ERMƏNİSTANIN KTMT ADINDAN MANİPULYASİYA ETMƏK İMKANI YOXDUR

Ermənistanın Baş naziri Nikol Paşinyan “Biz KTMT-nin bütün orqanlarında fəaliyyətimizi dondurmuşuq və indiki mərhələdə bunu kifayət hesab edirik” bəyanatı indiyə qədər Moskva ilə İrəvan arasında konsensusun əldə edilmədiyini göstərir. Bir müddət əvvəl Nikol Paşinyanın Fransaya səfəri, orada prezident Emmanuel Makronla apardığı danışıqlar, bir gün sonra isə Fransanın müdafiə nazirinin İrəvana səfəri zamanı silah sövdələşmələrinin həyata keçirilməsi göstərdi ki, Nikol Paşinyan ölkəsinin Rusiyanın hərbi nəzarətindən çıxarılması üçün düyməyə basıb və bu siyasət qüvvədədir.

Rusiya Xarici İşlər Nazirliyi KTMT-nin İrəvan qarşısında mandat və öhdəliklərini yerinə yetirməməsi ilə bağlı Ermənistan hakimiyyətinin ittihamlarını qəbul etmədiyini rəsmi şəkildə bəyan edib. Bununla belə Moskva hələ də Paşinyanın bəyanatlarının arxasında nəyin nəzərdə tutulmasına dair ikitərəfli kanallar vasitəsilə hərtərəfli aydınlıq gətirilməsini gözləyir. Amma fakt odur ki, Nikol Paşinyan Rusiyanın damarına basmaqdan çəkinmir və bu proses əslində onun hakimiyyətə gəlişindən bəri müşahidə edilən anti-Rusiya təbliğatının aparıcı xətti kimi qalır.

Paşinyan bu cür addımlarını KTMT-nin ikinci Qarabağ müharibəsində Ermənistanı dəstəkləməməsi kimi absurd iddialarla əsaslandırmağa çalışır və bildirir ki, Rusiya bu müharibədə guya Ermənistanı tək qoyub. Paşinyanın fikrincə, Rusiyanın Ermənistandakı 5 minlik hərbi kontingenti bu müharibədə onun tərəfində döyüşməli idi. Moskva bunun mümkün olmadığını dəfələrlə Ermənistan hakimiyyətinə izah etməyə çalışdı, lakin bu vəziyyət İrəvan üçün göydəndüşmə oldu. Bunun nəticəsidir ki, Nikol Paşinyan son bəyanatında KTMT ilə bağlı “İndi fərqli qərar verməyə ehtiyac görmürük” ifadəsini işlətdi.

Nikol Paşinyan son illərdə KTMT-yə münasibətdə bir sıra bəyanatlar verib. Hələ 2022-ci ildə KTMT-nin Ermənistanda keçirilən zirvə görüşü bir daha sübut etdi ki, təşkilata üzv ölkələr Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması prosesində İrəvandan daha çox rəsmi Bakının maraqlarının təmin olunmasına çalışırdı. Bu, heç də Azərbaycan qarşısında götürülmüş hər hansı öhdəlik deyildi, bu, daha çox məsələyə obyektiv və ədalətli münasibət idi ki, təşkilata üzv ölkələr bu mövqeyi indiyə qədər də dəfələrlə açıqlayıb. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko vaxtilə bəyan etmişdi ki, münasibətlərin normallaşması və sülh quruculuğu prosesində Paşinyan Əliyevlə dil tapmalı və məsələyə son nöqtəni qoymalıdır.

Təşkilata üzv ölkələrin liderləri müxtəlif vaxtlarda Ermənistanın KTMT-nin adından istifadə edərək manipulyasiya etmək, yaxud da üzv ölkələrdən ibarət himayəçilər qrupu formalaşdırmaq məqsədinin yolverilməz olduğunu bildiriblər. Ona görə ki, bu, üzv ölkələrin suveren hüquqlarının başqa bir ölkənin ədalətsiz maraqlarına qurban verilməsinə səbəb ola bilərdi ki, bütün hallarda həmin ölkələr bu addımı atmaz. Digər tərəfdən Ermənistanın KTMT-dən tələbləri bir çox hallarda üzv ölkələrin milli maraqlarına toxunur ki, onların da heç biri Azərbaycanla münasibətlərə xələl gətirmək istəmir.

Nəzərə almaq lazımdır ki, KTMT-də təmsil olunan ölkələr arasında Mərkəzi Asiyanın türk respublikaları da var və onlar Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda yüksək səviyyəli əlaqələr qurublar. Rusiya və Belarusla da strateji tərəfdaşlıq əlaqələri yürüdən Azərbaycan heç bir halda öz tərəfdaşlarının maraqlarını təhlükə altına salmır, əksinə beynəlxalq müstəvidə bu etimadın möhkəmləndirilməsi üçün tədbirlər görür. Amma artıq o da müşahidə edilməyə başlayıb ki, KTMT tədricən öz effektini itirir, təşkilat daxilində yaranan fikir ayrılıqları üzv ölkələrin bu birliyə etimadını azaldır. Artıq KTMT-yə üzv ölkələr Kremlin patronajlığı altında birləşmək istəmir, dəyişən dünya düzənində onlar öz həyatlarına tam müstəqil ölkələr kimi davam etməyə çalışır.