Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi ilk növbədə Vladimir Putinin ölkəmizə son dövlət səfərindən sonra yaranan reallıqla bağlıdır. Putin bildirib ki, o, bu səfərin nəticələrindən məmnundur. Ona görə ki, dövlətlərarası münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. Putinin Bakıya səfəri Rusiya-Azərbaycan əlaqələrinin əhəmiyyətini bir daha vurğulayıb və ölkələrimizin iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməyə çalışdığını nümayiş etdirib.
Telefon danışığı ilə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycanla Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər. Bu da ondan irəli gəlir ki, ölkələrimiz arasındakı yüksək siyasi əlaqələr iqtisadi müstəvidə əməkdaşlığın inkişafına geniş imkanlar yaradıb. Əmtəə dövriyyəsi artıb və artıq 4 milyard dollardan çoxdur. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya investisiyası isə 6 milyard dollar təşkil edir. Hökumətlərarası komissiya fəal işləyir, iqtisadiyyatın real sektorunda, kooperasiyada, infrastrukturda əməkdaşlığın bir çox maraqlı istiqamətləri var.
Rusiyanın Qərbin geniş sanksiyaları ilə üzləşməsindən sonra Avropada Azərbaycan qazına təlabat artıb, Avropa İttifaqı ilə razılaşmaya əsasən çoxlu miqdarda Azərbaycan qazının Avropa ölkələrinə nəql edilməsinə qərar verilib. Vladimir Putinin Azərbaycana səfəri isə ikitərəfli müstəvidə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi ehtimalını artırdı. Belə ki, Rusiya qazının Azərbaycana nəqli, əvəzində Avropaya nəql olunan Azərbaycan qazının həcminin artırılması indi əsas müzakirə mövzusudur.
Telefon söhbəti zamanı Cənubi Qafqazda vəziyyət də müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib. Bu da ondan qaynaqlanır ki, Rusiya Azərbaycan-Ermənistan sülh prosesində mövqeyini möhkəmləndirməyə çalışır. Moskva bu prosesin yalnız Qərbin monopoliyasına keçməsini istəmir. Kreml Ermənistan hakimiyyətinin anti-Rusiya siyasətindən narazıdır və İrəvan adminstrasiyasının bir çox bəhanələr gətirərək Qərbə üz tutmasını, NATO ölkələrini Ermənistana gətirməsini xoş qarşılamır. Prezident İlham Əliyevdən əvvəl Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi telefon danışığının məqsədi bir daha İrəvanın xam xəyallardan əl çəkməsinə dəlalət edirdi.
Putin xatırladır ki, Ermənistan, Rusiya və Azərbaycan başçıları arasında 2020-2022-ci illər arasında qəbul edilmiş üçtərəfli sazişləri şübhə altına almaq cəhdləri son dərəcə təhlükəlidir. Çünki Moskva Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaları etibarlı hesab edir və imzalanmış sazişlər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün bütün əsas yolları əhatə edir. Bura sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafı daxildir.
Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı da fikir mübadiləsi aparılıb. Çünki Rusiya Orta dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin açılmasına ciddi maraq göstərir. Lakin Ermənistanın qeyri-kostruktiv yanaşması ucbatından dəhliz hələ də fəaliyyətə başlamayıb. Bu isə Moskvanın regiondakı maraqlarını zəiflədir və gələcəkdə bu boşluğun başqa aktorla doldurulması təhlükəsi var. Rusiya bütün hallarda bunun baş verməməsinə çalışır.