COP29 QLOBAL “YAŞIL İQTİSADİYYAT”A KEÇİD PROSESİNİN SÜRƏTLƏNDİRİLMƏSİNƏ YENİ TÖHFƏLƏR VERƏCƏK

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycana yüksək beynəlxalq etimadın təzahürü olmaqla yanaşı, ölkənin beynəlxalq mövqelərinin güclənməsinə əlavə təkan verəcək. Eyni zamanda COP29 Azərbaycanda “yaşıl enerji” hasilatı, “yaşıl iqtisadiyyat”a keçid baxımından görülən işlərin dünyaya təqdimatında da mühüm bir platforma olacaq.

Tərəqqisini müasir tələblər səviyyəsində quran Azərbaycan “yaşıl iqtisadiyyat”a keçid prosesini də yüksək dinamizmlə davam etdirir. “Yaşıl iqtisadiyyat”a keçid ənənəvi iqtisadi modellərlə müqayisədə ətraf mühitin daha çox qorunmasına, resursların səmərəli istifadəsinə imkan verir. Bu transformativ keçid iqlim dəyişikliyi, resursların tükənməsi və ətraf mühitin deqradasiyası kimi aktual problemləri həll etməklə yanaşı, eyni zamanda iqtisadi artım və sosial rifahı gücləndirmək üçün vacibdir. Karbon emissiyalarının azaldılması, resurslardan istifadənin minimuma endirilməsi və sosial inklüzivliyin gücləndirilməsi kimi əsas prinsiplərlə müəyyən edilən  “yaşıl iqtisadiyyat” iqtisadi, ekoloji və sosial parametrləri özündə birləşdirir. O, eyni zamanda iqtisadi fəaliyyət növlərinin təkcə konkret ölkəyə yox, ümumən planetə və onun sakinlərinə müsbət töhfə verməsini təmin edir. Qlobal miqyasda belə iqtisadiyyata keçid Azərbaycanın beynəlxalq fəaliyyətinin əsas istiqamətlərindən biridir və COP29-da bu məsələ də xüsusi diqqət mərkəzində yer alacaq.

İqlim dəyişikliyi qlobal “yaşıl iqtisadiyyat”a keçidi şərtləndirən başlıca faktordur. İstixana qazlarının emissiyalarının və qlobal istiləşmənin təsirlərinin azaldılması zərurəti ölkələri daha təmiz enerji mənbələri və daha səmərəli texnologiyalar axtarmağa sövq edir. Bunun üçün qabaqcıl təcrübələrin mübadiləsi zəruri əhəmiyyət kəsb edir. COP29 çərçivəsində sözügedən istiqamətdə yeni təşəbbüslərin irəli sürülməsi, müvafiq qərarların qəbulu gözlənilir.

Aparılan təhlillər göstərir ki, ətraf mühitə dəyən ziyan və resurs çatışmazlığı ilə bağlı yaranan maliyyə riskləri ölkələrin iqtisadi fəaliyyətlərində öz strategiyalarını yenidən nəzərdən keçirməsini şərtləndirir. COP29 zamanı bu mövzu üzrə də müzakirələrin aparılması, konkret addımları özündə ehtiva edən fəaliyyət  istiqamətlərinin müəyyənləşdirilməsi istisna olunmur. Tədbir çərçivəsində bərpa olunan enerji və “yaşıl texnologiya”lara investisiyaların iqtisadi artıma təkan verməsi və inkişaf etməkdə olan sənayelərdə məşğulluq yaratması kimi məsələlər də xüsusi diqqət mərkəzinə gətiriləcək.

Azərbaycan nəzərə alır ki, “yaşıl iqtisadiyyat”a keçid heç də asan proses deyil.  Əsas maneələrdən biri maliyyə ilə bağlıdır. “Yaşıl texnologiya”lara keçid əhəmiyyətli ilkin investisiya tələb edir. Qeyd olunan fonda təsadüfi deyil ki, COP29-un əsas prioriteti iqlim maliyyəsidir. COP29-da iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bu, iqlim dəqiyşikliyi ilə mübarizədə maliyyə probleminin həllini nəzərdə tutan mühüm sənəddir.

“Yaşıl iqtisadiyyat”a keçid üçün digər əsas məsələ texnoloji innovasiyalara və infrastrukturun inkişafına duyulan  ehtiyacdır. Bir çox “yaşıl texnologiyalar” hələ də inkişaf mərhələsindədir və əlavə tədqiqat və təkmilləşdirmə tələb edir. Bərpa olunan enerji şəbəkələri və dayanıqlı nəqliyyat şəbəkələri kimi zəruri infrastrukturun yaradılması da mürəkkəb və bahalı bir işdir. Amma bu prosesə keçidin sürətləndirilməsi də iqlim böhranının önlənməsində zəruri şərtdir. COP29-da buna da xüsusi diqqət olunması, yeni yanaşmalar və innovativ həll yolları təklif edilməsi gözlənilir.

COP29 “yaşıl iqtisadiyyat”a uğurlu keçid üçün mühüm bir platforma olacaq. Bu müstəvidə tədbir çərçivəsində “yaşıl iqtisadiyyat”a keçidin sürətləndirilməsi məqsədilə yeni yollar və staregiyalar müəyyənləşməsi gözlənilən prosesdir. Azərbaycanın bu istiqamətdə təcrübəsinin təqdimatı üçün COP29  geniş imkanlar vəd edir. Ölkəmizdə sözügedən kontekstdə struktur dəyişikliklərinin dərinləşdirilməsinə, iqtisadiyyatın baza sahələrinin modernləşdirilməsinə və şaxələndirilməsinə, ərazilərin müasir tələblər çərçivəsində tarazlaşdırılmış sosial-iqtisadi inkişafına yönəlmiş kompleks tədbirlər həyata keçirilir. Bu qəbildən olan digər hallar Azərbaycanda “yaşıl iqtisadiyyat”a keçidi sürətləndirir, eyni zamanda bu xüsusda nümunəvi bir model ərsəyə gətirir.