Noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi Azərbaycanın qlobal çağırışları əsas tutaraq, alternativ enerji mənbələrindən istifadə yönümündə həyata keçirdiyi tədbirlərin dünyada böyük maraqla qarşılandığını göstərir. Ötən dövrün reallıqları həm də onu sübut edir ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar dəqiq hesablanmış, müşahidələrə, təhlillərə əsaslanan, ölçülüb-biçilmiş yanaşma olub.
Azərbaycan bir ildən də az müddətdə dünya miqyaslı, mötəbər tədbirə mükəmməl hazırlıq tədbirləri ilə yüksək təşkilatçı olduğunu nümayiş etdirir, eyni zamanda, yeni yanaşma və trendləri təqdim edir. COP29-a yüksək səviyyədə təşkilatçılığı Azərbaycanın yaxın perspektivdə dünyada “yaşıl enerji”nin istehsalı və ixracı sahəsində əsas oyunçulardan birinə çevrilmək əzmini nümayiş etdirir.
Şübhəsiz, COP29-un keçiriləcəyi məkan seçilərkən, respublikamızın mötəbər tədbirlərə ev sahibliyi etmək üçün zəruri ictimai-siyasi sabitliyə, maliyyə resurslarına, müasir şəhər infrastrukturuna, füsunkar təbiətə və turizm imkanlarına malik olması, habelə beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki uğurlu təcrübəsi nəzərə alınıb. Məlum qərar həm də respublikamızın beynəlxalq nüfuzu, qlobal problemlərin həllində fəallığı və təşəbbüskarlığı, mədəniyyətləarası dialoq prosesindəki rolu ilə şərtlənib. Respublikamızda tarixən müxtəlif etnosların dinc yanaşı yaşamaları, cəmiyyətin yüksək tolerantlıq səviyyəsi, xalqımızın qonaqpərvərliyi, zəngin mədəni irsə malik olması, iqlim dəyişmələrinə həssas yanaşması kimi amillər də qərarın qəbulu zamanı mühüm rol oynayıb. Rəsmi məlumatlara əsasən, COP29-da iştirak üçün qeydiyyatdan keçənlərin sayı 32 min nəfəri ötüb və bu da ölkəmizə olan yüksək marağın təzahürüdür. Tədbirin keçiriləcəyi tarix yaxınlaşdıqca, bu rəqəmin daha da artacağı gözlənilir.
Müasir dövrdə qlobal ekoloji problemlərin həllində fəal iştirak hər bir ölkənin beynəlxalq nüfuzunu və müsbət imicini gücləndirir, ümumbəşəri məsələlərin həllinə töhfələr vermək imkanlarını nümayiş etdirir. COP29 bunlarla yanaşı, Azərbaycana həm də qlobal iqlim siyasətində mühüm rol oynamaq, öhdəliklərini yerinə yetirmək, yeni tərəfdaşlar qazanmaq imkanları açıb. Prezident İlham Əliyev Rusiyanın Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı bununla bağlı deyib: “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik”.
Azərbaycan COP29 vasitəsilə həmçinin, milli həqiqətlərini dünyaya çatdırmaq, investisiya cəlbediciliyini artırmaq, yaşıl enerji sahəsindəki təbii üstünlüklərini mühüm bir platformada təqdim etmək, müştərək layihələr reallaşdırmaq, habelə tuzim imkanlarını sərgiləmək imkanları əldə edir. Konfransda müzakirə edilən yeniliklər və texnologiyalar ölkəmizin ekoloji problemlərinin həllinə kömək edəcək. Bundan əlavə, COP29-a ev sahibliyi etməsi ölkəmizə iqlim dəyişiklikləri ilə mübarizədə dünyadakı müasir təcrübə və texnologiyaları mənimsəmək, ekoloji problemlərlə mübarizə ictimai fəallığı təşviq etmək, yerli icmaların, vətəndaş cəmiyyəti institutlarının, medianın imkanlarından bəhrələnmək imkanı yaradıb. Tədbir ölkəmizin dünyanın yaşıl enerji sahəsində ixtisaslaşmış nüfuzlu şirkətləri ilə əməkdaşlığına yeni təkan verir.
Müasir dövrdə ekoloji problemlərin həllində cəmiyyətin bütün üzvlərinin iştirakı, ictimai maarifləndirmə və təbliğat vacib amilərdən biri sayılır. Bu baxımdan COP29 ərəfəsində keçirilən tədbirlər ölkə əhalisinin məlumatlandırılması, ekoloji problemlərin həllində ictimai iştirakçılığın təşviqi baxımından da əhəmiyyətlidir. Söhbət insan amili ilə bağlı ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin mühafizəsi naminə görüləcək preventiv tədbirlərdən gedir.
Ümumilikdə, COP29 təkcə hökumətlər arasında deyil, həmçinin vətəndaş cəmiyyətləri institutları, biznes qurumları, QHT-lər və digər maraqlı tərəflərin müzakirələrdə iştirak etmələri, yaşıl dünya naminə innovativ təşəbbüslər irəli sürmələri baxımından da əhəmiyyətlidir. Tədbir qlobal iqlim siyasətinin hazırlanmasında müxtəlif perspektivlərin nəzərə alınmasını ön plana çəkməklə, bütün ölkələrə dialoq və əməkdaşlıq üçün platforma rolunu oynayır.