Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması, regionda dayanıqlı sülhün əldə olunması istiqamətində aparılan danışıqlar həlledici mərhələyə daxil olsa da, qarşı tərəf müəyyən bəhanə və uğursuz manevrlərlə zaman qazanmağa, prosesi yubatmağa çalışır. Bundan əlavə, qarşı tərəfin özü üçün məqbul hesab etmədiyi, müzakirəsinə guya “hazır olmadığı” mühüm müddəaları sənəddən çıxarmağa çalışması ciddi suallar doğurmaqla yanaşı, imzalanacaq sülh sazişinin perspektivinə real təhdidlər yaradır.
Rəsmi Bakı dayanıqlı, etibarlı, iki ölkə arasında münaqişə səhifəsini tamamilə qapadacaq, etimad mühitinə və real əməkdaşlığa imkan yaradacaq sülh sazişinin imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Belə olan təqdirdə, region üçün müstəsna əhəmiyyətli məsələlərin sazişdə əks olunması, regional əməkdaşlığın dəqiq konfiqurasiyasının müəyyən edilməsi son dərəcə vacibdir. Qarşı tərəfin təkcə Azərbaycan üçün deyil, ümumən region üçün mühüm əhəmiyyət kəsb edən mövzuları kənara qoymağa çalışması, faktiki olaraq üzərinə götürdüyü bir sıra öhdəliklərin icrasını yubatmaq istəyindən xəbər verir. Rəsmi İrəvanın Azərbaycanın sazişlə bağlı hələ bu ilin iyun ayında təqdim etdiyi şərhləri 70 gündən sonra – avqust ayının sonunda cavablandırması da deyilənlərə əyani sübutdur.
İki ölkə arasında müəyyən problemli məsələlərin zamanında həllini tapmaması gələcəkdə regionda yeni gərginlik dalğasının yaranması ilə nəticələnə bilər. Ölkəmizə qarşı ərazi iddialarına yol açan bəzi müddəaların Ermənistan Konstitusiyasından çıxarılması, ATƏT-in Minsk qrupu və onunla bağlı qondarma qurumların ləğvi, eləcə də Zəngəzur Dəhlizinin açılması rəsmi Bakının prinsipial və haqlı tələbləri olaraq qalır. Qarşı tərəf xüsusən də Zəngəzur Dəhlizi və kommunikasiyaların açılması məsələsində konstruktiv mövqedən çıxış etmir, 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli Bəyanatın 9-cu bəndini kobud surətdə pozur. Açıq şəkildə bəyan etməsə də, rəsmi İrəvan Zəngəzur Dəhlizinin təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin olunmasına qarşı çıxır. Eyni zamanda, Ermənistan və Azərbaycan ərazisində həmin dəhlizin təhlükəsizliyinin Avropanın hansısa özəl şirkəti tərəfindən təmin ediləcəyi ilə bağlı əsassız fikirləri dövriyyəyə buraxır.
Mövzu ilə bağlı açıqlama verən Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib: “Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Aşkar görünür ki, Ermənistan hazırda İran və Fransanın təsiri altında Zəngəzur Dəhlizi ilə bağlı müzakirələrin dayandırılmasında, yeni geosiyasi qarşıdurma mövzusuna çevrilməsində maraqlıdır. Rəsmi İrəvan bununla faktiki olaraq təkcə Rusiya, Türkiyə və Azərbaycanın deyil, Orta Asiya, hətta Uzaq Şərq ölkələrinin də maraqlarına qarşı çıxır. Təsadüfi deyil ki, region ölkələri Cənubi Qafqazda etimad quruculuğu prosesinin məhz İrəvanın əsassız bəhanələri üzündən yubandığına açıq işarə edir, rəsmi İrəvanı regional əməkdaşlıq təşəbbüslərinə qoşulmağa çağırırlar.
Məsələ bundadır ki, uzun illər ərzində perspektivə hesablanan “planlarını” işğalçılıq marağı üzərində kökləyən Ermənistan son 30 ildə regionda reallaşdırılan qlobal layihələrdə iştirak imkanlarınan məhrum olub, strateji əhəmiyyətli müəssisələrini, dəmir yollarını Rusiya və digər ölkələrə satmağa məcbur qalıb. Azərbaycanla münaqişə vəziyyəti yaratması Ermənistanı özünütəcrid durumuna salıb, mühüm iqtisadi dividendlərdən kənarda qoyub.
Ermənistanın kənar xarici təsirlər altında Zəngəzur Dəhlizinin açılması məsələsini uzatması, qeyri-müəyyən təkliflər irəli sürməsi bu ölkənin sülhün tez bir zamanda əldə olunmasında maraqlı olmadığını göstərir. Rəsmi İrəvan bununla ümumən regional əməkdaşlığa, eyni zamanda, Türkiyə ilə münasibətlərinin normallaşdırılması prosesinə zərbə vurur. Hazırda Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı qalması Ermənistanın xarici ticarət və ixrac imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Bundan əlavə, əmtəə dövriyyəsində xüsusi paya malik Rusiya ilə münasibətlərinin gərginləşləşməsi Ermənistan iqtisadiyyatı üçün ciddi təhdidlər yaratmaqla yanaşı, onun forpost statusunu möhkəmləndirir.
Ermənistan rəhbərliyi yaxşı bilir ki, Türkiyə dünyanın əsas sənaye, turizm və ticarət mərkəzlərindən biridir. Eyni zamanda, onun strateji müttəfiqi olan Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya əhəmiyyətli enerji və nəqliyyat layihələrini reallaşdırır, “Orta Dəhliz”in ötürücülük imkanlarını genişləndirir. Hər iki ölkə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistanın gələcək inkişafı, forpost durumundan, iqtisadi çətinliklərdən xilas olması deməkdir.
Yeni geosiyasi reallıqlar fonunda Ermənistanın əvvəlki səhvləri davam etdirərək əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən imtina etməsi bu ölkənin daha böyük itkilərə məruz qalması ilə nəticələnə bilər. Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistanın gələcək inkişafı, forpost durumundan, iqtisadi çətinliklərdən xilas olması deməkdir.