ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana maliyyə yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla USAİD-in bu ölkədəki missiyasının direktoru Con Alelo arasında əldə edilən razılaşmaya guya fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişafa xərclənəcək. Lakin həqiqət bundan ibarətdir ki, bu genişlənmiş saziş Birləşmiş Ştatların Ermənistanın silahlandırılmasına xidmət edən addımıdır.
ABŞ-ın Ermənistana maliyyə yardımını artırması Cənubi Qafqaz regionunda bir sıra geosiyasi və diplomatik risklər yarada bilər. Bu risklər həm regional güclər arasında gərginliyin artmasına, həm də yeni münaqişələrin alovlanmasına gətirib çıxarar. Bu addım ilk növbədə Amerikanın sülh quruculuğu prosesində vasitəçilik missiyasına kölgə salır və Azərbaycan tərəfindən haqlı olaraq ABŞ-ın prosesdə birtərəfli mövqe tutması kimi qəbul oluna bilər. Vəziyyət bu cür davam ertsə Azərbaycan-ABŞ münasibətlərində yeni diplomatik gərginliyin baş verməsi ehtimalı yüksəkdir.
ABŞ-ın Ermənistana təhlükəsizlik və ya müdafiə sahəsində etdiyi yardımlar Ermənistanın hərbi cəhətdən güclənməyə təşviq edir. Bu isə regionda hərbi balansın pozulmasına xidmət etməklə yeni qarşıdurma riskini yaradır. Bu, həm də Rusiyanın Cənubi Qafqazdakı maraqlarına qarşı ciddi təhdid formalaşdırır. Çünki Ermənistan hələ də Rusiyanın hərbi-siyasi təsir dairəsindədir və ABŞ-ın artan yardımı bu balansı pozaraq Rusiya tərəfindən əks-tədbirlər görülməsinə səbəb ola bilər.
ABŞ-ın Ermənistana maliyyə yardımını artırması Türkiyə ilə münasibətlərdə də gərginlik yaradar. Bu kontekstdə Türkiyə ilə Azərbaycan arasında hərbi və iqtisadi əməkdaşlığın daha da güclənməsi özlüyündə regionda yeni hərbi ittifaqların və qarşıdurmaların yaranma riskini artırır. Digər tərəfdən İran amilini də diqqətdən kənarda qoymaq olmaz. Ermənistanın Cənubi Qafqazda ən yaxın tərəfdaşlarından biri olan İran bu yardımın artmasından ən çox narahat olan tərəf qismindən çıxış edəcək. Çünki İran artan ABŞ-ın təsirindən ehtiyatlanaraq regionda öz nüfuzunu qorumaq üçün əlavə tədbirlər görəcək. Digər tərəfdən ABŞ-ın Ermənistana yardımı Ermənistanın İranla əməkdaşlığını məhdudlaşdırmaq məqsədi də daşıya bilər.
ABŞ-ın Ermənistana təhlükəsizlik sahəsində yardımı və hərbi dəstək verməsi regionda silahlanma yarışını gücləndirəcək. Bu yardımlar hərbi modernləşmə və təhlükəsizlik sahəsində yeni balans yaratmağa yönəlsə belə bu, qonşu ölkələri öz təhlükəsizlik tədbirlərini gücləndirməyə sövq edəcək, nəticədə regionda hərbi qarşıdurma riski artacaq. Bu isə özlüyündə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın zəifləməsinə səbəb olacaq. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının və regional əməkdaşlıq təşəbbüsləri risk altına düşəcək.