AVROPANIN BƏZİ DÖVLƏTLƏRİ VƏ TƏŞKİLATLARI ANTİ-AZƏRBAYCAN RİTORİKASINI DAVAM ETDİRİR

Azərbaycanın ötən ilin sentyabrında keçirdiyi, dövlət suverenliyimizin bərpası və qanunsuz xunta rejiminin iflası ilə nəticələnən lokal antiterror tədbirlərindən sonra Fransa başqa olmaqla, Avropanın bəzi dövlətlərinin və siyasi institutlarının ölkəmizə qarşı apardıqları qərəzli kampaniya səngimək bilmir. ATƏT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) kimi təşkilatların ötən dövrdə reallıqdan uzaq bəyanat və qətnamələrlə rəsmi Bakının mövqeyinə təsir göstərməyə, regiondakı yeni geosiyasi reallıqları dəyişməyə xidmət edən uğursuz gedişləri bunun əyani təzahürüdür.

Təcavüzkar Ermənistanın hamisi qismində çıxış edən Qərb dairələrinin anti-Azərbaycan kampaniyasını hələ də davam etdirmələri, Qarabağ ermənilərinin guya “etnik təmizləməyə məruz qalması” mövzusunda əsassız və qərəzli iddialardan əl çəkməmələri bu qərəzli kampaniyanın tərkib hissəsidir. Həmin dairələr Azərbaycanın müstəqil xarici siyasət yürütməsindən, regionda artan nüfuzundan, Türkiyə ilə birgə real siyasi güc amilinə çevrilməsindən, Rusiya ilə mehriban qonşuluq münasibətlərindən bərk narahatdırlar.

Bu gün Qərbin bəzi aparıcı dövlətlərinin və siyasi təşkilatlarının ərazi bütövlüyü məsələsinə “ikili standartlar”dan yanaşmaları nəinki beynəlxalq hüquq normalarına ziddir, eləcə də separatizmə aşkar dəstəkdir. Bu gün Ukraynanı ciddi şəkildə dəstəkləyən, ona hər cür dəstəyi göstərən Qərb dövlətləri və siyasi institutları 30 il analoji situasiya ilə üzləşmiş Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və ərazisində separatçılığa son qoyması ilə nədənsə barışa bilmirlər. Postsovet məkanındakı oxşar münaqişələrə beynəlxalq hüquq prizmasından yanaşan Qərbin Azərbaycana münabətdə fərqli mövqe nümayiş etdirməsi normal məntiqdən uzaq və qərəzlidir.

Prezident İham Əliyev İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı bununla bağlı deyib: “Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sadəcə bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi”

Ölkəmizin üzləşdiyi ədalətsiz və haqsız münasibətə etiraz olaraq Azərbaycan nümayəndə heyətinin cari ilin yanvar ayında AŞ PA-dakı fəaliyyətini dondurmağa qərar verməsi rəsmi Bakının qətiyyətli diplomatiya yürütdüyünü bir daha təsdiqləyib. Azərbaycan üzv olduğu 23 il müddətində bu təşkilatın ikili standartlardan çıxış etməsini, təzavüzkar Ermənistanı əsassız şəkildə himayə etməsini, “siyasi məhbuslar”, “insan hüquqları” kimi mövzularda manipulyasiyaya yol verdiyini hər zaman tənqid edib.

Bir müddət əvvəl rəsmi Bakının AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslərin “arzuolunmaz şəxslər” siyahısına salınması barədə qərarı da tamamilə adekvatdır. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək həmin şəxslərin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyəcək. Ölkəmizə qarşı xüsusi qərəzi ilə seçilən AŞPA deputatı Frank Şvabe bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanır.

Bir sıra Avropa ölkələrində seçkilər, insan hüquqlarının təminatı, siyasi və hüquqi təsisatlarla bağlı ciddi problemlərin mövcudluğu zaman-zaman beynəlxalq mediada sərt tənqid olunub. Lakin ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi təşkilatlar, Human Rights Watch”, “Article 19”, “Amnesty International” kimi ifrat  qərəzli qurumlar sırf dini-etnik yaxınlıq amillərini əsas tutaraq Ermənistan və Azərbaycana münasibətdə aşkar ayrı-seçkilik münasibəti nümayiş etdiriblər.

Bu ayrı-seçkilik Ermənistan və Azərbaycanda insan hüquqları, demokratik dəyərlərin qorunması və seçki məsələlərinə münasibətdə daha qabarıq özünü göstərir. Qərbin məlum siyasi institutlarının Azərbaycandakı son seçkilərlər bağlı qərəzli bəyanatlar vermələri Azərbaycanafob meyillərin təzahürüdür.