COP29 XƏZƏR DƏNİZİNDƏ YAŞANAN EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ ÜÇÜN ƏSAS PLATFORMA OLACAQ

Xəzər dənizinin səviyyəsində qeydə alınan və getdikcə özünü daha qabarıq şəkildə büruzə verən dəyişikliklər təkcə sahilyanı ölkələr yox, Avrasiya miqyasında ciddi narahatlıqla qarşılanır. Çünki iqlim dəyişmələri fonunda qabarıq şəkildə müşahidə edilən bu hal təkcə ekoloji yox, həm də çoxsaylı iqtisadi, o cümlədən nəqliyyat-logistika problemləri vəd edir. Ancaq təbii ki, dənizdə su səviyyəsinin azalmasının ekoloji fəsadları indi daha çox müzakirə və narahatlıq predmetidir.

Hazırda ən mühüm vəzifə dənizi, onun flora və faunasını qorumaqdır. Bu mənada Azərbaycan artıq uzun illərdir bəyan edir ki, Xəzərin xilasına yönəlmiş konkret həll yolları hazırlamaq və təcili şəkildə bunu icraya yönləndirmək lazımdır. Əks halda planetimizin ən böyük qapalı su hövzəsi hesab edilən Xəzərin Mərkəzi Asiyanın Aral gölünün aqibəti ilə üzləşmə ehtimalı olduqca yüksəkdir. Qeyd edilən kontekstdə Azərbaycanın Xəzərlə bağlı yaranan problemləri mütəmadi diqqət mərkəzinə gətirməsi, onların həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə  müvafiq fəaliyyətin həyata keçirilməsinə çalışması təsadüfi xarakter daşımır.

Sözügedən məsələyə Prezident İlham Əliyev bir neçə gün əvvəl Rusiyadan olan  həmkarı Vladimir Putinlə mətbuata birgə bəyanatla çıxış edərkən bir daha toxunub. Dövlət başçısı bildirib ki, Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə həmkarı ilə fikir mübadiləsi aparıb: “Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük”.

Qeyd edilməlidir ki, Azərbaycana dövlət səfərindən sonra Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması üçün elmi təhlillərin aparılmasına dair göstəriş verib.  Hələlik görünən odur ki, iqlim dəyişikliyi və antropogen təsirlər dənizdə suyun səviyyəsində dalğalanmalara səbəb olur. Bir çox proqnozlar görə isə dənizin su balansının dinamikası dəyişməsə, o zaman yaxın onillikdə Xəzərdə suyun səviyyəsində ən azı 1 metr azalma müşahidə edilə,  əsrin sonuna kimi isə dənizdə su səviyyəsinin enməsi daha yüksək rəqəmlərlə ifadə oluna bilər. Dənizdə yaşanan ekoloji problemlərdən bütün sahilyanı ölkələr təsirlənirlər.  Belə vəziyyətdə Azərbaycan hesab edir ki,  Xəzər dənizinin xilası uzunmüddətli beynəlxalq əməkdaşlığın prioritetinə çevrilməlidir. Bu məsələdə ölkəmizin ev sahibliyi edəcəyi COP29 konfransına da ümidlər böyükdür. Gözlənilir ki, COP29 Xəzər dənizinin su səviyyəsinin dəyişməsi problemlərinin həllində konkret təkliflərin irəli sürüldüyü, onların icra mexamizmlərinin göstərildiyi mühüm platforma olacaq. Başqa sözlə, COP29-un Xəzər dənizinin üzləşdiyi təhdidlərin aradan qaldırılmasında zəruri addımların atılacağı tədbir kimi də tarixə düşəcəyinə ümidlər böyükdür.

Sahil xətti beş dövlət tərəfindən paylaşılan Xəzər dənizinin unikal ekosistemini qorumaq çətin olsa da həlli mümkün məsələdir. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sahilyanı ölkələr dənizi qorumaq üçün koordinasiyalı səy göstərməlidirlər. Qeyd etmək lazımdır ki, hələ 2003-cü ilin noyabrında Tehranda beş sahilyanı dövlət – Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan Xəzər dənizinin qorunmasına yönəlmiş mühüm çərçivə konvensiyasını imzalayıblar. 2006-cı ilin avqustundan qüvvəyə minən sənəd təkcə Xəzərin mümkün çirklənmə mənbələrindən qorunmasını deyil, həm də dənizin mühafizəsini özündə ehtiva edir. Dənizdə dayazlaşma davam edərsə, bu, gələcəkdə ekoloji problemlərlə yanaşı, çox ciddi sosial-iqtisadi fəsadlara da gətirib çıxaracaq. Belə ki, dəniz üzərindən daşımalarda, limanların və digər infrastrukturun fəaliyyətinin pozulmasında yaranacaq problemlər milyonlarla insanın, həmçinin bütün Xəzəryanı ölkələrin sosial-iqtisadi həyatına mənfi rakursda təsir göstərəcək. Sözügedən məsələnin də COP29 çərçivəsində diqqət mərkəzində yer alması gözlənilir.