“YAŞIL İNKİŞAF” PRİNSİPLƏRİ AZƏRBAYCANDA UĞURLA TƏTBİQ EDİLİR VƏ BU, COP29-DA ƏN YAXŞI NÜMUNƏLƏRDƏN BİRİ OLACAQ

Dünya ölkələrinin tərəqqisində artıq “yaşıl inkişaf” prinsiplərinin ön planda yer alması zəruri şərtə çevrilir. Əks halda iqlim dəyişmələrinin mənfi fəsadları getdikcə daha qabarıq şəkildə özünü büruzə verəcək və bunu  BMT-nin yeni hesabatı da təsdiq edir. Hesabatda vurğulanır ki, illik istixana qazı tullantılarının həcmi artıq ən yüksək səviyyəyə çatıb. Təşkilat belə hesab edir ki, temperatur artımının qarşısını almaq və bunun zərərli təsirlərindən xilas olmaq üçün təcili addımlar atılmalıdır. Belə addımların nədən ibarət olması və müvafiq qərarların qəbulu ilə bağlı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ümidlər böyükdür.

Ümumiyyətlə, belə hesab olunur ki, dünya ölkələrinin qlobal miqyasda və intensiv tempdə iqlim dəyişmələrinə qarşı səfərbərliyə böyük ehtiyac var. Çünki temperaturun artımı davam edir, ölkələrin bir çoxu Paris İqlim Sazişi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Artıq zəruri tədbirlər görülməsə, ən pessimist hesablamalar göstərir ki, qlobal istilik əsrin sonuna kimi daha üç dərəcə arta bilər. Belə halda iqlim dəyişikliyi daha dağıdıcı xarakterə malik olacaq,  istilik dalğaları, meşə yanğınları, quraqlıqlar, qasırğalar, daşqınlar artacaq, əriyən buz örtükləri dənizlərin su səviyyəsini daha sürətlə yüksəldəcək, bionövlərin nəslinin kəsilmə riskləri indiki ilə müqayisədə daha təhlükəli mərhələyə qədəm qoyacaq. O səbəbdən BMT-nin yeni hesabatının müəllifləri təcili tədbirlərin görülməsinin, müvafiq qərarların qəbulunun artıq həyati əhəmiyyət kəsb etdiyini bəyan edirlər. Belə təcili qərarların qəbulu üçün ideal platforma məhz COP29 hesab edilir. Sözügedən kontekstdə COP29 sessiyasının bir çox önəmli qərarların, xüsusilə maliyyə hədəfinin dəqiqləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edəcəyi proqnozlaşdırılır.

Yenə COP29 çərçivəsində “yaşıl inkişaf” prinsiplərinin əsas diqqət mərkəzinə gətirilməsi, dünya ölkələrinin koordinasiyalı şəkildə müvafiq addımların atılması istiqamətində həlledici razılaşmalar əldə edəcəkləri gözlənilir. Bu, iqlim dəyişikliyi, resursların tükənməsi və ətraf mühitin deqradasiyası ilə bağlı qlobal narahatlıqların aradan qaldırlmasının əsas şərtlərindən birinə çevrilib. “Yaşıl inkişaf” prinsipləri ətraf mühitə mənfi təsirləri azaldan, resurslara qənaət edən və iqlim dəyişikliyinə davamlılığı artıran təcrübələri təşviq etmək məqsədi daşıyır. Əslində,  uzunmüddətli inkişaf artıq sözügedən prinsiplərin tətbiqindən əhəmiyyətli dərəcədə asılı vəziyyətə düşüb.

“Yaşıl inkişaf”ın əsas prinsiplərindən biri resursların səmərəli idarə olunmasıdır. Bu prinsip gələcək nəsillərin ehtiyaclarını ödəmək qabiliyyətinə xələl gətirmədən cari tələbləri qarşılamaq üçün təbii ehtiyatların səmərəli istifadəsini və mühafizəsini özündə ehtiva edir. Resursların belə idarə edilməsi tullantıların azaldılmasını, materialların təkrar emalını, ehtiyatlara qənaət, enerji səmərəliliyi və davamlı kənd təsərrüfatı kimi təcrübələrdən istifadəni nəzərədə tutur. Məsələn, dayanıqlı kənd təsərrüfatının yaradılması torpağın keyfiyyətini yaxşılaşdıran, kimyəvi gübrə və pestisidlərdən asılılığı azaldan, su istifadəsini minimuma endirən təcrübələri təşviq edir. Bu təcrübələr gələcək nəsillər üçün də resursların mühafizəsini təmin edərək ətraf mühitə mənfi təsirləri aradan qaldırır. Azərbaycan artıq öz təcrübəsində bu yanaşma metodlarından geniş şəkildə istifadə edir.

Qlobal temperaturun yüksəlməsində əsas səbəbi hesab olunan karbon emissiyalarının azaldılması “yaşıl inkişaf”ın əsas məqsədidir. Sənayeləşmə və qalıq yanacaq istehlakı qlobal istiləşməni sürətləndirməyə davam etdikcə, istixana qazı emissiyalarının azaldılması vacib şərt kimi çıxış edir. Bu, həm də o deməkdir ki, külək, günəş və su elektrik enerjisi kimi daha təmiz enerji mənbələrinə keçid karbon emissiyalarının azaldılmasında həlledici rola malikdir. Yenə Azərbaycanın timsalında bunun əyani nümunəsini görmək olar. Azərbaycanda “yaşıl enerji” istehsalının artımı karbon emissiyalarının sürətli şəkildə azalması ilə müşayiət olunur. Məsələn, ötən ilin oktyabr ayında istismara verilən 230 meqavat gücündəki “Qaradağ” Günəş Elektrik Stansiyası atmosferə atılan karbon emissiyasını 200 min ton azaltmağa imkan verir. Azərbaycanda belə qəbildən, həmçinin külək və su elektrik stansiyalarının sürətli artımı istiqamətində icra edilən layihələr istixana qazı emissiyalarının sürətlə azaldılmasına gətirib çıxarır. Bu, ölkəmizin “yaşıl inkişaf” prinsipləri əsasında inkişafının real təzahürləridir.

Azərbaycanda, xüsusən də paytaxt Bakıda aşağı emissiyalı nəqliyyat vasitələrinin sürətli artımı da “yaşıl inkişaf” konsepsiyasına uyğundur. Digər istiqamətlərdə, o cümlədən də biomüxtəlifliyin və ekosistemlərin qorunması ilə bağlı ölkəmizdə görülən işlər “yaşıl inkişaf”ın tələblərinə cavab verir. İşğaldan azad edilmiş ərazilərdə deqradasiya olunmuş ekosistemlərin bərpası istiqamətində atılan addımlar Azərbaycanın əsas uğurları sırasında yer alır. “Yaşıl inkişaf” məqsədlərinə nail olmaq üçün diqqət yetirilən başlıca məqamlardan biri də innovasiyaların mənimsənilməsi və genişmiqyaslı tətbiqi, dairəvi iqtisadiyyat konsepsiyasından istifadə olunmasıdır. Ümumiyyətlə, bu və digər hallar ölkəmizdə “yaşıl inkişaf”a inklüziv yanaşma mövcud olduğunu göstərir.

Beləliklə, resursların səmərəli qaydada idarə olunması, emissiyaların azaldılması, biomüxtəlifliyin qorunması, sosial inklüzivliyin təmin edilməsi, innovasiyaların təşviq olunması, dayanıqlığın yaradılması ilə Azərbaycan tərəqqisində “yaşıl inkişaf” prinsiplərini artıq ön plana çəkdiyini göstərir. Bu uğur nümunəsi COP29 çərçivəsində də heç şübhəsiz ki, diqqət mərkəzində yer alacaq. Sözügedən nümunədən geniş şəkildə istifadə dünyanın xilası üçün  artıq həyati əhəmiyyət kəsb edir.