Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirilən mülki monitorinq missiyasının fəaliyyəti bu gün regionda sülh prosesinə ciddi əngəl olmaqla yanaşı, həm də Cənubi Qafqazda gərgin atmosferin hökm sürməsinə, münaqişəli vəziyyətin formalaşmasına xidmət edir. Hələ də “binokl diplomatiyası” ilə məşğul olan bu missiya təkcə Ermənistanda yox, hətta Avropada ölkəmizə qarşı əsassız iddialar formalaşdırır, Azərbaycanofobiyanın genişləndirilməsi üçün bir vasitə kimi istifadə olunur.Təbii ki, bu hal da öz növbəsində Azərbaycan və Ermənistan arasında etimad quruculuğuna xələl gətirir. Özü də bütün bunlar iki ölkə arasında sülhə ümidlərin artdığı bir vaxtda baş verir.
Bununla yanaşı, Avropa İttifaqının monitorinq missiyasının fəaliyyətinin Rusiyada, İranda narazılıqla qarşılanması da birmənalı həqiqətdir. Xüsusən də qonşu Rusiya açıq mətnlə bu missiyanın əsas fəaliyyət istiqamətlərinin tamam fərqli sferaları əhatə etdiyini dəfələrlə bəyan edib. Azərbaycan və digər qonşu ölkələrin narahatlığı heç də əbəs deyil. Görünən odur ki, barəsində bəhs edilən missiya şübhəli məqsədlər üçün yarımhərbi əməliyyat fəaliyyəti həyata keçirir və müəyyən Qərb ölkələrinin əlində regionda təsir aləti kimi istifadə olunur. Missiyanın fəaliyyəti ilə bağlı Ermənistanla Avropa İttifaqı arasında yeni razılaşmalar vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz bu razılıqlarla missiyaya Ermənistan ərazisində ən əlverişli fəaliyyət rejimi və hərəkət azadlığı verilib. Missiyanın ixtiyarında olan vasitələr kəşfiyyat məlumatlarının toplanması, ötürülmüəsi üçün də çoxsaylı imkanlar vəd edir. Özü də onun hazırladığı hesabatlar məxfidir, fəaliyyətinə isə heç Ermənistan da nəzarət etmir. Ümumiyyətlə, yayılan məlumatlar, aparılan təhlillərin nəticələri göstərir ki, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası daha çox hərbi-kəşfiyyat xarakterli fəaliyyətlə məşğuldur. Bu da onun regionda sülh prosesi ilə yox, münaqişələr yaratmaq fəaliyyəti ilə məşğul olduğunu göstərir.
Destruktiv bir fəaliyyət həyata keçirən missiyanın fəaliyyətinə son qoyulmasını Azərbaycan tamamilə haqlı bir tələb kimi gündəmə gətirir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu kontektdə vurğulayır ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfindən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. O qeyd edib ki, prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatı bunu deməyə əsas verir: “Artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”.
Hələlik isə Avropa İttifaqının sərhəd missiyasının fəaliyyətinin davam etdirməsi ikitərəfli əsasda sülh və etimaq quruculuğu prosesinə xələl gətirir. Sözügedən missiyanın fəaliyyəti ümumi sülh prosesinə ciddi əngəldir və ilk növbədə bu səbəbdən onun fəaliyyətinə son qoyulmasının vaxtıdır. Bu fəaliyyətə son qoyulması təkcə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini tezləşdirməyə xidmət etmir, həm də Cənubi Qafqaz regionunun geosiyasi toqquşma məkanına çevrilməsinə zəmin yaradan mühüm səbəblərdən birini aradan qaldırmış olur. Bütün bunlardan ən çox yararlanacaq tərəflərdən biri isə Ermənistan özü olacaq. Əks halda bu ölkənin geosiyasi ziddiyyətlər burulğanında məhvə sürüklənməsi qaçılmaz hal hesab edilir. Hər halda bu xüsusda Ermənistana bir neçə dəfə açıq və gizli xəbərdarlıqlar ünvanlaması məlumdur. Bundan nəticə çıxarmaq, sülh və əməkdaşlıq şəraitində yaşamaq üçün müvafiq addımların atılması Ermənistanın özündən asılıdır.
Azərbaycan belə hesab edir ki, uzunmüddətli regional təhlükəsizliyin, sabitliyin və sosial-iqtisadi inkişafın təmin edilməsi kimi məqsədlərə nail olunması üçün Cənubi Qafqazın hərbiləşdirilməsi və burada maraqlı qüvvələrin hərbi-siyasi təsirinin genişləndirilməsinə imkan verilməməlidir. Regionun rifahının, sabitliyinin əsas açarı inklüziv dialoq, bölgə ölkələrinin öz aralarında vasitəçilərsiz münasibətlər qurmasıdır. Bu, problemlərə kollektiv cavab verilməsini, regiondankənar qüvvələrin mənfi çalarlı geosiyasi məqsədlərinin qarşısının alınmasının ən səmərli yoludur.