsi və ətraf mühitin çirklənməsi kimi ekoloji problemlərin həllində həlledici əhəmiyyət kəsb edir. İlk növbədə o baxımdan ki, yaşıl rəqəmsal texnologiyalar karbon emissiyalarını azaldan, mövcud resurslardan istifadəni optimallaşdıran və davamlı inkişafı təşviq edən innovativ həllər təklif edir. Enerjiyə qənaət edən məlumat mərkəzlərindən tutmuş süni intellekt əsasında ətraf mühitin monitorinqinə qədər bu texnologiyalar daha dayanıqlı və təhlükəsiz bir dünya qurulmasında mühüm rola malikdir.

Rəqəmsal yeniliklərə istinad edən bu texnologiyalar məhsuldarlığı və həyat keyfiyyətini yüksəltməklə yanaşı, resurs baxımından səmərəli və aşağı emissiyalı proseslər vasitəsilə ətraf mühitə təsirləri azaltmaq məqsədi daşıyır. Bu yeniliklər ətraf mühitin davamlılığını dəstəkləmək üçün dəyişdirilmiş və ya optimallaşdırılmış informasiya və kommunikasiya texnologiyaları, süni intellekt və bulud hesablamaları da daxil olmaqla bir sıra sahələri əhatə edir. Onlar rəqəmsal xidmətlərə daim artan tələbatı qarşılamaqla yanaşı, karbon tullantılarını azaltmaq və bunu minimum həddə endirmək kimi ekoloji məqsədlərə nail olmaq baxımından böyük əhəməyyətə malikdir. Bir neçə nümunənin timsalnda da bunu görmək olar.

Bəllidir ki, müasir rəqəmsal xidmətlərin əsasını təşkil edən məlumat mərkəzləri əhəmiyyətli miqdarda enerji istehlak edir. Bu istehlak səviyyəsinin az miqdarda olması, tələbatın bərpa olunan enerji mənbələri vasitəsilə təmin olunması və beləliklə də məlumat mərkəzinin səmərəliliyini artırmaq üçün yaşıl texnologiyalar tətbiq edilir. Artıq bir sıra böyük texnoloji şirkətlər enerjiyə qənaətcil, karbon-neytral məlumat mərkəzləri qurmağı qarşıya məqsəd oyublar. Bu nümunənin dünya miqyasında geniş tətbiqinə zərurət yaranıb və COP29-un əsas hədəflərindən biri də budur. Qeyd edilməlidir ki, Azərbaycanda da müxtəlif məlumat mərkəzlərinin enerji təminatının məhz  yaşıl rəqəmsal texnologiyaların hesabına təmin olunması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilir.

Ölkəmizdə istifadə olunan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası da yaşıl rəqəmsal texnologiyaların uğurlu tətbiqindən xəbər verir. Son model texnologiyalardan istifadə olunması nəticə etibarı ilə həyat keyfiyyətini yaxşılaşdırmağa,  iqtisadi müstəvidə məhsuldarlığı böyük ölçüdə artırmağa imkan verir. Xüsusən də işğaldan azad olunmuş ərazilərdə ənənəvi infrastrukturun müasir texnologiya ilə peşəkar bir şəkildə birləşməsi möhtəşəm nəticələrin əldə olunmasına gətirib çıxarır. Effektiv və ekologiya baxımından hansısa təhdid yaratmayan texnologiyaların, o cümlədən günəş panellərinin, ağıllı işıqlandırma sistemlərinin tətbiqi və digər müvafiq hallar ətraf mühitin mühafizəsinə də zəruri töhfələr verir.

Hazırda ölkəmizdə xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də  ağıllı nəqliyyat sistemlərinin qurulmasıdır. Xüsusən də paytaxt Bakıda bu istiqamətdə atılan addımlar nəqliyyat axınını idarə etmək və tıxacları azaltmaq üçün real vaxt məlumatlarından istifadə etməyə hesablanıb. Bu da o deməkdir ki, görülən işlər sayəsində nəqliyyat vasitələrinin havaya buraxdığı emissiyalar azalacaq.

Kənd təsərrüfatında əkinçilik baxımından yaşıl rəqəmsal texnologiyalardan istifadə böyük perspektivlər vəd edir. Belə texnologiyalardan yararlanması, süni intellektə əsaslanan analitikadan istifadə olunması ətraf mühitə minimal təsirlə məhsuldarlığın artmasına səbəb olur. Digər istiqamətlər üzrə də yaşıl rəqəmsal texnologiyalar önəmli üstünlüklər vəd edir. Ancaq heç şübhəsiz ki, burada ən  təsirli faydalardan biri karbon emissiyalarının azaldılmasıdır. Enerjiyə qənaət və resursların optimallaşdırılması vasitəsilə yaşıl texnologiyalar rəqəmsal infrastrukturun karbon tullantısını  minimuma endirməyə kömək edir. Məsələn, süni intellektlə işləyən məlumat analitikası sənaye proseslərini optimallaşdıraraq həm enerji istehlakını, həm də istixana qazı emissiyalarını azaldır.

Yaşıl rəqəmsal texnologiyalar həmçinin ətraf mühitin monitorinqi üçün vacibdir. Bu texnologiyalar ekoloji riskləri aradan qaldırmaq üçün əsaslandırılmış qərarlar qəbul etməyə və qabaqlayıcı tədbirlər görməyə imkan verir. Yaşıl rəqəmsal həllərə keçid çox vaxt köhnə sistemləri daha yeni, enerjiyə qənaət edən modellərlə əvəz etməyi nəzərdə tutur ki, bu da infrastrukturun modernləşməsinə gətirib çıxarır. Ancaq o da faktdır ki, inkişaf etməkdə olan bir çox ölkələrdə məhdud infrastruktur və qabaqcıl texnologiyaya çıxış yaşıl rəqəmsal həllərin qəbulunu çətinləşdirir. Yaşıl rəqəmsal təşəbbüslərin daha əhatəli qlobal təsirini təmin etmək üçün texnologiyaya çıxış və əlçatanlıq baxımından inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında uçurumu aradan qaldırmaq vacibdir. Elə COP29-da əsas məqsədlərdən biri də budur.

İstənilən halda yaşıl rəqəmsal texnologiyaların gələcəyi böyük potensiala malikdir.

Rəqəmsal xidmətlərə tələbat artdıqca, texnologiya sənayesində və ondan kənarda davamlı, ekoloji cəhətdən sərfəli həllərə ehtiyac da artır. Yaşıl rəqəmsal texnologiyalar tərəqqi ilə ətraf mühitin mühafizəsini uğurla  balanslaşdırır, bununla davamlı gələcəyə etibarlı keçidi təmin edir. Qlobal miqyasda yaşıl rəqəmsal texnologiyaların tətbiqi iqtisadi artım və innovasiya ilə yanaşı, ekoloji mühafizəni prioritetləşdirir. Elə bu da COP29 çərçivəsində yaşıl rəqəmsal texnologiyaların qlobal təşəbbüslər sırasına salınmasının əsas səbəbini izah edir.