ERMƏNİSTAN İDEOLOJİ DÜŞMƏN OBRAZINI DƏYİŞİR?

Bu dəfə hədəf köhnə müttəfiqdir. Ermənistan səkkizinci sinif dərsliyinə “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” adlı fəsil daxil etməklə növbəti dəfə Kremlin damarına basıb. Rusiya Xarici İşlər Nazirliyi bunu təxribat adlandırıb və “tarixi yenidən yazmaq” cəhdi kimi qiymətləndirib. Xarici siyasət idarəsi onu da bildirib ki, 1826-1828-ci illər Rusiya-İran müharibəsinin nəticələri təhrifə məruz qalıb və Türkmənçay sülhü Şərqi Ermənistanın “ilhaqı” kimi qeyd edilib.

Nəzərə almaq lazımdır ki, nə Türkmənçay, nə də ondan əvvəlki Gülüstan sülh müqavilələrində Ermənistan adı çəkilmir, ermənilərin hansısa haqq və hüquqlarından belə söhbət getmir. Lakin 1828-ci ildə imzalanan Türkmənçay sülh müqaviləsi Şərqi Anadoluda və İranda yaşayan ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına, xüsusən də Qarabağ və İrəvana köçürülməsinə geniş imkanlar açmışdı ki, indi bu, ermənilərin işinə yarayır. Həmin vaxt Azərbaycandakı demoqrafik vəziyyəti yenidən formalaşdırmaq, yerli əhalinin sayını ermənilərin xeyrinə dəyişmək siyasətinə Rusiya başçılıq edirdi. İndi aradan 200 ilə yaxın vaxt keçəndən sonra vaxtilə imperiyanın ermənilərin xeyrinə həyata keçirdiyi mənfur siyasət artıq Ermənistanda “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” kimi təqdim edilir.

Bu vəziyyəti yaradan təbii ki, son illərdə Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlikdir. Bütün sahələrdə Rusiyadan qopmaq siyasəti yürüdən rəsmi İrəvan ideoloji sahəyə də əl gəzdirmək qərarına gəlib. Bu baxımdan onun tarix dərsliklərində Rusiyanı ilhaqçı kimi təqdim etməsi dövlət sifarişidir və İrəvan adminstrasiyası yeni siyasi mərhələdə tarixi düşmən ideologiyasının mərkəzinə bu dəfə Rusiyanı qoyur. Bununla da o köhnə müttəfiqlik əlaqələrinin üstündən qalın xətt çəkir, tarix boyu Rusiyanın Ermənistan və erməni xalqı üçün etdiyi bütün yaxşılıqları rədd edir.

Bu proses həm də Ermənistan konstitusiyasına ediləcək dəyişikliklər fonunda baş verir. Bildiyimiz kimi, son aylarda Ermənistanda konstitusiyanın, hətta dövlət gerbinin və himnin də dəyişdirilməsi ilə bağlı təkliflər səslənir. Baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyan səviyyəsində səsləndirilən və dəstəklənən bu təkliflər Ermənistan ictimaiyyəti arasında geniş müzakirə olunur. Hakimiyyətin konstitusiya dəyişikliyi ilə bağlı formalaşdırdığı zərurət ondan xəbər verir ki, erməni cəmiyyəti bundan sonra gedəcəyi yolu müəyyənləşdirməyə çalışır. Artıq 44 günlük müharibəyə qədər aşıb-daşan milli hisslər, dünya erməniliyinin meydan oxuyan çağırışlarının hamısı arxa plana keçib. Hətta ermənilər üçün Ermənistanın tarixi vətən olmaq prinsipi təhlükə altına düşüb. Bu problemləri aradan qaldırmağın yeganə yolu isə Azərbaycanın təkliflərinə uyğun olaraq Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməsidir. Çünki konstitusiyanın preambula hissəsində “Miatsum”dan bəhs olunur ki, bu mənfur ideologiya Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tuturdu.

Artıq Ermənistanda da anlayırlar ki, uzun illər erməni xalqını saxta ideologiyalarla ayaqda tutmağa çalışan bu tələblər işə yaramır. Ümumiyyətlə, “Böyük Ermənistan”, “Miatsum”, “Nemezis” planları, həmçinin ASALA-nın həyata keçirdiyi terror aktları fonunda erməni gəncliyi radikal, faşist düşüncələrə yoluxub və bu ideyalar vaxtaşırı Azərbaycana qarşı həyata keçirilən qəddar planların tərkib hissəsinə çevrilib. İndiki reallıqda isə bu qorxunc ideyaların revanşistlərin əlində alətə çevrilmək ehtimalı getdikcə güclənir və onlar gələcəkdə hakimiyyətə qarşı yönələ bilər. Bundan əlavə, Ermənistan gerbinin və bayrağının konstitusiyada verilən təsvirindən belə aydın olur ki, Ermənistan hələ də öz qonşularına ərazi iddiaları irəli sürür. Odur ki, Ağrı dağının Ermənistan gerbində əks olunması Türkiyə ilə əlaqələrin normallaşdırılması prosesində əsas maneəyə çevrilə bilər.

Məhz bu gərgin ideoloji reformalar prosesi Ermənistanda anti-rus təbliğatını daha da gücləndirəcək. Rusiya ilə bağlı bütün ideoloji, mədəni və humanitar istiqamətlərin də tədricən aradan qalxmasına gətirib çıxaracaq. Çox güman ki, Ermənistan heç vaxt açıq qalan suallara münasibət bildirməyəcək. O öz işindədir, Rusiyanın cavab gözlədiyi məsələlərdə o heç vaxt təmkinin pozmur, Ermənistan Rusiya ilə ikitərəfli əlaqələrdə yalnız öz maraqlarını güdür. Tarix boyu hər addımda rəsmi Kremlin mərhəmətindən geninə-boluna faydalanan, lakin məsələ onun nəsə etməsinə gələndə ortaya milli maraqların qorunması adı altında müxtəlif bəhanələr atan Ermənistanın fəndgirliyi sayəsində artıq tarixi müttəfiqlik parlaq təsir bağışlamır.