AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ BÜTÜN SAHƏLƏRDƏ İNTENSİV XARAKTER ALIB

BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Pakistan müsəlman dünyasında böyük nüfuza malikdir. Bu mənada, Pakistanla sıx əməkdaşlıq Azərbaycana böyük bir coğrafiyada maraq və mənafelərini təmin etmək, daha çox müsəlman dövlətinin dəstəyini qazanmaq imkanı yaradır.

Hər iki ölkənin strateji tərəfdaşlıq əlaqələri, eyni zamanda, diplomatik sferada maraqların uzlaşdırılmasına imkanlar açır. Pakistan və Azərbaycan fəaliyyətlərini koordinasiya edərək beynəlxalq təşkilatlarda bir-birinə fəal siyasi dəstək verirlər. Dövlət başçısı İlham Əliyevin bu ilin iyul ayında dost ölkəyə reallaşan dövlət səfəri və əldə olunmuş razılaşmalardan sonra ikitərəfli əlaqələrin daha da intensivləşməsi müşahidə olunur.

Prezident İlham Əliyevin okytabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul zamanı səsləndirdiyi fikirlər ölkələrimiz arasında münasibətləri bütün sahələrdə dinamik inkişaf etdiyini və strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir.

Xatırladaq ki, Pakistanın 1991-ci ilin dekabrında Azərbaycanın dövlət müstəqilliyini tanıyan, diplomatik münasibətlər quran, Bakıda səfirliyini açan ilk dövlətlərdən olması ikitərəfli münasibətlərin dinamik inkişafına təkan verən mühüm siyasi amillərdən biri kimi diqqəti çəkir. İslamabadın ilk gündən Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin icrasını tələb etməsi rəsmi Bakı tərəfindən daim yüksək dəyərləndirilib. Eyni zamanda, Pakistan bugünədək işğalçı Ermənistanı dövlət olaraq tanımayıb və diplomatik əlaqələr qurmayıb. Azərbaycana hər zaman birmənalı və prinsipial dəstək verməsi rəsmi İslamabadın strateji tərəfdaşlıq münasibətlərinə sadiqliyini təsdiq edib.

Öz növbəsində rəsmi Bakı Cammu və Kəşmir problemləri ilə bağlı Hindistanla Pakistan arasında uzun illərdir ki, davam edən hərbi-siyasi münaqişədə rəsmi İslamabadın mövqeyini dəstəkləyir. Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza Kəşmir məsələsində Azərbaycanın Pakistanın yanında olduğu kimi, Ermənistan məsələsində də Pakistanın ölkəmizin yanında olduğunu bəyan edib.

Pakistanın ciddi müdafiə sənayesi potensialına, eləcə də nüvə silahına malik olması Azərbaycanın bu strateji tərəfdaş ölkə ilə hərbi-texniki əməkdaşlığına və təcrübə mübadiləsinə də imkanlar yaradıb. 2002-ci ildə imzalanmış “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş”də hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub.

Prezident İlham Əliyev Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul zamanı ölkələrimiz arasında müdafiə və hərbi təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi toxunub. Bir müddət əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarələrdən olduğunu deyib. Dövlət başçısı müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal, investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini bildirib.

Pakistanın Türkiyə ilə müttəfiqlik münasibətlərinin mövcudluğu üçtərəfli formatda siyasi-hərbi əməkdaşlıq üçün də imkanlar açır. Azərbaycan, Türkiyə və Pakistanın dövlət qurumları, o cümlədən müdafiə və xarici işlər nazirlikləri arasında çevik münasibətlər qurulub. Üç ölkənin xarici işlər nazirlərinin 30 noyabr 2017-ci il tarixdə Bakıda keçirilmiş ilk görüşü zamanı siyasi, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya, humanitar sahələr də daxil olmaqla, qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi məramı ifadə olunub.

Pakistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində abadlıq və quruculuq işlərində yaxından iştirakının təmini ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından yeni üfüqlər açır. Eyni zamanda, dövlət başçısı İlham Əliyev dövlət səfəri zamanı Azərbaycanın dost ölkənin iqtisadiyyatına 2 milyard ABŞ dolları məbləğində investisiya qoymaq məramını bəyan edib.