Qlobal iqlim fəaliyyətinin formalaşdırılması və koordinasiyasında COP tədbirləri ötən əsrin son dekadasının ortalarından etbarən həlledici rol oynamqdadır. Birmənalı həqiqətdir ki, məhz COP tədbirlərində ortaya çıxan ən əsaslı yeniliklərdən biri icrası məcburi xarakter daşıyan beynəlxalq iqlim sazişlərinin hazırlanması və razılaşdırılmasıdır. Ölkələrin iqlim fəaliyyətinin əməkdaşlıq modelinə çevrilməsində də COP konfransları əsaslı rol oynayıb.
O da xüsusi qeyd olunmalıdır ki, COP tədbirləri çərçivəsində iqlim maliyyəsi daim əsas diqqət mərkəzlərindən biri olub. Ancaq reallıq da budur ki, sözügedən sahədə həllini gözləyən xeyli problemlər var və COP29 zamanı onların yekun, qəti həllinin tapılacağına artıq dünya miqyasında böyük ümidlər bəslənir. Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında bu məsələ ilə bağlı böyük ümidlərin olması təsadüfi xarakter daşımır. Məhz bu konfransda İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi ilə bağlı müzakirələr aparılması, müvafiq qərarların qəbulu gözlənilir. Azərbaycan bu istiqamətdə aparılan danışıqlarda iştirak edən bütün ölkələri konstruktiv mövqe sərgiləməyə dəvət edib. Ölkəmiz belə hesab edir ki, məhz belə mövqe sayəsində iqlim böhranı ilə mübarizə istiqamətində səylərin səfərbər edilməsi mümkün olacaq. Eyni zamanda ona da xüsusi diqqət çəkilir ki, bəşəriyyətin taleyi artıq iqlim böhranına qarşı birgə mübarizədən keçir. Bu məsələdə inkişaf etmiş zəngin ölkələrin üzərlərinə böyük məsuliyyət düşür.
Məlumdur ki, hələ 15 il öncə ABŞ və Avropa İttifaqı daxil olmaqla zəngin ölkələr 2009-2020-ci illər ərzində yoxsul ölkələrə iqlimlə bağlı problemlərin həlli məqsədilə hər il 100 milyard ABŞ dollar həcmində yardım etməyə razılıq veriblər. Ancaq bu xüsusda götürülən öhdəliklərə tam şəkildə əməl olunmayıb. Eyni zamanda zəngin dövlətlər tərəfindən inkişaf etməkdə olan ölkələrə ayrılan vəsait çox vaxt kredit şəklində verilib və bu da onlar üçün əlavə maliyyə təzyiqləri yaradıb. Belə vəziyyət iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırlmasına imkan vermir və böhranın miqyasının genişlənməsinə, daha da dərinləşməsinə gətirib çıxarır. COP29 çərçivəsində bu məsələnin artıq köklü şəkildə həlli proqnozlaşdırılır. Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva da vurğulayır: “BMT hər zaman qlobal həllər üçün ölkələrin bir araya gəldiyi məkan olub. Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi yeni milli töhfələri COP29-dan əvvəl təqdim edəcək. Biz iqlim maliyyəsini artırmalıyıq. COP29 gündəliyində bu, əsas mövzu olacaq. BMT-nin Baş katibi COP29-un uğurla həyata keçirilməsi istiqamətində iqlim dəyişikliyi ilə bağlı məlumatlılığı artırmaq üçün özəl sektor, akademik dairələr, gənclər və digər təbəqələr ilə müzakirələr aparır”.
Qeyd etmək lazımdır ki, iqlim maliyyəsi xüsusilə hərtərəfli iqlim strategiyalarını həyata keçirmək üçün çox vaxt resursları olmayan inkişaf etməkdə olan ölkələrə yardımı nəzərdə tutur. Ancaq indiyə qədər olunan yardımın miqdarı yetərli deyil. Qeyri-kommersiya təşkilatı olan “Climate Policy Initiative” tərəfindən hazırlanan “Global Landscape of Climate Finance 2023” adlı hesabata əsasən, iqlim maliyyələşdirməsinin artımı regionlar və sektorlar üzrə kifayət qədər və ya ardıcıl deyil. Hazırda iqlimlə bağlı maliyyə həcmi qlobal ümum daxili məhsulun yalnız 1 faizini təşkil edir. Halbuki, iqlim böhranın həlli üçün bu göstəricinin artımına ciddi zərurət var.
İqlim maliyyələşdirməsinin hesabatlılığı ilə bağlı problemlər də prosesə mənfi rakursda təsir göstərməyə davam edir. Bütün bunlardan irəli gəlir ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti dayanıqlı enerji mənbələrinə keçid üçün hədəflər müəyyən etsələr də, onların yalnız üçdə biri bu hədəflər üçün investisiyalar cəlb edə bilib. 30-dan çox inkişaf etməkdə olan ölkə hələ də bərpa olunan enerji sahəsində bir dənə olsa belə böyükhəcmli beynəlxalq investisiya layihəsini qeydiyyatdan keçirməyib. Bunu “World Investment Report 2023” adlı hesabatdan da görmək mümkündür.
Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə iqlimin maliyyələşdirilməsi hələ də ilk növbədə kreditlər şəklində təqdim olunur ki, bunun da çox hissəsi güzəştli deyil. Bu kimi məsələlərin həllinin də tapılmasına, həmçinin yeni maliyyə alətlərindən istifadəyə böyük zərurət var. Söhbət ilk növbədə yaşıl istiqrazlar və kreditlərdən gedir. Bu maliyyə alətləri hazırda fəal şəkildə inkişaf etdirilir, lakin onların həcmi tələb olunandan xeyli kiçikdir. Düzdür, yaşıl istiqrazlar maliyyə bazarında olduqca cəlbedicidir və 2012-2023-cü illərdə dünya üzrə yaşıl maliyyənin təxminən 93 faizini təşkil edir. Yaşıl istiqrazlar iqtisadiyyatın müxtəlif sektorlarında, məsələn, bərpa olunan enerji, ekoloji cəhətdən təmiz nəqliyyat, tullantıların və suyun idarə edilməsi kimi yaşıl layihələrin inkişafının maliyyələşdirilməsi üçün istifadə olunur. Yaşıl kreditlər ekoloji cəhətdən davamlı layihələr üçün kapital toplamaq baxımından yaşıl istiqrazlara bənzəyir, lakin onlar həcminə və maliyyələşdirmə üsullarına görə fərqlənirlər. İstiqrazlar üçün vəsait investor bazarından, yaşıl kreditlər üçün isə bankdan və ya özəl əməliyyatlardan gəlir. Hesab olunur ki, bu maliyyə alətlərinin inkişaf etdirilməsinə daha çox diqqət olunmalıdır. Bütün bu qəbildən olan məsələlər COP29 zamanı xüsusi diqqət mərkəzində yer alacaq. Elə bu kontekstdə də gözlənilir ki, ümumən iqlim maliyyəsi ilə bağlı problemlər COP29-da qəti həllini tapacaq.