Sülh danışıqlarının hazırkı intensiv mərhələsində Ermənistan ərazisindən Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması rəsmi İrəvanın sülh danışıqlarının irəliləməsində maraqlı olması barədə bəyanatları ilə ziddiyyət təşkil edir. Görünən odur ki, qarşı tərəf bu yolla regionda süni gərginlik dalğası yaratmağa, məsuliyyəti ölkəmizin üzərinə atmağa və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Ermənistanın son aylarda aqressiv silahlanması, Hindistan, İran və Fransadan yeni silahlar alması regionda sülh və təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Bu istiqamətdəki destruktiv fəaliyyətini pərdələmək istəyən rəsmi İrəvan Azərbaycanı guya “yeni hücumlar planlaşdıran”, “Ermənistan ərazilərini tutan” ölkə kimi təqdim etməyə çalışır. Xatırladaq ki, Ermənistan COP29 tədbirindən sonra ölkəmizin guya Ermənistana qarşı hərbi eskalasiyaya başlayacağı barədə cəmi iki ay əvvəl səsləndirdikləri absurd iddialar da bunun əyani göstəricisi idi.
Azərbaycanın müdafiə və hərbi təhlükəsizlik məsələlərini daim xüsusi diqqət mərkəzində saxlaması da məhz bu və digər geosiyasi çağırışlarla şərtlənir. Proseslərin gedişi göstərir ki, güc amili Ermənistanla danışıqlar prosesində beynəlxalq hüquqa və ədalətə əsaslanan nəticələrin əldə edilməsi baxımından hər zaman aktuallığını qoruyur. Rəsmi Bakı ölkəmizin Ermənistan üzərində diplomatik-siyasi və hərbi üstünlüyünün gücləndirilməsi, regionda sülh təşəbbüslərinə qarşı yönələn xarici təhdidlərin zərərsizləşdirilməsi istiqamətində davamlı addımlar həyata keçirir.
Regionda sülh və əməkdaşlıq təşəbbüslərinə, Zəngəzur dəhlizinin reallaşdırılmasına qarşı yönələn təhdidlərin zərərsizləşdirilməsi zərurəti də ordu quruculuğuna sfesifik yanaşma tələb edir. Son 3 ildə Türkiyə ilə yanaşı, İsrail, Pakistan, Gürcüstan, Özbəkistan və İtaliya ilə hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan ardıcıl addımlar, əməkdaşlığa dair imzalanan sənədlər və keçirilən birgə təlimlər bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Sentyabrın 10-11-də Gürcüstanın Batumi şəhərində keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü bu baxımdan mühüm əhəmiyyətə malikdir. Regionda sülh və sabitliyə, iqtisadi tərəqqiyə xidmət edən layihələri uğurla reallaşdıran hər üç ölkənin hərbi sahədə sıx əməkdaşlığı, təcrübə mübadiləsi obyektiv geosiyasi amillərlə şərtlənir. Üçtərəfli görüşdə müasir dövrün çağırışları, eləcə də regionumuzun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə birgə səylərin birləşdirilməsinin və bu istiqamətdə fəaliyyətlərin qarşılıqlı əlaqədə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Müdafiə nazirləri üçtərəfli və ikitərəfli birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Bölgədəki vəziyyətin doğurduğu aktual çağırışlar strateji tərəfdaşlar olan Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini zərurətə çevirir. Sabitliyə, sülhə və iqtisadi inteqrasiyaya xidmət edən qlobal layihələri birgə reallaşdıran hər üç ölkə postmünaqişə dövrünün sülhyaratma proseslərinə fəal töhfələr verirlər. Ölkələrimiz bölgənin əsas siyasi aktorları olaraq fəaliyyətlərini əlaqələndirir, regional və beynəlxalq məsələlərlə bağlı mövqelərini bölüşürlər.
Türkiyənin NATO-nun tamhüquqlu üzvü olması, Azərbaycan və Gürcüstanın isə hərbi-siyasi alyansla sıx əməkdaşlığı, həyata keçirdikləri birgə layihələr üçtərəfli hərbi əməkdaşlığa zəmin yaratmaqla yanaşı, qarşıda duran prioritetləri dəqiq müəyyən edir. Hər üç ölkənin strateji tərəfdaşlıq əlaqələri, eyni zamanda, diplomatik sferada maraqların uzlaşdırılmasına imkanlar açır.
Qardaş Türkiyənin qüdrətli orduya və müdafiə sənayesi potensialına malik olması Azərbaycan və Gürcüstanın bu ölkə ilə hərbi-texniki əməkdaşlığına, təcrübə mübadiləsinə təkan verir. Batumi görüşünün nəticəsi kimi imzalanmış üçtərəfli yekun sənəd üç ölkənin müdafiə nazirlərinin Bakıda keçirilən görüşü də qarşılıqlı təcrübə mübadiləsinə, əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açır.